01.11.2017

Məktəblilər arasında hüquq olimpiadası

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri arasında 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilir.

Hər il paytaxtın bir rayonu üzrə məktəbliləri əhatə edən bilik yarışı bu dəfə Sabunçu rayonunda təşkil olunur.

Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən olimpiadanın əsas məqsədi gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsindən ibarətdir.

Hüquq olimpiadası Bakı şəhərinin Sabunçu rayonundakı ümumi təhsil müəssisələrinin şagirdləri arasında noyabrın 6-dək təşkil ediləcək. Olimpiadada rayonda yerləşən 46 məktəbin hər birindən 20 nəfər X və XI sinif şagirdi iştirak edir.

Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunur.

Olimpiadanın sonunda qaliblərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunacaq.


Açar sözlər: ,