12.06.2017

Məktəblərdə İslam həmrəyliyi mövzusu

Paytaxt məktəblərində “İslam Həmrəyliyi İli” çərçivəsində silsilə tədbirlər keçirilib.   

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfrans, “Dəyirmi masa”, mühazirə, şagirdlər arasında şeir, inşa yazı və rəsm müsabiqələri, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

Tədbirlərdə şagird, müəllim və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri milli-mənəvi və ümümbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlara ölkəmizin tolerant və İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu aşılamaqdan ibarətdir.

Məktəblərdə İslam həmrəyliyi mövzusuna dair keçirilən şeir, inşa yazı və rəsm müsabiqərində qalib gələn şagirdlər diplomla təltif olunublar.

"İslam həmrəyliyi elm və təhsildə", “İslam dəyərləri və sivilizasiyalar”, “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” və digər mövzularda təşkil edilən tədbirlərdə Azərbaycanın İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğu, ölkəmizin müsəlman dövlətlərini birləşdirən mötəbər qurumların üzvü olduğu qeyd edilib. Həmçinin, 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının, IV İslam Həmrəyliyi Oyunlarının respublikamızda keçirilməsinin İslam həmrəylinin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.

“İslam Həmrəyliyi İli” ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində paytaxtın ümumi təhsil məktəblərində təşkil edilən səyyar mühazirələr də maraqla qarşılanıb. Səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planı çərçivəsində keçirilib. Mühazirələrin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, “Fitnə” sənədli filmi nümayiş olunub.

 “İslam Həmrəyliyi İli” çərçivəsində tədbirlərin 2017-2018-ci tədris ilində davam etdirilməsi nəzərdə tutulub.