03.08.2017

700 bal toplayan məzunlar

Bakı məktəblərinin məzunları bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb.

Onları təqdim edirik:  

Mahirə Məhəbbət qızı Əsədzadə – Bakı şəhərindəki Etibar Əliyev adına 162 nömrəli məktəbin məzunudur. 2012-ci ildə  “Zərifə Əliyeva – ana, qadın və alim” müsabiqəsində II,  2013-cü ildə “Mənim doğma ana dilim” inşa yazı  müsabiqəsində II, 2014-cü ildə “Mən teatr haqqında danışmaq istəyirəm” adlı bədii qiraət müsabiqəsində II yerə, 2016-cı ildə “Xocalı-24 il” inşa yazı müsabiqəsində fərqlənmə diplomuna layiq görülüb. Məktəbdə yaradılmış “Kiçik akademiya”nın vitse-prezidenti olub. IX sinfi fərqlənmə şəhadətnaməsi ilə başa vurub. 2017-ci ildə I ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.

Xalidə Vüqar qızı Əliyeva – BŞTİ-nin tabeliyindəki 220 nömrəli məktəb-liseyi bitirib. Məktəbdə əlaçı və fəal şagird olub. İstedadı və təfəkkürü, səlis nitqi, sərbəst fikir yürütmək qabiliyyəti, eyni zamanda sakit və təmkinli olması ilə  seçilib. Xalidə Əliyeva uşaqlıqdan dərin biliyə yiyələnməyi qarşısına məqsəd qoyub. 2017-ci ildə I ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında bütün test suallarını düzgün cavablandırıb. 

Pərvin Mətləb qızı Əhmədova - Paytaxtdakı Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin məzunudur. Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci və 2016-cı illərdə qızıl medal qazanıb. “Ədəbiyyat biliciləri” müsabiqəsində 2017-ci ildə I yeri tutub. Həmçinin, Bakı şəhəri üzrə keçirilən şeir müsabiqələrində 2014-cü və 2015-ci illərdə I yerə layiq görülüb. “Parlaq zəka” intellektual oyununda 2016-cı və 2017-ci illərdə tarix və coğrafiya fənnləri üzrə I yerə sahib olub. IX sinfi fərqlənmə şəhadətnaməsi ilə bitirib. XI sinfi əla qiymətlərlə başa vurub. 2017-ci ildə III ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında ən yüksək nəticəni əldə edib.

İlhamə Ramil qızı Hüseynova - Bakıdakı Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə təhsil alıb. Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci ildə gümüş, 2016-ci ildə bürünc medal qazanıb. IX sinfi də fərqlənmə şəhadətnaməsi ilə başa vurub. 2017-ci ildə III ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.

Nemət Kamran oğlu Yusifov – Bakı şəhərindəki 287 nömrəli “Zəkalar” liseyinin məzunudur. 2015-ci ildə Respublika fənn olimpiadasında fizika fənni üzrə III yerə layiq görülüb. Həmçinin, həmin il Bakı və Sumqayıt məktəbliləri arasında fizika fənni üzrə keçirilən müsabiqədə II yeri tutub. Nemət Yusifov dərsləri ilə yanaşı, idmana da maraq göstərib. 2011-ci ildə cüdo idman növü üzrə Bakı birinciliyində III yerə sahib olub. XI sinfi yüksək göstəricilərlə başa vurub. 2017-ci ildə IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında bütün test suallarını düzgün cavablandırıb. 

Qeyd edək ki, ümumilikdə, bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında I, II, III və IV ixtisas qrupları üzrə 15 nəfər 700 bal toplayıb. 


Açar sözlər: ,  ,