12.10.2017

BŞTİ-də könüllülərə arayış təqdim olunub

Oktyabrın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) IV könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və IV könüllülük proqramını başa vuran gənclər iştirak edib.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək ölkəmizdə könüllülük proqramlarının geniş vüsət aldığını qeyd edib. İdarə müdiri könüllüləri təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmalarından asılı olmayaraq, könüllülərin uğur qazanacaqlarına inandığını bildirib.

Çıxışı zamanı M.Vəliyeva qeyd edib ki, IV könüllülük proqramı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 300-ə yaxın gənc müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 100 nəfər müsahibəyə çağırılıb və 42 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 33 nəfər BŞTİ–nin müvafiq sektorlarında, 7 nəfər xidmət bölmələrində, 2 nəfər isə Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb. İndiyədək  BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqram əsasında 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.

BŞTİ-nin struktur bölmə rəhbərləri IV könüllülük proqramı iştirakçılarının fəaliyyətlərindən razılıqlarını ifadə edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər, könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 4 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanırlar. Könüllü gənclər BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edir, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanırlar.

Artıq BŞTİ tərəfindən V könüllülük proqramına start verilib. V könüllülük proqramına aparılan sənəd qəbulu 20 oktyabr 2017-ci il tarixinədək davam edəcək. Maraqlananlardan tərcümeyi hallarını konullu@baku.edu.gov.az elektron poçtuna göndərmələri xahiş olunur.


Açar sözlər: