20.10.2017

“Musiqimizi dünya arenasında tanıtdırmaq ən ümdə arzumdur”

Prezident təqaüdçüsü Atilla Məmmədov xaricdə təhsil almaq istəyir

 

...Onunla görüşə getməzdən öncə yutubda yerləşdirilən mahnılarını dinləməyi qərarlaşdırdım. İnanmaq olmurdu ki, bu səs 7, 8, 9 yaşlı bir uşağın boğazında bala çevrilib yayılırdı aləmə. Düzdür, dünya estrada səhnəsində Atilla yaşda istedadlı uşaqların maraqlı ifalarını tez-tez dinləyirik. Hər birinin də özünəməxsus səsi, öz ahəngi, öz səhnə mədəniyyəti, ifaçılıq məharəti fərqlidir. Haqqında yazı hazırlamaq istədiyim bu yeniyetmədə cəlbedici hal bu idi ki, bölüşdüyü səhnələrdə yüksək aktyorluq məharəti nümayiş etdirərək tamaşaçını tək səsinə deyil, həm də səhnə davranışlarına da diqqət kəsilməyə məcbur edirdi. İfalarını dinlədikcə qürur hissi keçirirdim. 

 

Musiqili Teatrın kiçik aktyoru

 

Atilla Məmmədov 2007-ci ildə anadan olub. Bakıdakı K.Səfərəliyev adına 16 nömrəli musiqi məktəbinin IV sinif şagirdidir. Hazırda 20 nömrəli məktəb-liseydə təhsil alır. Dərs əlaçısıdır. 4 yaşından musiqi ilə məşğul olur. İlk dəfə musiqi məktəbləri arasında keçirilən respublika müsabiqəsində iştirak edərək birincilik qazanıb. Heydər Əliyev Sarayında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Pillə” uşaq festivalında Atilla Məmmədovun ifası tamaşaçıları heyran edib. 2015-ci ildə isə respublikada keçirilən “Azərbaycanın səsi” usaq müsabiqəsinə qatılıb və həmin müsabiqənin qalibi olub. Münsiflər heyəti onun ifalarını çox bəyənib və yeniyetmə ifaçını qeyri-adi istedad sahibi adlandırıb. Bütün mahnıları peşəkarcasına ifa etməsi, səhnədə sərbəstliyi onun yüksək aktyorluq məharətinə yiyələndiyini də təsdiqləyir. Həmin il Atilla Türkiyədə keçirilən “O səs çocuqlar” uşaq festivalında Azərbaycanı təmsil edib və birincilik qazanıb. İngiliscə ifa etdiyi mahnını dinləyən münsiflərdən biri heyranlığını gizlədə bilməyərək səhnəyə çıxıb və onu bağrına basaraq öpüb. Beləcə, 10 yaşlı Atilla qısa müddət ərzində bir sıra respublika və beynəlxalq müsabiqələrdə iştirak edib və I yerlərə layiq görülüb. İtaliyada keçirilən “Testeneart -2017” adlı beynəlxalq musiqi festivalında ifa etdiyi mahnılar da münsifləri yerində rahat oturmamağa məcbur edib. Belə ki, onlar tamaşaçılarla bərabər ayaq üstə qalxaraq balaca ifaçını alqışlayıblar və onu I yerə layiq görüblər. Yeniyetmə ifaçı mütəmadi olaraq dövlət tədbirlərində çıxışlar edir. Oxuduğu mahnıların çoxu vətənpərvərlik mövzusundadır. Atilla nəinki vokal, eləcə də estrada və caz janrlarında yazılan klassik əsərləri də ifa etməyi bacarır. Təəccüblü görünsə də hazırda o, Azərbaycan Dövlət Musiqili Teatrın kiçik aktyorudur. Yaşından artıq düşüncə sahibi olan bu yeniyetmə öz üzərində səylə çalışır. 

 

Paytaxtımızı çox sevirəm

 

...Onunla söhbətləşərkən yaşından çox-çox böyük düşüncələrə malik olduğunun mən də şahidi oldum. 10 yaşlı bir yeniyetmənin vətən haqqında söylədiyi fəlsəfi fikirləri onun vətənpərvər ruhda tərbiyə olunmasından xəbər verirdi. Deyir ki, insan həyatı boyu arzularla yaşayır, elə mənim kimi. Arzularım çoxdur, gələcəkdə diplomat olmaq, xaricdə təhsil almaq arzusu ilə yaşayıram. Musiqimizi dünya arenasında tanıtdırmaq ən ümdə arzumdur, onun üçün də səylə çalışıram. Paytaxtımızı çox sevirəm. Həmişə anamla park və xiyabanlara gəzməyə çıxanda möhtəşəm binalara, tarixi yaşadan abidələrə, qədim tikililərə heyranlıqla baxıram.

 

2016-cı ilin dekabrında eşitdim ki, istedadlı uşaqların Heydər Əliyev Sarayında “Zima” Uşaq Estrada Musiqisi Festivalı keçirilir. Belə bir möhtəşəm festivalda iştirak etmək mənim üçün qürurverici idi. Nəhayət ki, “Ey vətən” mahnısını oxudum və qalib oldum.

 

Burak Kut mənimlə “O sole mio” ariyasını səsləndirdi

 

“O Səs Türkiyə” müsabiqəsinin uşaqlar üçün versiyası olan “O səs çocuklar” yarışmasına qatılmaq arzum nəhayət ki, reallaşdı. Dünya şöhrətli meksikalı ifaçı Aqustin Laranın “Qranada” mahnısını ifa etdim. Çıxışım münsifləri heyran etdi. Sonra səhnəyə çıxan Burak Kut mənimlə “O sole mio” ariyasını səsləndirdi. Zalda əyləşən tamaşaçılar məni və Burakı ayaq üstə alqışladılar. Sonda isə Müslüm Maqomayevin “Azərbaycan” mahnısından bir bəndi ifa etdim və seçimim Burak Kutun komandası oldu. Mənim səsimi, səhnə davranışımı, geyimimi müsabiqənin münsiflər heyətinin üzvləri Hadisə, Burak Kut və Oğuzcan Koçdur çox bəyəndilər. Həmin yarışmada 5 turdan keçib müsabiqənin finalisti oldum. Hətta Burak Kut mənə söz verdi ki, paytaxtımıza gələcək və Heydər Əliyev Sarayında konsert verəcək, mənimlə bir neçə mahnı duet də oxuyacaq. Dedilər ki, çox zövqlü uşağam. 2017-ci ildə Azərbaycan telekanallarının birində Elton Hüseynəliyevlə duet oxudum və həmin verilişdə mahnılarımdan ibarət olan albomumu Milli Konservatoriyanın rektoru, professor Səyavuş Kərimiyə hədiyyə etdim. Rektor albomu çox bəyəndi, vurğuladı ki, ilk addımların çox uğurludur. Səyavuş müəllim gələcəkdə keçiriləcək konsertlərimə onu da dəvət etməyi unutmamağı söylədi. Beş ildir ki, vokalla məşğul oluram. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan konsertdə məharətli ifalarım tamaşaçılarda xoş ovqat yaratdı. Həmin tədbirdə nümayiş olunan “Qələbə qazan, Azərbaycan”, “Azərbaycan” və “Ey vətən” kliplərim də alqışlarla qarşılandı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2017-ci ildə imzaladığı “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncamı ilə adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan və xüsusi aylıq təqaüdə layiq görülən istedad sahiblərinin sırasında mənim də adımın olması musiqi sahəsində fəaliyyətimə böyük stimul verdi...

 

...Atilla özü haqqında o qədər geniş və əhatəli danışdı ki, ona ünvanlamaq üçün hazırladığım sualları səsləndirməyə ehtiyac qalmadı. Artıq dilli-dilavər oğlanın dilindən səslənən cavablar diktafona köçürülmüşdü, qalırdı vərəqlərə köçürmək. Beləliklə, sadəcə yeniyetmə istedad sahibi kimi görüşdüyüm Atilla ilə mahir vokalist kimi ayrıldım.

 

Sifai SƏFƏROVA


Açar sözlər: