12.06.2017

Bakı məktəblərindən yeni addım

Paytaxt məktəblərində “Azərbaycanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bu mövzuda “Dəyirmi masa”, “Açıq dərs”, şagirdlərin əl işlərindən ibarət sərgi və ekskursiyalar təşkil edilib.

“Azərbaycanı tanıyaq və tanıdaq” layihəsi Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların tərkib hissəsi kimi təşkil olunub.

“Azərbaycanı tanıyaq və tanıdaq” layihəsi bütövlükdə məktəb kollektivlərini əhatə edib.

Layihənin həyata keçirilməsində əsas məqsəd məktəbliləri Azərbaycanın keçmiş və müasir dövrünə dair daha ətraflı məlumatlandırmaq, onların dünyagörüşünü, elmi biliklərini artırmaqdan ibarətdir.

Layihə çərçivəsində şagirdlərin respublikanın bölgələrinə, həmçinin Bakı şəhəri ərazisində yerləşən tarixi yerlərə ekskursiyaları təşkil olunub.

Tədbirlər zamanı məktəblilərə Azərbaycanın tarixi, qədim dövlətçilik ənənələri, həmçinin, siyasi, iqtisadi, sosial, mədəni, idman və ordu quruculuğu sahələrində baş verən əsaslı irəliləyişlər barədə ətraflı məlumat verilib. 

“Azərbaycanı tanıyaq və tanıdaq” mövzusunda təşkil olunan sərgilərdə fərqlənən şagirdlər diplom və mükafatla təltif ediliblər.

Layihənin əhatə dairəsinin 2017-2018-ci tədris ilində daha da genişləndirilməsi nəzərdə tutulub.