28.10.2017

Günüuzadılmış qruplara tələbat çoxdur

Valideynlər övladları məktəbdə olanda özlərini daha rahat hiss edirlər

 

Ölkəmizdə fəaliyyət göstərən orta ümumitəhsil məktəblərində dərsdənkənar bir sıra qruplar, dərnəklər fəaliyyət göstərir ki, bunlardan biri də günüuzadılmış qruplardır. Günüuzadılmış qruplar valideynlərin istək və arzularına uyğun olaraq, çoxsaylı müraciətlər əsasında yaradılır. Dövlət hesabına maliyyələşən bu qrupların yaradılmasında əsas məqsəd hər iki valideyni çalışan azyaşlı şagirdləri dərsdən sonra nəzarət altında saxlamaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ev tapşırıqlarının hazırlanmasına istiqamət verməkdir. Qruplara yalnız ibtidai sinif şagirdləri cəlb olunur. Hər bir qrupa bir müəllim, yəni tərbiyəçi müəllim nəzarət edir. 

 

Günüuzadılmış qruplar hələ sovetlər birliyi dövründən mövcud olub və müasir dövrümüzdə də dünyanın inkişaf etmiş əksər ölkələrində bu qrupların fəaliyyət meydanı genişdir. Bəs, ölkəmizdə hazırda bu qruplar necə fəaliyyət göstərir? Qrupların fəaliyyəti valideynləri qane edirmi? Qruplara tələbat varmı? Suallarımıza cavab tapmaq məqsədilə paytaxtda günüuzadılmış qruplar olan 245 və 83 nömrəli məktəblərdə olduq. Məktəb rəhbərləri, valideynlər və bu işə nəzarət edən rəsmilərlə söhbətləşdik. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ümumtəhsil sektorunun əməkdaşı Şirindil Əhmədov bizimlə söhbətində bildirdi ki, hazırda BŞTİ-nin tabeliyində olan 306 məktəbdə 184 günüuzadılmış qrup fəaliyyət göstərir. 

 

Bu qruplara 4000-nə yaxın şagird cəlb edilib: “Mövcud qaydalara uyğun olaraq tərbiyəçi müəllimlər qrup üzvləri ilə həftə ərzində 24 saat məşğul olurlar. Həmin müəllimlər şagirdlərin qidalanmasına, onların gəzintiyə çıxarıldılmasına, şifahi və yazılı ev tapşırıqlarının hazırlanmasına nəzarət edir. Məktəblərimizdə bu qruplarda şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün hər bir şərait mövcuddur”.

 

245 nömrəli məktəbin direktoru Ülviyyə İsmayılova isə adıçəklən məktəbdəki günüuzadılmış qruplar haqqında məlumat verərək bildirib ki, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq son iki ildə məktəbdə iki günüuzadılmış qrup təşkil olunub. Bu qruplar həm səhər, həm də günorta növbəsində təhsil alan şagirdlər üçün nəzərdə tutulub: “Qeyd edim ki, məktəbimizdə 35 ibtidai sinif var. 35 sinfə rəğmən yalnız iki qrup fəaliyyət göstərir ki, bu da qruplarda şagird sıxlığına səbəb olur. Valideynlərin çoxu övladlarını bu qruplarda yerləşdirmək istəyir. Məsələ ilə bağlı məktəbə valideynlər tərəfindən çoxlu sayda müraciət olur. Biz çalışırıq ki, yalnız hər iki valideyni işləyən uşaqları qruplara cəlb edək. Bir faktı nəzərə çatdırım ki, təkcə bu il məktəbimizdə 280 şagird birinci sinifə daxil olub ki, onların da ən azı 50 faizinin valideynləri işləyənlərdir”. 

 

Məktəb direktoru onu da qeyd edib ki, qruplarda uşaqların asudə vaxtları səmərəli təşkil olunur. Müəllimlər şagirdlərin ev tapşırığını hazırlanmasında onlara kömək edirlər. Bundan başqa, şagirdlər boş vaxtlarında əyləncəli oyunlar oynayır, cizgi filmlərinə baxırlar.

 

83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində cəmi bir qrup fəaliyyət göstərir və qruplarda şagirdlərin vaxtlarını səmərəli keçirmələri üçün normal şərait mövcuddur. Məktəbdə digər bir qrupun da açılmasına ciddi ehtiyac olduğunu nəzərə çatdıran N.Mahmudov deyib: “Məlumat üçün bildirim ki, işləyən valideynlər bu məsələ ilə bağlı bizə yazılı şəkildə xeyli müraciət ediblər. Məktəbimizdə bir qrup olduğu üçün biz valideynlərin hamısının müraciətlərinə müsbət cavab verə bilmirik. Lakin buna baxmayaraq, dərindən araşdırıb cox ciddi ehtiyacı olan valideynlərin övladlarını bu qruplara cəlb edirik”.

 

Valideyn Vəfa Quliyeva deyir ki, iki övladı 245 nömrəli məktəbin günüuzadılmış qrupuna yazılıb: “Yoldaşım və mən hazırda dövlət müəssisəsində çalışırıq. Hər ikimiz günün əksər hissəsini işdə oluruq. Ona görə də övladlarımızı bu qruplara yazdırmaq məcburiyyətindəyik. Nəzərə çatdırım ki, yaşadığımız ərazidə iki məktəb var. Lakin həmin məktəblərin heç birində günüuzadılmış qrup olmadığına görə, uzaqda olsa da, övladlarımızı 245 nömrəli məktəbə gətiririk. İşdə olarkən övladlarımdan cox arxayınam. Bilirəm ki, onlar nəzarətsiz deyillər. Burada hər cür şərait var. Uşaqlarım qrupda olduqları zaman həm əylənir, həm də ev tapşırıqlarını edirlər”.

 

245 nömrəli məktəbin digər valideyni Xanim Vəliyeva isə bildirir ki, məktəbə ərizə ilə müraciət etməsinə baxmayaraq, övladını günüuzadılmış qrupa yerləşdirə bilməyib. “ Özüm həkiməm. Yoldaşım da işləyir. Uşaqlara görə mən işə gedə bilmirəm. Məktəbə günüuzadılmış qruplarla bağlı müraciət etsəm də, yer olmadığını dedilər. Düşünürəm ki, bu qrupların sayı çox olarsa, mən və mənim kimi çoxlu sayda valideyn işə çıxa bilərik”. 

 

83 nömrəli məktəbin valideyni Nisə Nağıyeva da günüuzadılmış qrupların vacibliyindən danışıb. O, Xırdalanda yaşamağına baxmayaraq, bu qruplar olduğu üçün övladını Binəqədi rayonunda yerləşən 83 nömrəli məktəbə gətirdiyini deyir: “Övladımın bu məktəbdə təhsil alması mənim üçün çox önəmlidir. Çünki sərbəst şəkildə işə çıxıram. Övladımdan narahat deyiləm. Bilirəm ki, müəllimlər dərs qurtaran kimi uşaqları həmin qruplara aparır və onlar tam nəzarət altında olurlar. Burada müəllimlərin də zəhmətini xüsusilə vurğulamaq istərdim. Onlar uşaqlara həm əyləncəli oyunlar oynadır, həm də ev tapşırıqlarına kömək edirlər”.

 

İstər təhsil işçiləri ilə, istərsə də valideynlərlə söhbətimizdən məlum oldu ki, paytaxt məktəblərində günüuzadılmış qruplar mövcud olsa da, kifayət qədər deyil. Paytaxtda bu qrupların sayının artırılmasına ciddi ehtiyac var.

 

Niyazi RƏHİMOV


Açar sözlər: ,