29.06.2017

Məktəbdaxili qiymətləndirmə mövzusunda seminar

İyunun 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində “Formativ və Summativ Qiymətləndirmə” mövzusunda seminar işə başlayıb.

Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, İngiltərə və Finlandiyadan olan təhsil ekspertləri Koivula Priyo, Mark Frazer, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak ediblər.

İkigünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdən ibarətdir. 

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxışı zamanı qonaqları salamlayıb, beynəlxalq əməkdaşlıq  çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin, seminarların təşkilinin əhəmiyyətindən bəhs edib. M.Vəliyeva təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacib olduğunu da vurğulayıb.

İdarə müdiri onu da bildirib ki, şagird-valideyn-məktəb müstəvisində münasibətlərin səviyyəsi ümumi fəaliyyətin keyfiyyətinə müsbət təsir edən vacib amillərdəndir. Müəllimlərlə məktəbdaxili qiymətləndirmə ilə bağlı aparılan anket sorğuların nəticəsində müəyyənləşdirilib ki, formativ və summativ qiymətləndirmə istiqamətində müəyyən işlər həyata keçirilsə də, mövzunun davamlı müzakirəsinə ehtiyac var.

Seminarda çıxış edən Təhsil İnstitutunun direktoru Emin Əmrullayev formativ, summativ və yekun qiymətləndirmənin tətbiqi, eləcə də bu istiqamətdəki yeni yanaşmalarla bağlı məlumat verib.

Seminar zamanı qonaqlar məktəbdaxili qiymətləndirməyə dair təqdimatla çıxış edib, BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığı da qeyd olunub.

Seminarda iştirakçılar qiymətləndirmə sahəsi üzrə rubriklərin hazırlanması, “Item Response Theory” və “Rasch” modelləri barədə ətraflı məlumat əldə edib, eləcə də sözügedən sahə üzrə beynəlxalq təcrübə ətrafında müzakirələr aparıblar.

Həmçinin, seminar zamanı müəllimlər ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının müvafiq standartlara uyğun qiymətləndirilməsi barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.

Seminar iyunun 30-da öz işini başa çatdıracaq.


Açar sözlər: ,  ,  ,