18.08.2017

Breyn Rinqə hazırlıq çərçivəsində görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Bilik” Kuboku və Məktəblilər arasında Breyn Rinq üzrə Azərbaycan Çempionatına hazırlıq çərçivəsində görüş keçirilib.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Şahin İsgəndərov, Təhsil Nazirliyinin nümayəndəsi Qeyrət Şirəliyev, İntellektual Klublar Assosiasiyasının və “Məktəblinin dostu” layihəsinin təmsilçiləri, o cümlədən məktəb direktorları iştirak edib.

Görüş zamanı məlumat verilib ki, Təhsil Nazirliyi və İntellektual Klublar Assosiasiyasının birgə təşəbbüsü ilə 2013-cü ildən AzTV telekanalında reallaşdırılan Breyn Rinq layihəsi cari ildə də həyata keçiriləcək. “Bilik” Kuboku və Məktəblilər arasında Breyn Rinq üzrə Azərbaycan Çempionatının televiziya çəkilişləri sentyabrın 1-dən 4-dək aparılacaq.

Tədbirdə çempionata hazırlıqla əlaqədar məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar da verilib.

Qeyd edək ki, “Bilik” Kuboku və Məktəblilər arasında Breyn Rinq üzrə Azərbaycan Çempionatının əsas məqsədi gənclər arasında intellektual hərəkatı inkişaf etdirmək, gənc nəslin biliyini genişləndirmək, onlara sağlam rəqabət ruhunu aşılamaqdan ibarətdir. 


Açar sözlər: