07.08.2017

Dördüncü könüllülük proqramı başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) reallaşdırılan 4-cü könüllülük proqramı yekunlaşıb.  

Dördüncü könüllülük proqramı çərçivəsində BŞTİ-yə 300-ə yaxın gənc müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 100 nəfər müsahibəyə çağırılıb. Gənclərdən 42-si müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, onlardan 33-ü BŞTİ–nin müvafiq sektorlarında, 7-si xidmət bölmələrində, 2-si Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb.

Könüllü gənclər BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar.

Könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, BŞTİ 4 ildir könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin sonuncu kursunda oxuyan gənclər BŞTİ-də 3 ay təcrübə keçmək imkanı qazanırlar.

BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı çərçivəsində 15, 2-ci könüllülük proqramında 26, 3-cü könüllülük proqramı əsasında 35, 4-cü könüllülük proqramında isə 42 gənc müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstərib. Onlardan 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.


Açar sözlər: