05.07.2017

Bakı məktəbliləri Fransada 

Bakı məktəbliləri Fransanın Paris şəhərində keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) forumunda ölkəmizi təmsil edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 250 nömrəli tam orta məktəbin XI sinif şagirdi Murad Sücəddinov və Kimya-biologiya təmayüllü Respublika liseyinin yetirməsi Aydan Xələfli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin müşaviri Nigar Ağayeva ilə birlikdə həmin tədbirə qatılıb.

Forum Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) tərəfindən təşkil olunub.

Tədbirin məqsədi ENOC-a üzv seçilmiş 11 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi “Hörmət, məlumat və fikrə aparan yol – Gənclərin identikliyinin və münasibətlərinin araşdırılması və onların səlahiyyətləndirilməsi” adlı layihənin icrası ilə bağlı görülən işlərin təqdimatı, təcrübə mübadiləsi və uşaqların mövzu üzrə təkliflərinin onların iştirakı ilə müzakirəsindən ibarətdir.

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvü olan Bakı məktəbliləri tədbirdə təqdimatla çıxış edərək layihə çərçivəsində ölkədə həyata keçirilən işlər barədə danışıb. Həmçinin, uşaq və gənclərin identikliyi, kimliyi, şəxsiyyətinə, şəxsi həyatına hörmət, onların ətrafdakılarla sağlam münasibətlərinin olması, fikirlərinin nəzərə alınması, valideynlərin, təhsilverənlərin, həmyaşıdların və digər şəxslərin uşaqların formalaşmasında rolu, texnologiyanın bu münasibətlərə təsiri ilə bağlı Azərbaycan uşaqlarının fikir və təklifləri haqqında məlumat veriblər.

Hazırlanan təkliflər bu ilin sentyabrında ENOC-un 21-ci illik konfransında qəbul ediləcək bəyanatda nəzərə alınacaq.