09.06.2017

Tullantıdan incəsənətə-növbəti "Ekoloji aylıq"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində iyun ayı “Tullantıdan incəsənətə” mövzusuna həsr olunub.

Verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir.

Bakı şəhərinin 12 inzibati rayonu üzrə pedaqoji kollektiv və məktəblilər tərəfindən “Tullantıdan incəsənətə” mövzusu üzrə müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyalar keçirilir, müxtəlif araşdırmalar aparılır. Belə ki, şagirdlər müxtəlif lazımsız plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək zövq oxşayan əsərlər yaradırlar.

Bundan başqa, aylıq çərçivəsində məktəblərin həyətyanı sahələri təmizlənir, ağacların dibi bellənir, gül-çiçək əkilir, abadlıq işləri görülür.

Qeyd edək ki, iyun ayının sonunda mövzuya uyğun olaraq “Ayın ən təmiz məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.

Qalib məktəb orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyət zənginliyi, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyən olunacaq.