23.06.2017

VII yaradıcılıq festivalı keçirilib

“Azərbaycan Səninlədir-Sənsiz deyil” adlı VII yaradıcılıq festivalı keçirilib.

Festival ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və “İslam Həmrəyliyi İli” münasibəti ilə təşkil edilib.

Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Festival Binəqədi rayonu  ərazisində  yerləşən  ümumi təhsil məktəblərinin şagirdləri ilə 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin dərnək üzvləri  arasında bədii qiraət, müəllif şeiri, milli rəqs və musiqi üzrə keçirilib. 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Kamaləddin Qafarov,  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, İslam ölkələrinin Azərbaycandakı səfirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, ASAN könüllüləri və başqaları iştirak edib.

Öncə 26 nömrəli  Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin xalq çalğı alətləri  ansamblının ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və festival “Qarabağ” şikəstəsi ilə açıq elan olunub.

Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqsləri, kompozisiyalar  tədbir  iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov festivalla bağlı fikirlərini bildirib, ölkədə milli-mənəvi dəyərlərin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirilməsindən danışıb.

Tədbirdə çıxış edən  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri  Məhəbbət  Vəliyeva  müsabiqə iştirakçılarını təbrik edib, onların valideynlərinə və müəllimlərə təşəkkürünü bildirib.  Ümummilli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin istedadlı, yaradıcı gənclərə olan diqqət və qayğısından söhbət açıb, “İslam Həmrəyliyi İli” çərçivəsində belə festivalın keçirilməsinin əhəmiyyətinə toxunub.

Çıxış edən digər natiqlər də “Azərbaycan Səninlədir-Sənsiz deyil” adlı VII yaradıcılıq festivalının məktəblilərin gələcək həyatında mühüm rol oynayacağını diqqətə çatdırıblar.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunması, ümummilli liderin azərbaycançılıq məfkurəsinin yeniyetmələr və gənclər arasında geniş təbliğ edilməsi, yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün şəraitin yaradılmasından ibarətdir.