19.06.2017

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin zona mərhələsi keçirilib. Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi,Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunub.

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin illik maarifləndirmə proqramı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi üzrə ekoloji maarifləndirmə ilə əlaqədar həyata keçirilir.

Müsabiqənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinə dair maarifləndirilməsindən ibarətdir.

Müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə ümumtəhsil məktəblərindən bu il 2000-ə qədər I - XI sinif şagirdi fərdi, kollektiv, sinif və ya ailəvi iştirak edib.

Zona müsabiqələri Gəncə-Qazax, Aran, Lənkəran-Astara, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala və Bakı zonası üzrə keçirilib. Münsiflər heyətinin qərarı ilə 276  məktəbli Respublika mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin üstün cəhəti ondan ibarətdir ki, keçən ilə nisbətən bu il daha çox məktəbli böyük maraq və həvəslə kənd təssərrüfatı təcrübəçiliyi ilə məşğul olub. Ölkənin müxtəlif regionlarında orta məktəb müəllimlərinin, valideynlərin iştirakı və mütəxəssislərin tövsiyələri üzrə məktəblilərin praktik fəaliyyəti elmi əsaslarla təşkil olunub. Zona mərhələsinin iştirakçıları il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, təcrübə işlərinin nəticələrini, müşahidə gündəliklərini, təcrübə işinin bütün mərhələlərinin foto-şəkillərini münsiflər heyətinə təqdim ediblər.

Azərbaycanda iki il ərzində keçirilən layihə çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində yaradılmış “Məktəb toxum bankı”na yerli məhsulların toxumları və tingləri təhvil verilib.

Bakı-Abşeron zonası üzrə regional mərhələnin yekunu Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında keçirilib. Münsiflər heyətinə Kənd Təsərrüfatı Nazirliyinin, AMEA Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, WWF - Ümumdünya Təbiəti Mühafizə Fondunun, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri daxil edilib.