19.09.2017

Milli Musiqi Günü qeyd edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd olunub.

Bu münasibətlə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir.

Milli Musiqi Gününə həsr edilmiş tədbirlər musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirlərdə milli musiqimizin dərin köklərə söykəndiyi, Üzeyir Hacıbəylinin Azərbaycan musiqinin inkişafında əvəzsiz rol oynadığı, 1995-ci ildə ulu öndər Heydər Əliyevin dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində sentyabrın 18-nin Milli Musiqi Günü kimi qeyd edilməsinə dair fərman verməsi və bununla əlaqədar olaraq hər il ölkəmizdə təntənəli mərasimlərin keçirildiyi diqqətə çatdırılıb. Həmçinin, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən fraqmentlər nümayiş olunub, bəstəkarın əsərlərindən ibarət musiqi parçaları dinlənilib.

Tədbirlərdə məktəblilər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.