28.07.2017

Tətildə məktəb

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi”ndə bir gün

 

2016-2017-ci tədris ili başa çatsa da, “Məktəblinin dostları” hələ də məktəblərdədir. Dekabr ayından fəaliyyət göstərən layihə çərçivəsində 18 ümumtəhsil müəssisəsində yay məktəbləri təşkil olunub. 

İki mərhələdə təşkili nəzərdə tutulan yay məktəblərində 3-28 iyul tarixlərini əhatə edən birinci mərhələdə 5-6-cı siniflər üzrə məktəblilər iştirak edib. Avqustun 1-dən isə 7-8-ci siniflərin əhatə olunduğu növbəti mərhələyə start veriləcək. “Məktəblinin dostları”nın özündən və feysbuk səhifəsindən yay məktəbləri barədə məlumat əldə edən valideynlər artıq təklifi dəyərləndirib və uşaqlarının yay məktəblərinə qatılması məqsədi ilə müraciət edib. 

Yay məktəblərinin başa çatmaq üzrə olan birinci mərhələsini izləmək məqsədi ilə “Azərbaycan müəllimi” bir günü şəhid Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbdə təşkil edilən yay məktəbində keçirib. Burada gün səhər saat 9-da başlayır. Valideynlər uşaqlarını gətirib məktəbin qapısından məktəblinin dostlarına təhvil verib gedir. 

 

Niyə qapısından?

 

Məktəblinin dostlarına qədər məktəbdə giriş-çıxış sərbəstliyi olub. Ancaq otaqlardan birində telefon oğurluğu baş verib. Məsələyə polis qarışıb. Lakin oğrunu müəyyənləşdirmək mümkün olmayıb. Çünki kameralardan görünən şübhəli üzünü gizlədib. O vaxtdan nəinki oğurluq, həm də uşaqların təhlükəsizliyi nəzərə alınaraq, məktəbə daxil olanlara məhdudiyyətlər qoyulub.

 

Məktəblinin dostları qonaqpərvərliyi öyrədir

 

Qapıda məhdudiyyət qoyulsa da, məktəb daxilində istiqanlılıq müşahidə olunur. Qarşılayanlar məktəblilərin gülərüz dostları - Nübar Xəlilova, Nüşabə Qaracayeva və Azad Əlizadə olduğundan qonaq üçün narahatlıq yaradan səbəb yoxdur. Haşiyə çıxaraq qeyd edim ki, əslində, bu məktəbdə 5 məktəblinin dostu fəaliyyət göstərir. Ancaq bu gün Könül Əliyeva və Sara Quliyeva burda deyillər. 

 

Bəs, hanı bu məktəbin sakinləri? Gözə niyə dəymirlər?

 

Yay məktəblərinin gündəlik proqramı bir-birindən fərqlənir. Bir günü o birinə bənzəməsin deyə, uşaqlar üçün ayrı-ayrı oyunlar qurulur, sözlü-nəğməli yarışlar keçirilir. Bir az bundan əvvəl də məktəbin həyətindəki ağacların kölgəsində oyun oynayıb, söhbət edə-edə çay içiblər. İndi isə kinoya baxırlar. 

Qapıdan içəri daxil olanda yerə döşənib kinoya baxan və az qala otağın hər tərəfinə yayılan uşaqlar ayağa qalxdı. Bütün diqqətlər gələn qonağa yönəldi. Baxdıqları kinonu belə, bir andaca unutdular. Axı qonaqları vardı. Gələn qonağa isə diqqət göstərilməli, onun istəyi ön plana çəkilməlidir. Bu minvalla uşaqlara aşılanan qonaqpərvərliklə də tanış olduq.

Hər gün burada biri ev sahibi olur. Səsvermə ilə 6 nəfər namizəd arasından seçilən həmin şəxs ev sahibinin üzərinə düşən hər nə varsa hamısını sıra ilə yerinə yetirir. Bu gün də ev sahibi Kamaldır.

Onu da qeyd edim ki, uşaqlarda qonaqpərvərlik, ev sahibinə məxsus məsuliyyət hissinin aşılanması kimi ənənə sadəcə yay məktəblərinə xas deyil. “Məktəblinin dostları” layihəsi icra olunmağa başlayandan məhz bu məqama xüsusi diqqət yetirilir. Məsələn, məktəblərdə keçirilən tədbirlərə layihənin icra olunduğu bütün məktəblərdən qatılırlar. Onların qarşılanması, yerləşdirilməsi, layiqli şəkildə yola salınması ev sahibi olan məktəblərin şagirdlərinin üzərinə düşür. Qonaq məktəblər isə necə qarşılandıqlarını diqqətlə izləyir, onlardan fərqli nə edə biləcəkləri barədə düşünürlər. Bu yolla məktəblilərdə qonaqpərvərlik xüsusiyyətləri, ev sahibliyi vərdişləri formalaşdırılır. 

VI sinif şagirdi olan Kamal Ağayev özünü əsl ev sahibi kimi apardı. Qonağının bütün istəklərini təmin etmək, bütün suallarını cavablandırmaq üçün əlindən gələni etdi. 

 

“Kompleksim yoxdur”

 

Ev sahibinə yaraşan şəkildə söhbətə özü başladı: “Burda biz çox əylənirik. Hər günümüz maraqlı keçir. Mənim üçün məktəblinin dostlarının yeri ayrıdır. Onlar gələnə, bizimlə münasibət qurana qədər çox utancaq idim. Danışmaqdan çəkinirdim. Çoxlu kompleksim vardı. Amma indi elə deyiləm. Nəinki danışıram, hətta televiziyalara müsahibə də verirəm. Məktəbimiz futbol yarışında qalib gəlmişdi. Qalib komandanın nümayəndəsi kimi müsahibə verdim”.

Məktəblinin dostu Azad Əlizadənin sözlərinə görə, Kamal çox qapalı olub. Burada, sözün əsl mənasında, inkişaf dövrü keçib: “Yay məktəbinin ikinci günü mövzumuz komplekslərlə bağlı oldu. Xeyli söhbət etdik. Uşaqlara kompleksləriylə necə mübarizə aparmalı olduqlarını öyrətdik. Kamalda da gördüyünüz kimi, artıq utanıb kənarda duran, ağzını açıb bir kəlmə belə danışmayan uşaqlarımız, demək olar ki, yoxdur. Kamal kimi uşaqlar çox olub. Elə Şükriyyə Əhmədova da əvvəlcə çox utancaq olsa da, artıq belə problemi yoxdur. Fikrini rahat ifadə edə bilir. Valideyni də onu yay məktəbinə qoyanda bizdən xahiş etdi ki, onunla daha çox məşğul olaq. Ümumiyyətlə, valideynlər uşaqlarını bura gətirəndə xüsusi vurğulayırlar ki, bizimlə münasibət qurmaq şagirdlərdə kompleksləri aradan qaldırır”. 

 

Musiqi, rəqs, karaoke

 

Yay məktəbinin ən maraqlı günləri musiqili olanlardır. Rəqs edəni, şeir yazıb mahnı oxuyanı da çoxdur 95 nömrəli məktəbin. Məktəblinin dostları da onlara texnika ilə rəqs etməyi öyrədirlər. Odur ki, yarışlarda, tədbirlərdə başqa məktəblərdən geri qalmırlar. Uşaqların repçi kimi tanıdığı Sadiq Babayev özü burda olmasa da, söhbəti keçdi. Uşaqlar deyir ki, tez-tez Sadiqi oxutdurub ona həvəslə qulaq asırlar. Yay məktəbinin dadı-duzu olan Sadiq həm də yaxşı futbol oynayır.

 

Siz zəif deyilsiniz, biz güclüyük 

 

Futboldan söz düşən kimi, Elgün Qasımov söhbətə qoşuldu. Məktəbin fəal oyunçularından olan Elgün deyir ki, məhəllədə oynaya-oynaya öyrənib: “Məktəbimizdə futbolçu çoxdur. Əsas odur ki, biz komanda olaraq oynaya bilirik. Ən son oyunumuzda rəqiblərimizə qalib gəldik. O qədər yaxşı oynadıq ki, bizimlə oynamaqdan imtina etdilər. Ancaq biz də özümüzə yaraşan şəkildə, məktəblinin dostlarının bizə öyrətdiyi şəkildə davrandıq. Rəqibimizin əlini sıxdıq. Onlara dedik ki, meydanda rəqib olsaq da, kənarda dostuq. Rəqib komandada oynayan yoldaşlarımızdan ağlayanlar vardı. Onlara yaxınlaşıb təsəlli də verdik. Dedik ki, siz zəif deyilsiniz, biz güclüyük, hamını uduruq. Siz bizim ən güclü rəqiblərimizdən oldunuz”.

 

Məktəblilər təlimdən təlimə

 

Əhməd Bayramlı da yay məktəbinə həvəslə qatılanlardandır. Burada keçirdiyi ən maraqlı günləri bir-bir xatırlayır. Məsələn, Əhməd burada yol hərəkəti qaydalarına dair öz bildiklərindən fərqli nə öyrəndiyini anlatdıqca insan heyrətini gizlədə bilmir: “V sinifdə oxuyuram. Yol hərəkəti qaydaları barədə məlumatlı idim. Buna baxmayaraq, yolu keçəndə qorxa-qorxa keçirdim. Amma burda yol hərəkəti qaydaları ilə bağlı məktəblinin dostları ilə təlim keçəndən sonra vəziyyət dəyişdi. Daha qorxmuram. Bildiyim qaydalara əməl edirəm. Sürücü ilə göz təması qurub yolu rahatca, qorxmadan keçirəm. İndi onu da bilirəm ki, dayanacaqda yolu keçərkən avtobusun arxasından keçməliyəm”.

Nəinki yol hərəkəti, fövqəladə vəziyyətlərdə davranış qaydalarına həsr edilən təlimlər də keçirilib. Məktəblinin dostları deyirlər ki, Fövqəladə Hallar Nazirliyi bu təlimlərə hazırlaşarkən onlara çox kömək edib. Davranış qaydalarından bəhs edən çoxlu kitab göndəriblər. İlk təlimlərdə fərqlənənlərə həmin kitablar hədiyyə edilib. Ancaq yay məktəbini bitirən hər kəsə bu kitablardan paylanacaq.

 

Birimizin bildiyini hamımız öyrəndik 

 

Yay məktəbində bütün fəaliyyət uşaqların zamanını səmərəli keçirməsinə yönəldilsə də, kitablar da unudulmayıb. Vaxtın səmərəli təşkilində kitabların xüsusi önəmi nəzərə alınıb. Uşaqlara kitablar verilib. Təbii ki, hər kəsin zövqünə, istəyinə və yaşına uyğun seçilən kitabların müzakirəsinə də ayrıca gün ayrılıb. İbrahim Məmmədli əsərlərini oxuyub müzakirəyə çıxardıqları müəlliflərin adını birnəfəsə sadalayır: “Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, İlyas Əfəndiyevin, Mikayıl Müşfiqin...”. 

Elmir Balışov isə şəxsiyyətlər haqında təqdimatla çıxış etdiklərindən danışdı: “Bizə verilən tapşırıqları yerinə yetirdik. Nəsirəddin Tusi, Eynşteyn, Höte, Üzeyir Hacıbəyli, dünyanın 7 möcüzəsi, məhv olmuş xalqlarla bağlı təqdimatlar hazırladıq. Təqdimatlarda bir-birimizin mövzularımıza aid suallar verdik. Əslində, hər birimiz ayrı-ayrı mövzu üzrə hazırlaşdıq. Ancaq müzakirə zamanı birimizin öyrəndiyini hamımız bildik”.

 

Kino günü

 

Uşaqlar sadəcə kitabları deyil, baxdıqları kinoları da müzakirə edirlər. Əvvəlcə, istirahət otağında yerə döşənib kinoya baxır, sonra təlim otağına keçərək onu müzakirə edirlər. Baxdıqları filmdə təsirləndikləri məqamlardan danışırlar. Artıq yay məktəbində o qədər kinoya baxıblar ki, nəinki adlarını, sayını belə unudublar.

 

Breyn-rinq

 

Əhməd Nəsrullayev yay məktəbində təşkil edilən ingilis dilində oyunlardan zövq alıb. Ən xoşuna gələn isə breyn-rinq olub. Nəinki Əhməd, bütün uşaqlar üçün ən maraqlı gün breyn-rinq yarışları təşkil olunan gündür. Əsas məqsədi istedadlı uşaqların potensialını üzə çıxarmaq olan məktəblinin dostları buna nail olmaq üçün breyn-rinq yarışlarından xüsusilə faydalanırlar. Məktəbdə tanınıb sevilmələrinə də məhz bu yarışın təşkilindən sonra nail olduqlarını deyirlər: “Hər biri 6 nəfərdən ibarət 20 komanda təşkil edilmişdi. 7-9-cu siniflər komanda təşkil etməklə bu yarışa qatıla bilərdilər. Təsəvvür edin ki, günün sonunadək, demək olar ki, komandalar hazır idi. Komanda qurur, ad verir, liderini seçib qatılırdılar. Bu proses özü və sonra yarış bizi uşaqlarla yaxınlaşdırdı!”.

Həm intellektual, həm də əyləncəli olan yarışlar uşaqların da dilindən düşmür. 95 nömrəli məktəbin 6 şagirdi məktəblərarası yarışa qatılıb və qazandıqları uğura görə hər birinə telefon hədiyyə edilib.

 

Məktəb həyətində piknik

 

Mirzağa Talıbzadə həyətdə piknik elədikləri günü xatırladı: “Yeməyimizi, içkimizi, oyunlarımızı götürüb həyətdə özümüzə məclis qurduq. Çox maraqlı keçdi. Oynayıb, gülüb əyləndik”.

 

Uşaqların ən sevimli məşğuliyyəti

 

Hər kəsi cəlb edən məşğuliyyət var. Biri çəkir, biri toxuyur, o biri yığır... Həvəslə yay məktəbinə gətirib onlarla dostlarını da tanış edirlər. Məsələn, Mirzə ilə Sadiqin pul kolleksiyası artıq yay məktəbində məşhurlaşıb. 

Rəsm, toxuma kimi qabiliyyətləri ilə tanınanlar da az deyil. Bir-birinə baxıb həvəslənən uşaqların əl işləri arasında bəyənilənlər ölkə əhəmiyyətli tədbirlərdə də nümayiş etdirilib. 

Maraqlıdır ki, uşaqlar bu qabiliyyətlərindən həm də sevgisini nümayiş etdirmək üçün istifadə edirlər. Məsələn, rəssamlıq qabiliyyəti olan uşaqlar arasında məktəblinin dostlarının rəsmini çəkənlər çoxdur. Münasibətini rəsmlə, əl qabiliyyəti ilə göstərənlərlə yanaşı, sözlə ifadə edənlər də var. Məsələn, ibtidai sinif müəllimi Zümrüd Hüseynova sinfinə məktəblinin dostu ilə bağlı inşa yazdırıb. Həmin inşaları da ilin sonunda məktəblilərin dostlarına təqdim edib. Yazılarda məktəblinin dostları ilə bağlı ancaq xoş sözlər var.

Ümumiyyətlə, məktəbdə uşaqların məktəblilərin dostlarına olan sevgisini hamı hiss edir. Fəal müəllimlər yeri gəldikcə bu sevgidən istifadə edirlər. Məsələn, onları “açıq dərs”lərinə dəvət edirlər. Rəfiqə müəllim ilə birgə tədbirlərindən danışan məktəblinin dostları onların köməyindən istifadə edilməsindən çox məmnun görünürlər. Müəllimlərin təşəbbüsü ilə uşaqlarla birgə ağac əkir, onları teatr, kino və festivallara aparırlar.

 

Məktəblilərin öz dostlarına sevgisi

 

Bu gün də məktəblinin dostları ilə münasibətlərindən çox danışırlar. Danışdıqları hər mövzuda sevimli dostlarının adı mütləq keçir. Əksəriyyəti də məktəblinin dostları ilə ilk tanışlıqlarını xatırlayır, əvvəlki təəssüratları ilə sonrakı müşahidələrini müqayisə edirlər. Əhməd Bayramlı: “Əvvəlcə çox qorxurduq. Elə bilirdik ki, bir səhvimiz olanda onlar bizi cəzalandıracaq. Sonra anladıq ki, düşündüyümüz kimi deyil. İlk dəfə onlarla dostumla dalaşdığımız gün tanış oldum. Onlar mənə məsləhət verdi. Könül müəllim dostluqdan, dostlarla münasibət qurmaqdan danışdı. Yola getməyi öyrətdi”.

Yay məktəbi 5-6-cı siniflərlə təşkil olunsa da, III və IX sinfin şagirdləri mütəmadi olaraq məktəbə baş çəkir, burada vaxt keçirməkdən yorulmurlar. Məktəblinin dostları şagirdlərin sadəcə sirdaşı da deyil, həm də ən nüfuzlu pərəstişkarlarıdır. Onları tədbirlərinə, imtahanlarına dəvət edir, iştiraklarına sevinir, dəvətlərinə qatılmayandan isə küsürlər. 

 

Məktəblinin dostlarının büdcəsi

 

Məktəblinin dostları deyirlər ki, istənilən planları barədə direktora deməkləri kifayət edir. Onlar üçün hər şərait yaradılır. Beləliklə, hər hansı məsələ olanda müvafiq olaraq ya məktəb, ya da layihə rəhbərliyinə xəbər verir, istənilən köməyi alırlar. Maraqlıdır, bəs, gündəlik xərclərini kim verir? 

Məsələn, onlar şəxsi qonaqpərvərlikləri ilə həm valideynlərin, həm də şagirdlərin sevgisini qazanıblar. Ancaq belə məlum olur ki, layihənin bu cür məqsədlər üçün ayrıca büdcəsi yoxdur. Ona görə də məktəblinin dostları dəvət etdikləri valideynləri özləri üçün aldıqları çaya qonaq edirlər. Hətta şagirdlər belə bu qonaqpərvərliyi qiymətləndirib. Məktəblinin dostu ilə bağlı yazılan ürək sözlərinin arasında belə bir fikir var: “Məktəblinin dostu bizi öz cibindən aldığı çaya qonaq etdi”.

Məktəblinin dostları deyir ki, etirazlarına baxmayaraq, ötən ay ərzində ayrı-ayrı valideynlər də yay məktəbinin iştirakçılarını şirniyyatlara qonaq ediblər. 

 

Daha uşaqlarımdan nigaran deyiləm

 

Günortadır. Saat 2-yə yaxınlaşdıqca valideynlər gəlib uşaqlarını götürürlər. Məktəblilərin dostlarını görmədən heç kim getmir. Fidan Abışovanın valideyni Xəyalə Zeynalova da gəldi. Bu ay onun qızı Fidan yay məktəbinin iştirakçısıdır. Gələn aydan oğlu İzzət gələcək. Övladlarından həvəslə danışır: “Fidan yaxşı futbol oynayır. Artıq milli komandada təmsil olunur. 5-ci sinif şagirdidir. Yəni yaşı milli komandanın üzvü olmaq üçün azdır. Buna baxmayaraq, onu qəbul ediblər. Atasının ürəyincə olsa da, mən futbolla məşğul olmasına razı deyiləm. Ancaq mane də olmuram. Çünki gələcəkdə polis olmağını istəyirəm. Odur ki, idman növlərindən biri ilə məşğul olmasının ona köməyi dəyəcəyini düşünürəm. Qızım çox nümunəvidir. Təhsili də yaxşıdır, zərbəçidir. Amma oğlum İzzətlə bağlı eyni sözləri deyə bilmirəm. Ona görə məktəblinin dostları məni məktəbə də çağırıb. Amma o da istedadlıdır. Aktyor olacaq. Elə gözəl oynayır ki. Bir anda istədiyin obraza girir. Uşaqlarımın hər ikisi məktəblinin dostlarını çox sevir. Evdə tez-tez onların söhbəti gedir. Məktəbdə birgə nə etsələr, evdə mütləq danışılır. Məktəblinin dostlarının olması həyatımızı çox asanlaşdırıb. Hər məsələdə köməyimizə gəlirlər. Hətta uşaqlarımızla dil tapmaqda belə. Evimizdən məktəbin həyəti görünür. Azad müəllimin burada gəzişdiyini görüb rahatlaşıram. Çox narahat insanam. Məktəblinin dostları gələnə qədər gün ərzində elə olurdu ki, bir neçə dəfə məktəbə gəlir, uşaqları yoxlayırdım. Artıq bir növ mənəvi rahatlıq tapmışam. Uşaqlarımdan nigaran deyiləm. Bütün valideynlər də mənim kimidir. Uşağı qapıdan ötürüb gedirik”. 

 

Məktəblinin dostları növbəti tədris ilində: daha hazırlıqlı, daha təcrübəli

 

Xəyalə xanımın oğlu İzzət də daxil olmaqla, avqust ayında 30 nəfərə yaxın uşaq yay məktəbinə qeydiyyatdan keçib. Məktəblinin dostları əmindir ki, bu rəqəm gələn il daha çox olacaq. Onların sözlərinə görə, ilk təcrübələri olduğu üçün həm valideynlər, həm də məktəblinin dostları yay məktəblərinə ehtiyatla yanaşdılar. Gələn il isə onlar daha hazırlıqlı, uşaqlar isə daha çox olacaq.

Uzun sözün qısası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 30 ümumi təhsil müəssisəsində pilot olaraq həyata keçirilənMəktəblinin dostları” layihəsi tədris ili ərzində qazandığı uğuru yay məktəbində də davam etdirir. 

Xatırladaq ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı layihənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasıdır. Azərbaycan təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən “Məktəblinin dostu” layihəsi dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla uğurla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır.