26.10.2017

İntellektual yarışın qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində keçirilən Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı intellektual oyunun qalibləri bəlli olub.

Oyunun final mərhələsində 83, 217, 276, 300 və 179 nömrəli tam orta məktəblərin və “İdrak” liseyinin oyunçularının təmsil olunduğu 8 komanda  yarışıb. Hər məktəb 6 nəfər oyunçu ilə təmsil olunub.

Finalda yarış iştirakçılarına YAP-ın yaranmasının 25 illiyi ilə əlaqədar olaraq 25 sual ünvanlanıb və hər sualın cavablandırılması üçün 1 dəqiqə vaxt ayrılıb.

Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən, 217 və 276 nömrəli tam orta məktəblərin komandaları eyni nəticəni göstərərək I, 300 nömrəli tam orta məktəbin komandası II, 179 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olub.

Qeyd edək ki, “25 il Azərbaycan naminə” adlı intellektual oyunun yekun tədbirində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər oyunun keçirilməsində əsas məqsədin Yeni Azərbaycan Partiyası və ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin aşılanması, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət olduğunu bildiriblər. Həmçinin, məktəblilər arasında intellektual oyunların keçirilməsinin zəruri və təqdirəlayiq olduğu da qeyd edilib.


Açar sözlər: ,