17.10.2017

Təhsil müzakirələri davam edir

“Məktəb seminarları”nın növbəti sessiyaları Nizami rayonunun  ümumi təhsil məktəblərini əhatə edib.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri  iştirak ediblər.

2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları” layihəsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.  

Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, fənn olimpiadalarının və müsabiqələrin təşkili, şagirdlərin yerdəyişməsi, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri və digər müvafiq məsələlərə toxunub.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev tədrisin təşkili, məktəb mühiti, şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedadlı şagirdlərlə iş, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, məktəblərin payız-qış mövsümünə hazırlığı və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda  tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi və digər müvafiq məsələlər müzakirə edilib.

Sessiyalarda qeyd olunan məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.  


 


Açar sözlər: