18.07.2017

Paytaxt məktəblilərindən daha bir uğur 

Ali məktəblərə qəbul imtahanında III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərmiş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 278 nömrəli məktəbin məzunu Pərvin Əhmədova və 111 nömrəli məktəbin məzunu İlhamə Hüseynova seviclərini bölüşüblər.

Bütün test suallarına düzgün cavab verərək 700 bal toplamış məzunlar məktəb illərində olimpiada, müsabiqə və digər bilik yarışlarında da daim fərqləniblər.

Pərvin Əhmədova IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə bitirib, XI sinfi əla qiymətlərlə başa vurub.

İlhamə Hüseynova da IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə bitirib. XI sinfi fərqlənmə ilə başa vurduğuna görə qızıl medal almaq üçün namizədliyi irəli sürülüb.

Ümumilikdə, bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə, hələlik 12 abituriyent 700 bal toplayıb.

I və IV ixtisas qrupları üzrə imtahanda 7 nəfər maksimum nəticə göstərib. İmtahanda I ixtisas qrupu üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin məzunu Xalidə Əliyeva, 162 nomrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, akademik Zərifə Əliyeva adına liseyin məzunu  Elmir Əhmədov, Gəncə məktəblisi Abdulla Əsgərzadə, İsmayıllı rayonu Lahıc qəsəbə məktəbinin məzunu Vahab Cəbrayılov, IV ixtisas qrupu üzrə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyinin məzunu Nemət Yusifov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev ən yüksək nəticə göstəriblər. II və III ixtisas qrupları üzrə imtahanda isə 3 nəfər ən yüksək nəticəni göstərib. II ixtisas qrupu üzrə akademik Zərifə Əliyeva adına liseyin yetirməsi Səbinə İsmayılova, Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin məzunu Cavad Əliyev və Ağcabədi şəhəri 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə 700 bal toplayıblar.

Uğur qazanmış abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

 

 


Açar sözlər: ,  ,