20.10.2017

Təhsilalana düşən xərc əsasında maliyyələşdirmə

Bu mexanizm təhsilin keyfiyyətinin yüksəldilməsinə də təsirini göstərir

 

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında strateji hədəflər və tədbirlər sırasında təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid də yer alır. Bu barədə səsləndirilən fikirlər bəzən yanlış anlaşılmaya səbəb olaraq, “təhsil pullu olacaq” şəklində interpretasiya edilir. Halbuki dünyanın əksər dövlətlərində təhsilə ayrılan maliyyə resurslarının “pul - oxuyanlara” formulu ilə xərclənməsi praktikasına üstünlük verilir. Sadə formada izah etməli olsaq, təqribən belə bir tərif verə bilərik: tələbat əsasında maliyyələşmə. Bu mexanizmi tez-tez “vəsaitlərin adambaşına paylanılması”, yaxud “normativ-büdcə maliyyələşməsi” də adlandırırlar. Söhbət ondan gedir ki, maliyyələşmənin həcmi təhsilalanların sayı ilə birbaşa bağlı olmalıdır. Bir az da geniş izah verək: ayrılmış vəsaitin miqdarı hər bir təhsilalanın keyfiyyətli təminatı üçün təhsil ocağının ehtiyaclarından asılı olmalıdır. Dünya praktikasına müraciət edək.

 

Böyük Britaniya

 

Britaniyada adambaşı maliyyələşmə məktəblərə şagird qəbulu prosesində əlavə imkanlar, stimul verir. Bu həm də valideynlərə məktəb seçimində manevr imkanları yaradır. Hökumət təhsildə bir sıra standartların tətbiq olunmasını həyata keçirir. Nədir bu standartlar? Milli təhsil sistemi məktəblərin mütəmadi yoxlanılması, bu yoxlanışların, habelə test və imtahanların nəticələrinin dərcini təşkil edir ki, yekun olaraq bütün bunlar yüksək göstəricili məktəbləri təhsilalanlar üçün cəlbedici edir. Britaniya sistemində məktəblər şəxsi büdcələrini istədikləri kimi xərcləyirlər. Ancaq bu proses başıpozuq və nəzarətsiz şəkildə həyata keçirilmir. Nəzarət edənlər var. Onlar kimlərdir?

 

1. Məktəbin idarəedilməsi orqanı (Şura). Bu qurum məktəbdə idarəetmə məsələlərinə cavabdehdir, proses barədə direktora mütəmadi məlumat verir;

2. Məktəb administrasiyası. Kadr siyasəti ilə məşğuldur;

3. Valideynlər. Şura üzvlərini seçirlər; 

4. Yerli idarəetmə orqanları. Hökumətin cızdığı çərçivə daxilində ümumi büdcəni müəyyən edirlər, sosial proqramlara, təhsilalanların seçimi siyasətinə, standartlarına, maddi-texniki təminata, bir sıra əsas xidmətlərə cavabdehdirlər;

5. İşgüzar birlik. Kadrların hazırlanması prosesinin iştirakçılarıdırlar, məktəb Şurasında nümayəndələri olur. 

 

Britaniyada adambaşı maliyyələşmə formulunun komponentləri aşağıdakılardır: 

 

1. Baza maliyyələşməsi. Məktəb büdcəsinin 80%-ni təşkil edir. Maliyyələşmənin həcmi təhsilalanın yaş qrupundan asılıdır və ildən-ilə artır. Ən çox pul 16-18 yaş qrupuna xərclənir. 

2. Tədrisdə əlavə ehtiyaclar. Məktəb büdcəsinin 5%-ni təşkil edir. Bu, məktəbdə xüsusi ehtiyacı olan uşaqların sayından asılıdır. Söhbət məhdud imkanlı uşaqlardan gedir. Bu növ maliyyələşmə ayrıca olaraq müzakirə edilir və qərar qəbul olunur. 

3. Məktəb özəllikləri. Büdcənin 14%-i. Elə məktəblər var əlavə ehtiyacları olur. Bu halda özəl xərclərə müraciət edilir. Belə məktəblərdə müəllimlərin əməkhaqqı normativi ortadan yuxarı müəyyən edilir. 

 

Kiçik məktəblərin əlavə maliyyələşməsi prosesi iki yolla həyata keçirilir:

 

- şagirdlərin faktiki və normativ sayı arasındakı fərqə uyğun əlavə maliyyə resurslarının ayrılması;

- məktəblərə birbaşa maliyyə vəsaitinin verilməsi.

Kiçik məktəblərin binasının yararlı vəziyyətdə saxlanılması məqsədilə əlavə xərclər də nəzərdə tutulur. Bu, büdcənin təqribən 7%-i edir. 

Məktəb işçilərinin maaş həddi dövlət səviyyəsində müəyyən olunub. Ancaq məktəblərin işçilərinə əlavə maliyyə ödəmələri etmək hüquqları var. Əməkhaqqının dövlət tərəfindən maliyyələşməsi orta dərs yükünə əsasən həyata keçirilir. Məktəblərin özlərinin işçilərə verdikləri maaş isə bir çox halda orta göstəricidən yüksək olur. Orta və faktiki əməkhaqqı arasındakı fərqi dövlət yalnız kiçik məktəblər (330 nəfərədək şagirdi və 12 nəfərədək müəllimi olan) üçün kompensasiya edir. Digər məktəblər bu vəsaiti özləri axtarıb tapmalıdırlar. 

 

Pedaqoqun əməkhaqqının ödənməsi və onun stimullaşdırılması kontingentin sayı və konkret hər bir müəllimin işinin keyfiyyəti amilinə bağlanmayıb. İngiltərədə müəllimlərin maaşının diferensasiyası (dərs keyfiyyətinə görə) təklifi neqativ qarşılanır: bu yanaşma məktəblərdə psixoloji ab-havaya mənfi təsir göstərə bilər. 

 

İngiltərədə adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsindən ən çox uduzan kiçik kənd məktəbləri olur. Bu səbəbdən yerli idarəetmə orqanlarına icazə verilir ki, belə məktəblərə (220-dək şagirdi olanlar) münasibətdə həmin yanaşmanı tətbiq etməsinlər. Bu məktəblər birbaşa yerli orqanlar vasitəsilə maliyyələşirlər. 

 

Beləliklə, Britaniyada adambaşı maliyyələşmənin tətbiq edilməsindən sonra baş verənlər bunlardır:

 

1. Tədris prosesinin maliyyələşməsinin artırılması məqsədilə əməliyyat xərclərinin azaldılması;

2. Personalın müqavilə əsasında işə götürülməsi;

3. İdarəetmə xərclərinin azalması;

4. Köməkçi personalın müqavilə ilə işə götürülməsi. Bu, imkan verir ki, müəllim heyəti sırf dərsə diqqət ayırsın.

 

Ancaq sözügedən mexanizmin neqativ fəsadları da var:

 

1. Orta və ilkin məktəblər arasında resursların ədalətsiz paylaşımı;

2. Təhsil ocağının nüfuzunu qorumaq üçün “arzuedilməz” şagirdlərin məktəbdən uzaqlaşdırılması.

 

ABŞ

 

Amerikada baza maliyyələşməsi təhsilin səviyyəsinə (ilkin, əsas orta, ümumi orta) uyğun olaraq təhsilalanın ehtiyaclarından irəli gələrək müəyyən edilir. ABŞ-da ilkin məktəbdə intensiv tədrisə üstünlük verilir. Bu, gələcəkdə digər mərhələlərdə maliyyələşmənin azaldılmasına şərait yaradır. 

 

Hər bir ştat təhsilalanların uçotunun aparılması üsulunu özü müəyyən edir. Maliyyələşmə formulu həmçinin əlavə ehtiyacları, ayrı-ayrı fənlərin daha dərindən tədrisi, məktəb binalarının yerləşməsi və xüsusiyyətlərindən irəli gələn amilləri də nəzərə alır. Britaniyadan fərqli olaraq Amerikada məktəblər maliyyənin bölünməsi prosesində iştirak etmirlər, onların heç bank hesabları da yoxdur. Direktorun işi müəssisənin fəaliyyətini, yəni binanın saxlanılması, maddi bazanın qorunması kimi məsələləri nəzarət etməkdən ibarətdir. Maliyyələşmə tam olaraq dairə instansiyaları vasitəsilə həyata keçirilir. 

 

Avstraliya

 

Avstraliyanın ştatlarında təhsilə cavabdeh yerli orqanlar strateji nizamlama mərkəzlərinə daxildirlər. Model belə işləyir: dövlət büdcəsindən vəsaitlər ümumi və məqsədli qrantlar formasında ştatlar arasında bölüşdürülür. Ştatın büdcəsindən pullar məktəbə verilir. Onlar həmçinin təhsil ocağına əlavə vəsaitlər də verə bilərlər. Avstraliya hökuməti hər il ilkin və orta məktəblərə 30 milyard dollardan çox vəsait xərcləyir. Ayrılan vəsaitin 87%-i məktəb büdcəsinə daxil olur. 5% təhsil orqanlarının aparat xərclərinə sərf edilir, 8% qeyri-standart xərclər hesab olunur (təhsilalanların nəqliyyat xərcləri, kasıb ailələr üçün məktəbli formaları və dəftərxana ləvazimatlarının alınması, psixoloqların, loqopedlərin xidmətlərinin ödənməsi).

 

Viktoriya ştatında adambaşı maliyyələşmə prosesi 20 ildir tətbiq olunur. Burada büdcənin 90%-i məktəblərə verilir. Məktəb şuraları şəxsi büdcələrini nizamnamələrinə uyğun şəkildə təsdiqləyirlər. Həmçinin xərclənmə prosesinə də cavabdehdirlər. Adambaşına maliyyələşmə aşağıdakı komponentləri nəzərə almalıdır:

 

- Baza maliyyələşməsi (şagirdin sayına uyğun). Tədris prosesinin pillələrinə uyğun diferensiallaşma həyata keçirilir. İlk iki il üçün maliyyə yükü 3-4-cü siniflərinkindən yüksəkdir. 5-12-ci siniflərdə isə maliyyələşmənin artan formulu işləyir. Bu siniflərdə fənlərin sayı, mürəkkəbliyi, dərinliyi, ali məktəblərə hazırlıq amilləri nəzərə alınır;

- Dərinləşdirilmiş proqramların maliyyələşdirilməsi. Məktəb büdcəsinin 2,3%-i məhz belə məqsədli proqramlara xərclənir. Söhbət, məsələn, aborigen uşaqların təhsili, yaxud müəllimlərin ixtisasartırmasından gedir;

- Maliyyələşmənin məktəblərin ölçüsündən asılı olaraq dəqiqləşdirilməsi (təhsilalanların sayına uyğun olaraq);

- Məhdud imkanlı uşaqların və imkansız ailələrin övladlarının təhsilinə ayrılan əlavə vəsaitlər;

- Kənd məktəblərinin müəllimlərlə təminatı, nəqliyyat xərcləri, digər personalın əməkhaqqlarının ödənməsi üçün əlavə maliyyələşmə.

 

Məktəb binasının istismar xərcləri isə ümumi büdcənin təqribən 5%-ni təşkil edir. 

 

Kanada

 

Bu ölkədə məktəblərin maliyyələşməsi məktəb dairələrini yan keçməklə birbaşa ştatın büdcəsindən həyata keçirilir. Ancaq məktəblər onlara ayrılmış büdcənin idarə olunmasında müstəqildirlər. Ayrılmış vəsait tədris prosesinin mərhələsindən asılı olaraq təhsilalana nisbətən müəyyən edilir. İlkin məktəblərə ayrılan vəsait daha böyükdür. Bu maliyyələşmə modeli tədris prosesində əlavə ehtiyacları da nəzərə alır:

 

- ayrı-ayrı fənlərin dərin tədrisi;

- aztəminatlı ailələrin uşaqlarına müavinət və nəqliyyat xərcləri;

- yerləşmənin xüsusiyyətləri (məktəblərin iri administrativ mərkəzlərdən uzaqlığı nəzərdə tutulur).

 

Adambaşı maliyyələşmə modeli Kanadanın təhsil sistemi üçün innovasiyadır. Ancaq bu mexanizmin yenicə tətbiq olunmasına baxmayaraq, çox işləkdir və tələb olunan kriteriyalara cavab verir. 

 

Rusiya

 

Adambaşı maliyyələşmə mexanizmi Rusiyada məktəb işçilərinin əməkhaqlarının yeni ödənmə sistemi və məktəblərə verilmiş maliyyə-təsərrüfat müstəqilliyi ilə paralel həyata keçirilir. 2007-2009-cu illərdə bir sıra regionlarda adambaşı maliyyələşmə mexanizmi pilot layihə kimi sınaqdan çıxarılıb. Layihədə 31 region iştirak edib, prosesə 20,5 min məktəb, 5 milyon məktəbli, 800 min təhsil işçisi, 450 min müəllim cəlb edilib. Hazırda Rusiyanın bütün məktəbləri normativ-adambaşı maliyyələşmə mexanizminə keçirilib. 

 

Rusiyada məktəblər büdcə və muxtar təhsil müəssisələridirlər. Müşahidə və idarəetmə şuraları var. Bu məktəblərin müstəqil fəaliyyətləri üçün geniş imkanları mövcuddur. Rusiya məktəblərinin tədris prosesinin maliyyələşməsi mərkəzi büdcədən həyata keçirilir, təhsil mühiti isə yerli büdcələrdən qaynaqlanır. Təhsil pilləsi nə qədər yüksəkdirsə, adambaşı maliyyənin həcmi də o qədər yuxarıdır. Bu formula tək təhsilalanların sayını deyil, regional özəllikləri də nəzərə alır. Məktəbin rəhbəri özü maliyyənin xərclənmə istiqamətlərini müəyyən edir. Məktəbin qarşısında duran məqsədlər əsas götürülür. Direktorun həmçinin xərclənməmiş vəsaiti qənaət etmək hüququ da var. Əməkhaqqı strukturunda maaşdan əlavə olaraq tədrisin keyfiyyətinə uyğun ödəmələr mümkündür. Bunu artıq məktəbin idarəetmə şurası müəyyən edir.

 

Rüstəm QARAXANLI