22.09.2017

Fənn müsabiqələri və beynəlxalq fənn olimpiadalarının gənc milli komanda namizədləri

Azərbaycan Respublikasında təhsilin səviyyəsinin yüksəldilməsi ölkəmizin inkişaf istiqamətlərinin prioritetlərindəndir. Azərbaycan təhsilinin keyfiyyətinin beynəlxalq arenada nümayiş etdirməyin yollarından biri də beynəlxalq oimpiadalarda iştirak və orada uğurlu nəticələr əldə etməkdir. Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi məqsədi ilə son illər həyata keçirilən tədbirlər göz qarşısındadır. Respublika fənn olimpiadalarının təşkili və keçirilməsində köklü dəyişikliklərin həyata keçirilməsi, beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzlərinin yaradılması və sistemli işin həyata keçirilməsi nəticəsində şagirdlərin fənn olimpiada və müsabiqələrinə marağı xeyli artmış və bunun məntiqi nəticəsi olaraq son illərdə əldə olunan nailiyyətlərə müsbət təsirini göstərmişdir. Məlumat üçün bildirim ki, Azərbaycan məktəbliləri 2013-cü ildən günümüzədək iştirak etdikləri müxtəlif beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 21 gümüş və 80 bürünc medal olmaqla ümumilikdə 104 medal qazanmışlar. 

 

Dünya təcrübəsi onu göstərir ki, istedadlı şagirdlərin aşağı siniflərdə müəyyənləşdirilib müvafiq istiqamət üzrə hazırlıqlara cəlb olunması həm şagirdlər, həm də olimpiada komandalarının səviyyəsinin yüksəldilməsi üçün çox əhəmiyyətlidir. Bu məqsədlə ölkəmizdə artıq üçüncü ildir ki, şagirdlər, valideynlər, müəllimlər, təhsil işçiləri və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən “Respubllika Fənn Müsabiqələri” təşkil olunur.

 

2016-2017-ci tədris ilində “Xəyallardan Hədəfə” şüarı ilə keçirilən III Respublika Fənn Müsabiqələrinin əsas məqsədi aşağı siniflər arasından istedadlı şagirdləri aşkar etmək, onlarla məqsədyönlü işlərin görülməsi üçün münbit zəmin formalaşdırmaq, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə maraq yaratmaq, istedadı və hazırlığı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir. Digər tərəfdən fənn müsabiqələrinin nəticələrinə əsasən aşkar etdiyimiz istedadlı şagirdlərlə müəyyən hazırlıq işlərinin zamanında və uzunmüddətli həyata keçirilməsi nəticəsində beynəlxalq olimpiadalarda xəyallar etdiyimiz və hədəflədiyimiz nəticələri əldə edəcəyimizə şübhə etmirik.

 

Bu müsabiqələr riyaziyyat fənni üzrə 6-cı sinif, fizika, kimya, biologiya, informatika fənləri üzrə isə 7-ci sinif şagirdləri arasında 2 mərhələdən ibarət olmaqla keçirilir. Mart ayında Təhsil İnstitutunun İstedalı uşaqlarla iş şöbəsinin təşkilatçılığı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerlərdəki təhsil şöbələrinin dəstəyi ilə baş tutan birinci mərhələdə respublikamızın bütün bölgələrindən 14000-ə yaxın şagird iştirak etmişdir. İştirakçıların öz bilik və bacarıqlarını obyektiv şəkildə nümayiş etdirdiyi müsabiqələrdə məktəblilərə test və açıq tipli tapşırıqların cavablandırılması üçün 2 saat vaxt verilib. Qeyd edək ki, suallar müvafiq olaraq şagirdlərin biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə hazırlanıb. Müsabiqənin qaydalarına müvafiq olaraq ikinci mərhələdə iştirakçılar həm fərdi, həm də komanda hesabında yarışmışdır və buna uyğun olaraq da nəticələr elan olunmuşdur. 

 

İkinci mərhələdə Bakı şəhəri 12, Sumqayıt şəhəri 3, Mingəçevir və Şirvan şəhərləri 2, digər şəhər və rayonlar isə bir komanda ilə təmsil olunub. Hər bir komanda 4 riyaziyyatçı, 4 informatik, 4 fizik, 4 kimyaçı və 4 bioloq olmaqla 20 nəfərdən təşkil olunmuşdur. Ümumilikdə ikinci mərhələyə 1400-ə yaxın şagird qatılmışdır. Nəticələrə uyğun olaraq 12 komanda və 110 şagird qalib elan olundu. Fərdi hesabda qalib olanlardan 15 nəfər I diploma və qızıl medala, 41 nəfəri II diploma və gümüş medala, 54 nəfəri isə III diploma və bürünc medala layiq görülüblər. Komanda hesabında isə 3 komanda müsabiqənin 1-lik, 5 komanda müsabiqənin 2-lik və 8 komanda isə 3-lük kubokuna layiq görülmüşlər. Fənn müsabiqələrinin nəticələrinə əsasən hər bir rayon və şəhərin həm ümumi komanda hesabında, həm də ayrı-ayrı fənlər üzrə reytinq cədvəlləri müəyyən edilmişdir. İnanırıq ki, yeni tədris ilində keçiriləcək IV fənn müsabiqələrində bölgələr, hər bir rayon və şəhər daha güclü komanda ilə iştirak edəcək və rayon (şəhər) göstəricisinin artırılması istiqamətində müəyyən işlər görüləcəkdir. 

 

Beynəlxalq olimpiada hazırlıq mərkəzlərinə istedadlı və hazırlıqlı şagirdlərin gəlməsi olduqca vacib məsələdir. Bu səbəbdən yerlərdə 6-cı və 7-ci sinif şagirdləri arasında istedadlı şagirdlər müəyyən edilməli, onların bazası yaradılmalıdır. Rayon və şəhər mərkəzlərində bir təhsil müəssisəsinin nəzdində rayondan olan istedadlı şagirdlərlə həftədə 1 dəfə də olsa görüşlər keçirilməli, mütəxəssislər tərəfindən fənnə dair istiqamətlər verilməli və şagirdlərin müəyyən mövzuları daha dərindən öyrənmələri üçün xüsusi proqramlar, məşğələlər təşkil edilməlidir. Necə Azərbaycan milli komandası beynəlxalq olimpiadada hər il daha yaxşı nəticə əldə edilməsi üçün müəyyən hazırlıq prosesi keçir, eləcə də hər bir rayon və şəhər komandalarının fənn müsabiqələrində bir-birilə sağlam rəqabət formasında yarışaraq daha yaxşı nəticələr qazanması üçün öncədən tədbirlər görülməlidir. Şübhəsiz, rəqabətin olduğu yerdə hər zaman inkişaf da olacaqdır. 

 

25 iyun 2017-ci il tarixdə təhsil nazirinin müavini Ceyhun Bayramovun, rayon təhsil şöbə rəhbərlərinin, millət vəkillərinin, alim-professorların, iş adamlarının, xarici ali məktəblərdə təhsil alan məzunların, olimpiada qaliblərinin iştirakı ilə möhtəşəm mükafatlandırma mərasimi keçirildi. Burada fərdi hesabda qalib olan şagirdlərə medal və sertifikatlar, eləcə də komanda hesabında qalib olanlara kuboklar təqdim edildi. Təhsil nazirinin müavini Ceyhun Bayramov şagirdləri xüsusi təbrik etmiş və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə bu istiqamətdə görüləcək işlər barədə öz fikirlərini çatdırmışdır.

 

Yerli təhsili idarəetmə orqanlarının, ayrı-ayrı məktəblərin rəhbərləri və hər bir müəllim təhsil müəssisələrində olan istedadlı şagirdlərin aşkar edilməsi və onların potensiallarının inkişaf etdirilməsində maraqlı olmalı və bu istiqamətdə ardıcıl iş aparmalıdır. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin məhz Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya, biologiya təmayüllü liseylərdə yaradılması təsadüfi deyildir. Bu təhsil müəssisələrinin ənənəsi, savadlı müəllim kontingenti, bölgələrdən olan şagirdlərin yaşamaları üçün yataqxana ilə təchiz edilməsi, dövlət tərəfindən gündə 3 dəfə isti yeməklə təmin olunması, ali məktəblərlə sıx əməkdaşlıq etmələri bunların hamısı buna səbəbdir. 

 

Belə ki, sentyabrın 5-11 tarixləri arasında fənn müsabiqələrinin nəticələrinə əsasən qalib olan və seçilmiş şagirdlərlə 1 həftəlik olimpiada hazırlıq proqramı təşkil edilmişdir. Bu proqramın əsas məqsədi tədris ili başlamadan şagirdlər və onların valideynləri ilə tanışlıq, olimpiadalara hazırlıq proqramlarının şagirdlərə çatdırılması, il boyunca görüləcək işlərin və dərslərin gedişi barədə məlumatlandırılması olmuşdur. Bütün bunlarla bərabər şagirdlərin səviyyələrinin müəyyən edilməsi məqsədi ilə 1 həftə boyunca müəyyən mövzular üzrə dərslər keçirilmiş və sonda şagirdlər arasında yarışma təşkil edilmişdir. Qeyd etmək istəyirik ki, bu proqramda paytaxt məktəbliləri ilə bərabər Bərdə, Şəki, Ağdaş, Qusar, Quba, Şabran, Gədəbəy və daha bir çox bölgələrdən də məktəblilər iştirak etmişlər. Oktyabr ayından etibarən hər iki yaş qrupu üzrə həm yuxarı, həm də aşağı sinif şagirdləri ilə il boyu davam edəcək hazırlıq məşğələlərinə start veriləcəkdir. 

Sonda bunu da vurğulamaq istəyirəm ki, hər bir təhsil işçisi təhsilin keyfiyyətinin artırılması istiqamətində öz sahəsində tələb olunanı və əlindən gələni etməlidir. Azərbaycan təhsilinin, məktəbinin və məktəblisinin müxtəlif beynəlxalq tədbirlərdə, yarışlarda, müsabiqələrdə, olimpiadalarda ən mükəmməl şəkildə təmsil edilməsi üçün öz töhfəsini verməlidir. 

 

Unutmayaq ki, ətrafımızda olan istedadlı şagirdləri düzgün istiqamətləndirməklə həm onların gələcəyinə, həm ölkə təhsilinə öz töhfəmizi vermiş olacağıq.

 

MƏKTƏBLİLƏRARASI FƏNN MÜSABİQƏLƏRİNİN KOMANDA HESABINDA QALİBLƏRİNİN SİYAHISI

 

MƏKTƏBLİLƏRARASI FƏNN MÜSABİQƏLƏRİNİN NƏTİCƏLƏRİNƏ ƏSASƏN ŞƏHƏR VƏ RAYONLARIN FƏNLƏR ÜZRƏ REYTİNQ CƏDVƏLİ

 

Fuad QARAYEV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri

              Azərbaycan müəllimi
 


Açar sözlər: ,