13.10.2017

Olimpiada dahiləri

Medalçı şagirdlərimiz xarici universitetlərdə təhsil alacaqlar.

Təhsilimizin inkişafına yüksək səviyyədə göstərilən diqqət və qayğı gələcəyimiz olan gənc nəslin hərtərəfli və peşəkar mütəxəssis kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır. Bu mənada Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində məktəblilərimiz respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edir və uğurları ilə təhsilimizə öz töhfələrini verməkdədir. 

Məktəblilərimizin əldə etdikləri uğurlara əsasən tam qətiyyətlə deyə bilərik ki, onların elmi potensialı yüksəkdir. İndi onların sorağı ABŞ, Çin, Koreya, Türkiyə, Rusiya və Avropanın digər ölkələrinin nüfuzlu universitetlərindən gəlir. Budəfəki yazımız da son illərdə müxtəlif ölkələrdə keçirilmiş mötəbər bilik olimpiadalarında medal qazanaraq 2017-2018-ci tədris ilindən dünyanın nüfuzlu universitetlərinin tələbəsi olmaq hüququ qazanmış gənclərimizə həsr olunub. 

İlk növbədə qeyd edək ki, 4 məzunumuz bu tədris ilindən ali təhsilini Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda və ya qısaca KAIST-də davam etdirir. KAIST Cənubi Koreyanın Dejeon şəhərinin Yuseonq rayonundakı Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Dünyanın müxtəlif ölkələrindən bu ali məktəbə hər il minlərlə insan müraciət edir və universitet onların arasından 50 nəfəri seçərək pulsuz təhsil almaq imkanı verir. Onlardan 4-ü azərbaycanlıdır və ötən tədris ilində “İstək” liseyini bitirmiş olimpiada qalibləridir.


***

Biz adıçəkilən tələbələrin Təhsil Nazirliyinin dəstəyi ilə beynəlxalq olimpiadalarda qazandıqları uğurlarda xüsusi əməyi olan “İstək” liseyinin Olimpiada koordintoru Elvin Məmmədovun da yetirmələri barədə fikirlərini öyrəndik. 

- Bu şagirdlərlə ilk tanışlığımız 2014-cü ildə oldu. Bəzilərinə riyaziyyatdan, bəzilərinə isə həndəsə və cəbrdən olimpiada dərsləri keçərək onları yaxından tanımağa başladım. Siniflərində 20-yə yaxın şagird var idi. Onların hər biri öz məktəblərinin, bəlkə də gəldikləri rayonun ən istedadlı şagirdləri idilər. Amma olimpiadaçı olmaq təkcə zəka ilə deyil, həm də səbr və əzm ilə çalışmaq tələb etdiyindən hər il bəziləri ələnərək sonda adları sadalanan “dahilər” qalmışdı. Onlar ilə şagird və müəllim kimi deyil, gələcəyin alimləri, professorları olaraq münasibət qurmuşduq. Birlikdə qərar çıxarır, elmi məsələləri müzakirə edir və hətta kitablar haqqında öz rəylərimizi bildirirdik. Koordinatorları olaraq bilirdim ki, əsas olan sadəcə ən prestijli deyil, onların gələcəkdə daha parlaq həyat qurmaları və elm adamları kimi yetişmələri üçün ən uyğun universitetləri birlikdə seçməli idik. Əvvəlki illərdə olimpiadaçı şagirdlərin dövlət təqaüdü ilə xaricdəki universitetlərdə təhsil almaları asan idi. Aldıqları medallar ilə dünyanın məşhur universitetlərinə qəbul olurdular. Amma son illərdə “dahi”lər olimpiada ilə yanaşı SAT, SAT subject, IELTS kimi imtahanlardan da yüksək nəticələr toplamalı idilər. Və nəticə olaraq, göründüyü kimi, onlar bu çətinliyi də aşaraq sadalanan imtahanlarda da yüksək nailiyyətlər əldə etdilər və təqaüd ilə xarici universitetərdə təhsillərini davam etdirməyə yola düşdülər. 

Onların bu nailiyyətləri indidən öz bəhrəsini verməyə başlayıb. Mərkəzimizdəki olimpiadaçı şagirdlər üçün böyük nümunə olublar. İndi böyük əksəriyyəti xaricdəki nüfuzlu universitetlərə qəbul olmaq üçün ürəkdən çalışır. Böyük qardaşlarının nailiyyətlərini davam etdirmək üçün onların gözlərindəki arzunu, istəyi hiss etmək heç də çətin deyil. 

Şagirdlərimin hamısına ölkəmizə qazandırdıqları medallar, xarici ölkələrdə bayrağımızı qürurla dalğalandırdıqları və olimpiadanın ölkəmizdə populyarlığını daha da artırdıqları üçün təşəkkür edirəm. Gələcək həyatlarında onlara uğurlar, insanlıq üçün xeyirli olacaq yüksək nailiyyətlər arzu edirəm.

 


 

Mirəli Əhmədov, 

Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi

- 2000-ci il dekabrın 9-da Gəncə şəhərində anadan olub. İlk təhsilinə şəhər 4 nömrəli tam orta məktəbdə başlayıb. VII sinifdən olimpiadaya seçim üçün məntiq imtahanında iştirak edib. Riyaziyyat üzrə   olimpiada komandasına qəbul olunub. VIII sinifdə təhsilini, eləcə də olimpiadaya hazırlıq işlərini Bakıdakı “İstək” liseyində davam etdirməyə başlayıb. 2014-2015-ci illərdə Yeniyetmələrin Balkan Riyaziyyat  Olimpiadasında müvafiq olaraq bürünc və gümüş, 2015-ci və 2016-cı illərdə isə Respublika fənn olimpiadasında müvafiq olaraq qızıl və gümüş medallara sahib çıxıb. 2017-ci ilin yanvarında XIII Beynəlxalq Jautıkov,  iyulda isə 58-ci Beynəlxalq Riyaziyyat olimpiadalarında bürünc medal qazanıb. 2016-2017-ci tədris ilində təhsilini qızıl medalla bitirib.

 

 

 

Səbuhi Mikayılov, 

Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi 

- 1999-cu il oktyabrın 25-də Kürdəmir rayonu Şiximli kəndində anadan olub. 2006-cı ildə Bakı şəhərindəki 37 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. 2012-ci ildən təhsilini Quba “İstək” liseyində davam etdirib. 2014-2015-ci tədris ilində fizika üzrə respublika fənn olimpiadasında II yeri tutub. IX sinifdə Jautıkov olimpiada seçimlərinə qatılaraq Azərbaycan komandasına üzv olub. Qazaxıstanda keçirilən ilk bilik yarışında bürünc medala layiq görülüb. 2015-ci və 2016-cı illərdə XI və XII Beynəlxalq Jautıkov olimpiadalarında bürünc və gümüş medallar qazanıb. 2015-ci ildə Hindistanda keçirilən 46-cı beynəlxalq fizika olimpiadasında iştirak edib. 2017-ci ildə Respublika fənn olimpiadasında fizika fənni üzrə qızıl medala layiq görülərək “Birincilərin birincisi” olub. Təhsilini qızıl medalla bitirib.

 

 

 

Emin Qayıbov, 

Çexiyanın Çarlz Universitetinin (tibb ixtisası) tələbəsi 

- 2000-ci il fevralın 23-də Bakı şəhərində anadan olub. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinfində təhsil alıb. Qarşısına qoyduğu məqsəd üçün son dərəcə səylə çalışan Emil 2014- 2015-ci tədris ilində keçirilən biologiya fənni üzrə respublika olimpiadasında qızıl medala layiq görülüb. Kimya, fizika və biologiyadan (ingiliscə) müxtəlif kitablar oxumaqla biliklərini zənginləşdirən Emin beynəlxalq olimpiadalarda ölkəmizi təmsil etmək hüququ qazanıb. 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında bürünc medala layiq görülüb. Orta məktəbi qızıl medalla bitirib.

 

 

 

Emil Əlizadə, 

Türkiyənin Bilkənt Universitetinin tələbəsi

- 2000-ci il fevralın 18-də Mingəçevir şəhərində anadan olub. 2006-cı ildə Mingəçevir şəhəri 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə, 2012-ci ildə Mingəçevir “İstək” liseyinə daxil olub. Liseyin Olimpiada sinfində yüksək nəticə göstərərək Bakı “İstək” liseyinin Olimpiada sinfində təhsilini davam etdirmək hüququ qazanıb. 2015-ci ildə respublika fənn olimpiadalarında fizika fənni üzrə mümkün 100 baldan 100 bal toplayaraq qızıl medala layiq görülüb. 2015-ci ildə Qazaxıstanda keçirilən XI Jautıkov olimpiadasında, Hindistanda keçirilən 46-cı Beynəlxalq Fizika Olimpiadasında və Çində keçirilən 16-cı Beynəlxalq Asiya olimpiadasında iştirak edib. Emil Əlizadə fizika üzrə 2017- ci il Respublika fənn olimpiadalarında qızıl medal qazanıb.

 

 

 

 

Cəfər İsbarov, 

Çinin Tsinxua Universitetinin (neyro elmlər ixtisası) tələbəsi 

- 2000-ci il yanvarın 1-də Cəlilabad rayonunda anadan olub. 2006-cı ildə Cəlilabad şəhəri 8 nömrəli tam orta məktəbdə ibtidai təhsilə başlayıb. 2012-ci ildə Lənkəran Özəl Türk liseyinə qəbul olunub. 2013-cü ildən Bakı Özəl Türk liseyində təhsilini davam etdirib. Son dərəcə əzmkarlığı, çalışqanlığı ilə seçilən Cəfər 2016-2017-ci tədris ilində Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyini qızıl medalla bitirib. 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında gümüş medala layiq görülüb. 2017- ci il Respublika Fənn Olimpiadalarında kimya fənni üzrə qızıl medal qazanıb.

 

 

 

 

 

Fərhad Allahverdiyev, 

Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi 

- 22 fevral 2000-ci il tarixində Ağstafa rayonunda anadan olub. İbtidai təhsilinə 2006-cı ildə Ağstafa rayon 1 nömrəli tam orta məktəbdə başlayıb. 2012-ci ildə Gəncə Özəl Türk liseyinə qəbul olub. 2016-2017-ci tədris ilində liseydə təhsilini qızıl medalla bitirib. İstirak etdiyi olimpiadalar: 2015-ci il Beynəlxalq Jautıkov olimpiadası, 2015-ci il Asiya Fizika Olimpiadası, 2015-ci il Beynəlxalq Fizika Olimpiadası, 2015-ci il Respublika fənn olimpiadası (qızıl medal), 2016-cı il Beynəlxalq Jautıkov Olimpiadası (gümüş medal), 2016-cı il Respublika fənn olimpiadası (gümüş medal), 2016-cı il Beynəlxalq Fizika Olimpiadası (bürünc medal).

 

 

 

 

 

Rüstəm Ağayev, 

Çinin Fudan Universitetinin (kompüter mühəndisliyi ixtisası) tələbəsi 

- 2000-ci il martın 31-də Ukraynanın Luqansk şəhərində anadan olub. Xalqlar Dostluğu “İstək” liseyini bitirib. 2014-cü ildə Respublika fənn olimpiadalarında bürünc medal qazanıb. Hədəfi nüfuzli bilik yarışmalarında Azərbaycanın nailiyyətlərini daha da artırmaq olub. 2015-ci ildə XI Beynəlxalq Jautıkov Olimpiadasında iştirak edib. 2015-ci il Respublika fənn olimpiadalarında qızıl medal alıb. 2015-ci ildə Dünya İnformatika Olimpiadasında iştirak edib. 2016-cı il XII Beynəlxalq Jautıkov olimpiadasında isə bürünc medala layiq görülüb. 2017-ci ildə informatika fənn üzrə respublika fənn olimpiadasında qızıl medala və “Birincilərin birincisi” adına layiq görülüb. Əsas arzusu ali təhsilini bitirdikdən sonra “Google” və ya “Facebook” kimi şirkətlərdə işləməkdir.

 

 

Turan Bədəlli, 

Estoniyanın Tartu Universitetinin (genetika ixtisası) tələbəsi 

- 2000-ci il fevralın 29-da Sumqayıt şəhərində anadan olub. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinfində təhsil alıb. Hələ orta məktəbdə oxuyarkən kimya, biologiya və fizika fənləri üzrə olimpiada hazırlıq dərslərində iştirak edib. 2014-cü ildə Argentinada keçirilən gənclərin XI Beynəlxalq Elm Olimpiadasında (İJSO) iştirak edib. Daha sonra Cənubi Koreyada keçirilən XII Beynəlxalq Elm Olimpiadasından Vətənə bürünc medalla qayıdıb. “İstedadların hazırlığı laboratoriyası” IV Respublika Olimpiadasında gümüş medala layiq görülüb. 2016-2017-ci tədris ilində akademik Zərifə Əliyeva adına liseyi gümüş medalla bitirib.

 

 

 

 

 

 

 

Oruc MUSTAFAYEV

            “Azərbaycan müəllimi” qəzeti 

 


Açar sözlər: