29.07.2017

İbtidai sinif müəllimliyi üzrə vakansiya daha çoxdur

Eşqi Bağırov: “Namizədlər istəyinə uyğun vakant yer tapmasalar belə, narahat olmasınlar”

İyulun 25-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayıb. Prosesin artıq dördüncü günüdür və ibtidai sinif müəllimliyinə namizədlərin imtahanı yekunlaşır.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bu il nazirliyə rekord sayda müraciət daxil olub. Müəllim adını qazanmaq istəyənlərin sayı 50 minə yaxın olsa da, onlardan 48 minə yaxın namizəd elektron ərizəsini təsdiq edib. İmtahanlara ilk olaraq ibtidai sinif müəllimliyi üzrə sənəd verənlər dəvət olunub. Bu ixtisas üzrə imtahanlar bu gün başa çatır və günün ikinci yarısından əvvəlcədən müəyyən olunmuş qaydada Azərbaycan dili-ədəbiyyat ixtisası üzrə sənəd verənlərin imtahanları başlayacaq. 

Bir seansda 1000 nəfər iştirak etməklə hər gün 4000-ə yaxın namizədin iştirakına şərait yaradılır.

 

Vakansiya yoxdursa...

 

E.Bağırov bu il müsabiqəyə rekord sayda vakansiya çıxarıldığını, bu prosesin indi də davam etdiyini vurğulayıb: “Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlər Təhsil Nazirliyi tərəfindən toplanılır. Hazırda Təhsil Nazirliyində komissiya bu istiqamətdə fəaliyyətini davam etdirir. Yerli təhsil idarəetmə orqanlarından məsul şəxslər nazirliyə dəvət olunur və vakant yerlər, mövcud dərs yükü təhlil olunur”.

Onun sözlərinə görə, vakant yerlərin böyük hissəsi ibtidai sinif müəllimliyi üzrədir. Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, ingilis dili fənləri üzrə vakansiyalarda rəqabət daha çox olacaq: “Şəhər məktəblərində sıxlıq olduğu üçün vakant yerlərin sayı nisbətən azdır. Amma bu, namizədlərin imtahanda iştirakını məhdudlaşdırmamalıdır. Çünki vakansiya nəinki tədris ilinin sonunda, həm də tədris ili ərzində yaranır”.

Şöbə müdirinin müavini 2016-2017-ci tədris ilindən nümunə göstərərək bildirib ki, il ərzində Bakı şəhərində 100-dən çox vakansiya yaranıb: “Namizədlər məhz ehtiyat kadr bazasından, yəni 2016-cı ildə müsabiqədə iştirak edib keçid balı toplayanlar arasından seçilib. Üstəlik, həmin fənlərin arasında hazırda vakansiya az olanlar, məsələn, Azərbaycan dili-ədəbiyyat fənni də var”.

E.Bağırovun sözlərinə görə, il ərzində müvəqqəti müqavilə ilə işə götürülən müəllimlərin yeri daimiləşdirilməyibsə, onlarla bağlanan müqavilənin müddəti iyunun 14-də bitib. 

Namizəd ya əvvəlki ilin nəticələri ilə, ya da həmin yer üçün yenidən test imtahanına girərək müsabiqəyə qatılmalıdır: “Keçid balı toplayanların siyahısı sentyabrın əvvəllərində yerli təhsil idarəetmə orqanlarına göndəriləcək. İl ərzində yaranacaq vakant yerlərə namizədlər məhz həmin siyahıdan seçiləcəklər. İlkin olaraq müddətli əmək müqaviləsi ilə işə başlayacaq, daha sonra Təhsil Nazirliyinə müraciət edəcəklər. Heç bir məhdudiyyət olmasa, yəni yer həqiqətən vakantdırsa və müəllimin bilik səviyyəsi bizi qane edirsə, onların daimiləşməsi məsələsi həll olunacaq. Ona görə namizədlər istəyinə uyğun vakant yer tapmasalar belə, narahat olmasın. Müsabiqəyə qatılsın, imtahanı versin və gözləsin. Onsuz da imtahanın nəticəsi iki il qüvvədə qalır”.
Xatırladaq ki, bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən, ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak etmək imkanı əldə ediblər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. 

 

İmtahana gecikənlərə sonrakı seansda şərait yaradılır

 

E.Bağırov prosesdə müşahidə olunan bəzi problemlərə də toxunaraq qeyd edib ki, namizədlərin imtahanlara maneəsiz qatılması üçün lazım olan bütün tədbirlər görülür: “Namizədlərin böyük hissəsi rayonlardan Bakı şəhərinə gəldiyindən problemlər çıxa bilir. Komissiya bu məqamları nəzərə alır. İndiyədək qeydə alınan belə faktlarda məsələ müəllimlərin xeyrinə həll edilib. Belə ki, nəzərdə tutulduqları seansa çata bilməyənlərin növbəti seanslarda iştirakına şərait yaradılıb”. 

 

İmtahanda iştirak edəcəksinizsə...

 

Avqustun 5-dək davam edəcək test mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. 

İmtahanlarda iştirak edəcək müəllimlər www.miq.edu.az  saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. 

İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

 

Ruhiyyə DAŞSALAHLI