12.06.2017

“Rənglər aləmində” rəsm sərgisi

Paytaxtda “Rənglər aləmində” adlı rəsm sərgisi keçirilib.

Sərgi Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 21 nömrəli  Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında reallaşıb.

Sərgidə BŞTİ-nin müdir müavini Nərgiz Səfərova, idarənin sektor müdiri Afiq Əzizov, Nərimanov Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, YAP Nərimanov Rayon Təşkilatının nümayəndələri və məktəblilər iştirak ediblər.

Sərginin keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtını səmərəli təşkil etmək, təsviri incəsənət sahəsində istedadını aşkarlamaq, onlarda  vətənə  məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini tərbiyə etmək, bədii-estetik zövqü, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.

Sərgidə nümayiş etdirilən müxtəlif mövzulu rəsmlərin işlənmə texnikası sərbəst olub. Məktəblilər akvarel, yağlı boya, quaş və digər vasitələrlə yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər.

Tədbir iştirakçıları sərgi ilə tanış olub, şagirdlərə nailiyyətlər arzulayıblar. 

Sonda məktəblilər Fəxri fərman və diplomla təltif olunublar.