22.09.2017

Reytinqi necə formalaşdırmalı?

Məktəblər üçün fərqli rəqabət mühiti açılır

 

2017-2018-ci dərs ilindən məktəblərin reytinq cədvəlləri hazırlanacaq. İndiyə kimi bu reytinq cədvəlləri yalnız ali məktəbə qəbulun nəticələrinə görə aparılıb. “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlər sırasında ümumi təhsil müəssisələrinin reytinq cədvəlinin hazırlanması da yer alır. Yeni qayda yeni tədris ilindən başlayaraq təhsildə həm yeni meyarla dəyərləndirmə, eyni zamanda müsbətə yönəlik rəqabətə yol açmaq kimi qiymətləndirilməlidir. Bəs, bu yeni qayda təhsilin keyfiyyətinə hansı formada təsir göstərəcək? Ümumiyyətlə, belə reytinq cədvəlinin olması cəmiyyətə, məktəb və məktəblilərə nə vəd edir? 

 

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov qəzetimizə müsahibəsində bildirib ki, hər il Təhsil Nazirliyi tərəfindən IX və XI siniflərdə keçirilən buraxılış imtahanlarının nəticələri təhlil edilir və ölkənin bütün məktəblərinin reytinq siyahısı hazırlanır: “Fikirləşirik ki, məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi üçün bu, kifayət deyil. Bu istiqamətdə təhsil naziri qarşıya belə bir məqsəd qoydu ki, məktəblərin reytinq cədvəli hazırlanarkən yalnız buraxılış imtahanlarının nəticələrinə görə deyil, digər nailiyyətlər də nəzərə alınsın. Bu məqsədlə tapşırıq verilib ki, reytinqin müəyyənləşməsi üçün digər meyarlar, göstəricilər işlənib hazırlansın və məhz həmin göstəricilər təhlil edildikdən sonra bütün məktəblər üzrə reytinqlər müəyyənləşsin. Hazırda nazirliyin aidiyyəti şöbələri bu işlərə başlayıb və belə bir göstəricilər sistemi işlənib hazırlandıqdan sonra reytinq cədvəlləri bu meyarlar əsasında hazırlanacaq”. 

 

Təhsil eksperti Şahlar Əsgərovun fikrincə, məktəblərin reytinqinin aparılması müsbət haldır. Ekspert bildirir ki, proses təhsilin keyfiyyətinə birbaşa təsir edəcək: “Əsas məsələ reytinqin hansı kriteriyalar əsasında aparılmasıdır. Fikrimcə, məktəblərin reytinqi aparılarkən təhsil ocaqlarının məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul nəticələri, həmin məzunların sonrakı dövrlərdə cəmiyyətdəki rolu, ictimai nüfuzu əsas götürülməlidir. Bundan başqa, buraxılış imtahanlarının nəticələri, respublika fənn olimpiadaları, beynəlxalq və ölkədaxili müsabiqələrdə məktəbin şagirdlərinin uğurları və s. meyarlar da reytinq cədvəlinin formalaşmasında əsas amillər olmalıdır. Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, bəzən reytinq qiyməti real həyatda öz əksini tapmaya da bilər. Düşünürəm ki, bu məsələyə çox həssas yanaşmaq lazımdır. Hələ Sovetlər Birliyi dövründən başlayaraq məktəblərin nüfuzu, onun reytinqi ali məktəbə qəbulla ölçülüb. Məncə, məktəblərin reytinq cədvəli hazırlanarkən təkcə qəbul nəticələri deyil, bununla yanaşı, yuxarıda sadaladığımız meyarlar da əsas götürülməlidir. Etiraf etməliyik ki, Sovetlər Birliyi dövründən fərqli olaraq indi ali məktəbə qəbul olanların əsas hissəsi repetitor yanında təhsil alaraq uğur qazanır. Əgər Bakının hər hansı bir məktəbindəki abituriyentlər daha çox repetitor müəllim yanına gedirsə, təbii ki, həmin məktəbin qəbul göstəricisi ucqar bir kəndin məktəbindən daha çox olacaq. Nəticədə Bakı məktəbi kənd məktəbi ilə müqayisədə reytinqdə daha üst sıralarda olacaq. Bütün bu kimi məsələləri nəzərə alaraq reytinq qiymətləndirməsində təkcə qəbul nəticələri deyil, bir sıra meyarlar əsas olmalıdır”.

 

Təhsil eksperti Cəfər Məsimi də bizimlə söhbətində bildirib ki, məktəblər arasında reytinq cədvəlinin hazırlanması, reytinqin müəyyənləşdirilməsi çox faydalı olar. Ekspert prosesin məktəblərin özlərini daha yaxından tanımasına, müsbət və mənfi tərəflərinin müəyyənləşdirilməsinə xidmət edəcəyini qeyd edib: “Rəqabət mühiti formalaşdırdığı üçün reytinq təhsilin keyfiyyətinə təsir edir. Biz bu məsələdə maraqlı olmalıyıq. Nəticə etibarilə reytinqli məktəbdə müəllim və şagirdlər özlərini daha inamlı hiss edər. Bu da onların motivasiyasında öz əksini tapar. Digər baxımdan isə reytinqi zəif olan məktəblər tənqidlərdən dolayı özlərinə daha çox diqqət ayırmaq məcburiyyətində qalar. Bundan başqa, reytinqi yüksək məktəbdə uşağının oxumasına nail olmayan valideyn reytinqi aşağı olan başqa məktəbin daha yaxşı olmasını istəyəcək. Yəni, daha tələbkar olacaq. Ümumilikdə, bir sıra meyarlara əsaslanaraq reytinqin müəyyənləşdirilməsi təhsilin imicinə təsir edəcək. Nəticələrdən asılı olmayaraq zamanla təhsilə güvəni daha da artıracaq, məktəblər daha məsuliyyətli olacaq. 

 

Maraqlıdır, bəs ailələr övladlarına məktəb seçərkən hansı meyarlara üstünlük veririlər? Valideynlərlə apardığımız söhbətlər zamanı məlum oldu ki, onlar nüfuzlu məktəblərə daha çox üstünlük verirlər. Valideynlər əsasən məktəbin maddi-texniki bazasını, ali məktəblərə qəbul nəticəsini, müəllimlərin peşəkarlıq səviyyəsini, məktəbdə yaradılan sağlam mühiti, yerləşdiyi coğrafi mövqe və digər məsələləri vacib hesab edirlər. Onlar məktəblərin reytinqini, nüfuzunu yalnız ictimai fikir və rəylər əsasında öyrəndiklərini bildirirlər. Reytinq cədvəlləri hazırlanarsa, məktəb seçiminin onlar üçün daha rahat olacağını deyirlər.

 

Məsələ ilə bağlı prosesin birbaşa iştirakçısı olan məktəb direktorlarının da fikirlərini öyrəndik. Bakı şəhəri 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova deyir ki, reytinq rəqabət deməkdir. Təhsildə sağlam rəqabət keyfiyyətin davamlı artmasına gətirəcək. O, eyni zamanda bildirib ki, reytinqlər yalnız ali məktəbə qəbulla bağlı deyil, daha bir neçə meyara görə müəyyən edilməlidir. Həmsöhbətimizin fikrincə, bu istiqamətdə şagirdlərin fənn olimpiadalarında iştirakı, ibtidai, orta və ümumi təhsil pillələri üzrə buraxılış imtahanlarının nəticələri vacib meyarlar kimi götürülməlidir.

 

Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva da hesab edir ki, məktəblərin reytinq cədvəlinin hazırlanması vacibdir. Bu, təhsilin ümumi keyfiyyətinin artmasına səbəb olacaq. Belə olduğu təqdirdə təkcə şagirdlər arasında deyil, müəllimlər arasında da aktivlik yaranacaq. “Əgər bu gün Azərbaycanda məktəbin qarşısında qoyulan vəzifə cəmiyyətə sağlam düşüncəli, bilikli, bacarıqlı, vətənpərvər vətəndaş yetişdirməkdirsə, biz təkcə ali məktəbə qəbulla deyil, bir neçə meyar əsasında reytinqi müəyyənləşdirməliyik”, - deyə o bildirib. M.Vəliyevanın fikrincə, reytinq cədvəlləri hazırlanarkən buraxılış imtahanlarının nəticələrinə xüsusi önəm verilməlidir.

 

Rəsmi dövlət qurumu və praktik olaraq prosesdə aktiv olan mütəxəssislər məktəblərin reytinq cədvəllərinin müəyyənləşməsinin ancaq faydalı ola biləcəyini deyir. Sağlam rəqabət daha yaxşı məktəblərin yaranması, daha keyfiyyətli tədris, daha savadlı müəllim və şagird heyətinin olması ilə nəticələnəcək ki, bu da təhsilin ümumi keyfiyyətini yüksəldəcək. 

 

Niyazi RƏHİMOV

Azərbaycan müəllimi


Açar sözlər: ,  ,  ,