03.11.2017

İdman sağlamlığın rəhnidir, yoxsa biliyin düşməni?

Və yaxud “iki yoldan birini seç” zərurəti

 

Azərbaycanda idmana və idmançıya hər zaman maraq göstərilib. Buğa ilə döyüşdən qalib çıxmayan, öz tayfasında yaşıdlarının biləyini bükməyən, at çapıb qılınc oynatmayan, qurşaq tutub kürək yerə vurmayan oğula eldə ad belə qoymayıblar.
Xalqın “vuran-tutan” oğlanlara heyranlığı indi də qalır. Odur ki, el şənliklərində cavanların öz məharətini göstərdiyi obalarımızın sayı az deyil. 

 

Bir sözlə, “ürəkli”, “biləkli” cavan yetişdirmək millətimizin öz keçmişindən qaynaqlanan dəyərdir və bu ənənənin davamı olaraq əksər ailələrdə məktəb yaşına çatan uşaq hər hansı idman növü ilə də məşğul olmağa başlayır. Beləliklə, məktəbə gedən idmana da gedir. 

 

Yolayrıcı

 

Ancaq elə ki, uşaq 14-15 yaşa çatdı, onun qarşısında iki yol ayrılır. Özü də iki işi, bilik və bacarıq əldə edərkən idmanla da məşğul olmağı öyrənməyə başladığı bir vaxtda qarşısına seçim şərti qoyulur. Beləliklə, iki vacib sahədən birini seçməli olur. 

 

Peşəkar idmanla məşğul olanlar yavaş-yavaş məktəbdən uzaqlaşıb üstünlüyü məşqlərə verir, digər ixtisas sahələri üzrə hazırlaşmaq istəyənlər isə idmandan ayrılıb kitablara bağlanır. Beləliklə, əksər ailələr övladına çox böyük həvəslə təlqin etdiyi idman növünü sonradan onun həyatından çıxarır. “Həvəsdi, bəsdi” deyib, uşağı idmandan uzaqlaşdırır, akademik biliyini artırmaq üçün onun fəaliyyətini məktəblə məhdudlaşdırırlar. Nəticədə məktəblə idmanın yolları ayrılır.

 

Səbəb?

 

“İki yoldan birini seç”, - zərurəti hardan meydana çıxır, nədən qaynaqlanır? “Azərbaycan müəllimi” bunun səbəbini araşdırmağa çalışıb. Maraqlanıb ki, görəsən, idman məşğuliyyəti olan uşaqların sayı yuxarı siniflərə getdikcə niyə azalır? Yaxşı oxuyan uşaqlar idmandan niyə uzaqlaşdırılır? Niyə orta məktəbi bitirib Azərbaycan ali məktəblərinə qəbul olunan idmançıların adı-sanı yoxdur? Bir uşağa məktəbdə və ya universitetdə oxuya-oxuya idmanla məşğul olmağa, uğurlar qazanmağa nə mane olur axı?

 

Yuxarı siniflərdə idmançı uşaqların sayı azalır

 

Cavabsız suallar çoxdur. Ancaq indi onları bir-bir cavablandırmaq vaxtıdır. İdman məşğuliyyəti olan uşaqların sayının yuxarı siniflərə getdikcə azalmasının səbəblərindən başlayaq. Məsələn, Bəxtiyar Osmanov uşaqlıqda güləşə çox böyük həvəs göstərsə də, 15 yaşına çatanda idmandan uzaqlaşmağa özü qərar verib: “Oxumağa həvəsim yox idi. Güləşçi olmaq istəyirdim. İstəyimə nail olana qədər də ailəmlə mübarizə aparmalı oldum. Oxumağımı istəyirdilər. Anamın güləşlə bağlı ayrıca narahatlığı vardı, “qulağın qırılacaq, eybəcər olacaqsan”, - deyirdi. Heç nəyə qulaq asmadım. Güləşə getdim. Ancaq IX sinfə çatanda anladım ki, kənddən çıxmaq istəyirəm, buna isə ancaq oxumaqla nail ola bilərəm. Odur ki, güləşlə vidalaşıb kitablarla barışdım. Oxuyub Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil oldum. Orada da dərslərə başım qarışdı, idmana vaxt qalmadı”.

 

Fiziki tərbiyə müəllimi, məktəbdə ayrı-ayrı idman növləri üzrə məşqlər təşkil edən Göygöl rayon Xəqani kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Ruslan Məhərrəmov bu məsələdə valideynləri və cəmiyyəti günahlandırır: “Təəssüf doğuran hal odur ki, illərlə məşğul olur, 7-8-ci sinifdə, yəni zəhmətinin bəhrə verən vaxtlarında uşağı idmandan uzaqlaşdırırlar. Bu fikir ailədən gəlir. Valideynlər belə düşündükləri üçün uşaq psixologiyasını da elə formalaşdırırlar. Uşaq da fikirləşir ki, ya oxumalı, ya da idmanla məşğul olmalıdır. Halbuki onlara fərqli fikir təlqin edilsə, onlar həm oxuyub, həm də maraq göstərdikləri idmanla məşğul ola bilərlər. Hamı elə hesab edir ki, idman uşağın təhsilinə mane olur. Halbuki uşaqları telefondan, kompüterdən uzaqlaşdırıb məhz fiziki hərəkətlər edə biləcəyi fəaliyyət növlərinə yönləndirmək lazımdır. Görünür, stimullaşdırıcı tədbirlərə də ehtiyac var. Maarifləndirmə də olmalıdır. İdmanla məşğul olmağın uşağın sağlamlığından tutmuş zehni imkanlarının genişləndirilməsinə qədər böyük faydası olduğunu izah etmək lazımdır”.

 

İdmanla kitab bir arada

 

Yəni, akademik biliklər qazanmaq üçün idmandan uzaqlaşmaq şərt deyil. Həm təhsil alıb, həm də idmanla məşğul olmaq mümkündür. Hətta buna nail olanlar da var. Məsələn, millət vəkili, əməkdar bədən tərbiyəsi və idman xadimi, karate üzrə Avropa və dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. Əczaçılıq sahəsində çalışıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Sizcə, əldə etdiyi bu qədər nailiyyətə necə nail olub? 

 

Ü.Quliyev bu uğurları idmanla məşğul ola bilən hər kəsin bacaracağından əmindir: “İdmana 12-13 yaşımdan başladım. Bir daha da buraxmadım. Vaxtını düzgün bölən, işini doğru planlaşdıran hər insan bunu bacarar. Həm institutda oxuyurdum, həm də məşqə gedirdim. Təhsil aldığım illərdə Tibb Universiteti institut idi. Məktəbə və ya instituta gedir, qayıdanda bir az dincəlir, sonra məşqə gedirdim”.

 

İdmanla məşğul olmaq təhsildə uğur qazanmağa kömək edir

 

Ü.Quliyevin fikrincə, idmanın həm təhsildə, həm də insanın şəxsiyyət kimi formalaşmasındakı rolu əvəzsizdir: “Məşqdən sonra oxuduqlarım yaddaşımda daha tez qalırdı. Enerjim təzələnmiş olurdu. Məktəbli və tələbələr hər halda bunu bilirlər. İdmanla məşğul olmaq zehni təmizləyir, mənfi enerjini, stressi, gərginliyi aradan qaldırır. İdmandan sonra kitab oxumaq, mütaliə etmək, dərs öyrənmək daha asan olur. Üstəlik, idman insanda fərqli keyfiyyətlər formalaşdırır. Səbr eləməyi, bir işlə uzun zaman məşğul olmağı, qələbə sevincini, məğlubiyyətdən dərs çıxarmağı öyrədir adama. İdman insanda iradə, əzm formalaşdırır. Çətinliyin öhdəsindən gəlməyi öyrədir. İdmanla məşğul olanlar saatlarla oturub kitab oxuya bilir. Başqa sözlə, idmanla məşğul olmaq təhsildə uğur qazanmağa kömək edir ki, mane olmur. Həyatda insan üçün ən dəyərli şey vaxtdır. İdman sayəsində vaxtını bölməyi öyrənirsən”.

 

Millət vəkili müasir dövrdə idmanla məşğul olmağın çətinliklərini də istisna etmir. Onun fikrincə, indi bu, elə də asan deyil: “Bizim vaxtımızda bu qədər çox yarış təşkil edilmirdi. Az-az hallarda yarışlara hazırlaşır və ya gedirdik. Ona görə idman təhsil almağımda çətinlik yaratmadı. Ancaq indi yarışlar tez-tez keçirilir. İmtahanlar və yarışlar eyni vaxta düşəndə problem yaranır. Məktəb proqramları da bizim vaxtımızdakı ilə müqayisədə xeyli dərəcədə çətinləşib. Bunu nəzərə alanda, düşünürəm ki, indiki nəsil üçün ikisini paralel inkişaf etdirmək çətinlik törədə bilər”.

 

 

İdman təhsilə, təhsil idmana problem yaradanda

 

İndiki nəslin nümayəndələri üçün bu, doğrudanmı çətindir? Bəs, onlar bu çətinliyin öhdəsindən necə gəlir? 

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həm imtahan verib, həm də məşqlərə hazırlaşan, idmanla peşəkar səviyyədə məşğul olan 50 tələbə təhsil alır. Onların arasında həm akademik, həm də idman nailiyyəti yüksək olanlar kifayət qədərdir. Məsələn, Alena Rəfixanova stend atıcılığı, Qurban Şabanov güləş üzrə beynəlxalq yarışlarda ciddi uğurlara imza atıblar. Müsahibimiz Fəridə Əliyeva UNEC-ə daxil olanda karate üzrə dünya üçüncüsü, dünya kubokunun sahibi olub. Universitetin Türk dünyası işlətmə fakültəsinin III kurs tələbəsi olsa da, idman üzrə nailiyyətlərindən məktəb illərindən qalan xatirə kimi danışmır. Tələbə olandan bəri artıq iki böyük beynəlxalq yarışda iştirak edib. Həm IV İslam Həmrəyliyi Oyunlarında, həm də “İstanbul Open” turnirinə qatılaraq böyük uğura imza atıb: “Hesab edirəm ki, həm oxuyub, həm də idman uğuru qazanmaq mümkündür. Buna vaxtı düzgün bölməklə nail olmaq asandır”.

 

Amma bununla belə məktəbli və tələbələrin idman həyatında ali və orta məktəblərin payının, rolunun artırılması lazımdır. Bəs necə? 

 

Məsələ burasındadır ki, idmana maraq oyandırmaq, məktəblilərə sağlam həyat tərzi aşılamaq üçün əsas vasitələrdən biri məktəblərdə keçirilən fiziki tərbiyə dərsləridir. Məhz fiziki tərbiyə müəllimləri uşaqlara idmanı sevdirə bilər. Məsələn, kənd müəllimi R.Məhərrəmov buna nail olub: “Voleybol, basketbol idman növləri üzrə xüsusi qruplar yaratmışam. Onlarla mütəmadi məşğul oluram, həvəsləndirmək üçün əlimdən gələni edirəm. Nəticəsi də olur. Bir qrupda 40 uşağım olur. Məşqlərə çox böyük maraq var. Fəaliyyət göstərdiyim 11 il ərzində məktəbin imkanları hesabına uşaqları əlavə məşqlərə cəlb edə bilmişəm. Artıq qonşu kəndlərdən də məktəbimizə məşq etməyə gələnlər olur. Hazırda çalışdığım məktəbdə respublika çempionu olan, ölkədə sayılıb-seçilən 3 şagirdim var ki, onlar həm oxuyurlar, həm də həndbol üzrə böyük nailiyyətlər qazanırlar. Düşünürəm ki, maarifləndirməni artırmaqla bunu inkişaf etdirmək mümkündür”.

 

İdmana sevgi aşılanır

 

Millətə sağlam nəsil, dövlətə sağlam vətəndaş yetişdirmək məktəbin vəzifəsidir. Odur ki, idmana sevgi də məhz burada aşılanmalıdır. İdmanın kütləviliyinə məhz məktəbdən nail olunmalıdır. Çünki idman məktəbin əsas vəzifəsinin - şəxsiyyət, vətəndaş yetişdirməyin öhdəsindən gəlmək üçün ən optimal variantlardandır.Təhsil naziri Mikayıl Cabbarov təhsildə idmanı inkişaf etdirməkdə 2 məqsədi xüsusi vurğulayır: “İdmanla məşğul olmağın kütləviliyini artırmaq və ənənəvi akademik biliklərlə yanaşı, şagirdlərimizə sağlam həyatın, idman rəqabətinin, idmanda uğurun, oxuduğu məktəbin və vətəndaşı olduğu dövlətin bayrağını zirvələrə qaldırmağın necə bir hiss olduğunu aşılamalıyıq. Gənclərimiz üçün bunun başqa bir əhəmiyyəti də var. Onlar məşhur idmançılarla ünsiyyətdə olmaq imkanı qazanırlar. Uşaq yaşlarında insan üçün ən yaddaqalan anlar məhz idman ab-havasında yaşadıqları olur”. 

 

Sağlam, qələbənin dadını bilən, məğlubiyyətdən dərs çıxaran, əzmkar bir nəsil yetişdirmək üçün həyata keçirilənlərə gəlincə, məktəblərdə belə tədbirlər çoxdur. Təhsil Nazirliyi həm özünün reallaşdırdığı tədbirlərlə, həm də başqa qurumların təşkil etdiyi layihələrə qoşulmaqla idmanın məktəblərdə kütləviliyinə nail olmağa çalışır. 

 

İstək də var, şərait də

 

Məsələn, məktəblərdəki şəraitə və idmana verilən yerə baxaq. Hazırda orta məktəblərin tədris planına uyğun olaraq, fiziki tərbiyə dərslərinin həftəlik dərs yükü 1-ci sinifdən 11-ci sinfədək 2 saatdır və qurumda hesab edirlər ki, bu 2 saat effektiv keçirilərsə, yaxşı nəticələrə gətirib çıxara bilər.

 

Qeyd edək ki, bunun üçün məktəblərin böyük əksəriyyətində şərait var. 2003-cü ildən başlayaraq, 3000-dən çox ümumtəhsil məktəbi yenidən tikilib və ya əsaslı təmir edilib. Bu da o deməkdir ki, ən azı 3000 məktəbin idman zalı fəaliyyət göstərir, yaxud da onların idman meydançaları yenidən qurulub. Azərbaycanın elə ümumtəhsil məktəbləri var ki, onların idman infrastrukturu ən müasir səviyyədədır. Belə məktəblərdə hətta yüksək səviyyəli yarışlar da keçirilə bilər.

 

Ümumiyyətlə, məktəb binalarının tikilməsi və yenidən qurulması zamanı idman infrastrukturunun qurulması mütləq nəzərə alınır. Elə götürək, son istifadəyə verilən məktəbləri. Prezident İlham Əliyevin iştirakı ilə bu təhsil ilində açılışı olan Salyan şəhər 2 nömrəli tam orta məktəbin 3 mərtəbədən ibarət binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı ilə yanaşı, idman və atıcılıq zalları da qurulub. 

 

İdman proqramları həyata keçirilir

 

Təhsil Nazirliyi idmanda kütləviliyi təmin etmək üçün işini sadəcə məktəb sərhədləri daxilində qurmur. Uşaqların daim hərəkətli olmasını təmin etməyə çalışan qurum ayrı-ayrı layihələr icra edir, idman qurumları, təşkilatları ilə birgə proqramlara qoşulur. Məsələn, Təhsil Nazirliyinin də tərəfdaşlarından biri olduğu “Olympic Moves” idman proqramına ötən il Bakı şəhərindən 330-dan çox məktəb və 60 minə yaxın şagird qoşulub. Bu il yarışlarda iştirak edən şagirdlərin sayının 100 minə çatacağı gözləniləndir. Çünki olimpiya hərəkatına bu il Bakıdan əlavə, Gəncə, Göygöl və Sumqayıt məktəbliləri də qoşulub. Üstəlik, yarış təşkil edilən idman növləri siyahısına voleybol da əlavə olunub. 

 

Üfüqi əməkdaşlıq formatına üstünlük verir

 

İdmanda kütləviliyi təmin edəcək addımlardan biri də qurulan əməkdaşlıqlardır. Təhsil Nazirliyi Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, o cümlədən ayrı-ayrı federasiyalarla birgə fəaliyyət həyata keçirir. “Məktəblərin qapısını federasiyaların üzünə açmağa çalışırıq. Təhsil müəssisələrinin maddi-texniki bazasından asılı olaraq, konkret əməkdaşlıq imkanlarını, harda hansı idman seksiyasının açılmasının mümkünlüyünü dəyərləndirir, hansı dəstəyi verə biləcəyimizlə bağlı təkliflər hazırlayırıq”, - deyən təhsil naziri M.Cabbarov təhsilin məzmununda idmanın, sağlam həyat tərzinin təbliğ edilməsi, şagirdlərin bu istiqamətdə maarifləndirilməsi məqsədi ilə onu da təklif edib ki, tədris proqramına idmanın və sağlam həyat tərzinin əhəmiyyətini izah edən maarifləndirici xarakter daşıyan əhatəli müasir məzmun əlavə olunsun: “Yəni, həyatda insan üçün ən böyük nemətin sağlam həyat tərzi ilə birbaşa bağlı olduğunu həyat bilgisi və başqa fənlər çərçivəsində təbliğ edə bilərik”.

 

Məktəbin reytinqində idmançısının sayı və nəticələri də nəzərə alınacaq

 

Təsadüfi deyil ki, Azərbaycanda orta məktəblərin reytinqini müəyyənləşdirən yeni meyarlar siyahısına məhz idman nailiyyətləri də salınıb. Bu barədə təhsil naziri Bakı şəhər təhsil işçilərinin konfransında çıxışı zamanı deyib: “Hesab edirəm ki, artıq sadəcə buraxılış imtahanlarının nəticələrini əsas götürmək kifayət etmir. Yaradıcılıq, akademik, beynəlxalq olimpiadalarda nəticələr, peşəkar və ya həvəskar olmağından asılı olmayaraq, idman sahəsində nailiyyətlər, kütləvi idmanda komandalarla iştirak və s. məktəblərin qiymətləndirilməsində nəzərə alınmalıdır”.

 

Bəs, universitetlər?!

 

Beləliklə, orta ümumtəhsil məktəblərində müəyyən işlər görülüb, yeni planlar qurulub. Həm istək var, həm də şərait yaradılır. Təhsil Nazirliyi sadəcə öz qüvvəsi ilə deyil, ölkədəki idman qurumlarının da imkanlarından istifadə edərək məktəblərdə idmanın kütləviliyini təmin etməyə çalışır. Bəs, universitetlər? Onlar nə vaxta qədər tələbələrinin uğurlarını qeydə almaqla kifayətlənəcək? 

 

Çində ali təhsil müəssisələrinin beynəlxalq yarışlara ev sahibliyi edəcək qədər yüksək səviyyəli stadionları var və xatırlayırsınızsa, həmin stadionlar Olimpiya Oyunlarının təşkil olunduğu əsas arenalardan idi. Azərbaycan universitetləri beynəlxalq yarışlara ev sahibliyi etməsə də, beynəlxalq yarışlarda adının tələbəsinin adı yanında çəkilməsini təmin edə bilər. Ya da təhsil alan idmançı tələbələrinin sayının artmasına təsir edə biləcək tədbirlər həyata keçirə bilər. İnkişaf etmiş ölkələrdə, məsələn, Amerikada universitetlər təhsil təqaüdləri ilə yanaşı, idman təqaüdləri də verir. Bu da tələbələrin bütün tədris illəri ərzində idmanın ayrı-ayrı növləri ilə məşğul olmasını, müxtəlif olimpiya və dünya yarışlarında uğurla çıxışını, hətta yüksək yerlər tutmasını stimullaşdırır. Bir mühüm faktı qeyd edək. ABŞ-da idmanın ayrı-ayrı növləri üzrə 33 tələbə təqaüdü təsis olunub ki, onların arasında olimpiya idman növləri də var. Nəticədə ali məktəblərin I kurslarına daxil olan tələbələr idman təqaüdlərindən də yararlanır. Elə götürək Rio-2016 Olimpiya oyunlarını. Bu yarışlarda ABŞ-ın Stenford Universitetinin tələbələri 11, Kaliforniya Los-Anceles Universitetinin tələbələri 7, Florida Universitetinin tələbələri 7 qızıl medal qazanıblar. Amerikalı tələbələrin qazandığı qızıl medalların ümumi sayı 47 olub. 

 

Elə bu səbəblərdən Amerikada şagirdlərin təhsillə yanaşı, idman bölmələrinə cəlb olunması yüksək səviyyədədir. Valideynlər yaxşı bilirlər ki, övladının idmanda qazandığı uğur ali məktəbdə də karına gələcək.

Amerikada universitetlərə məxsus stadionların şəraiti də yüksək səviyyədədir. Belə ki, ölkənın milli idman yarışları həm də universitetlərin idman arenalarında keçirilir. 

 

İdmanda uğuru olana...

 

Gəlin görək, Azərbaycanda nə etmək mümkündür?

 

İdmana, xüsusən, olimpiya idman növlərinə həvəsi artırmaq, ölkədəki yeniyetmə və gənclərin böyük olimpiya hərəkatına qoşulmasını təmin etmək üçün Azərbaycanda da bir sıra tədbirlər gözdən keçirilir. Nəzərdə tutulub ki, yeniyetmələrin ali məktəbə daxil olmaq üçün idmandan uzaqlaşmaması, əksinə, tələbə olandan sonra da idmana davam etməsi üçün həvəsləndirici güzəştlər tətbiq edilsin. Tutaq ki, olimpiya idman növləri üzrə nailiyyətləri olanlara ali məktəblərə qəbulda güzəşt edilə bilər. Güzəştin hansı formada olacağı məsələsinə gəlincə, müxtəlif variantlar müzakirə mövzusudur. Belə ki, dövlət sifarişli yerlərin sayı artırıla, əlavə olunan yerlər məhz idmançılar üçün nəzərdə tutula bilər. Yaxud, idmanda uğurlar qazanan abituriyentə ali təhsil müəssisəsinə qəbulda güzəştli bal tətbiq edilə bilər və s.

 

Vaxtdır!

 

Hələlik təklif olaraq nəzərdən keçirilən bu tip tədbirlərdə əsas hədəf universitetlərdə idmançıların sayını artırmaqdır. Ölkəmizdə idmanla məşğul olan, beynəlxalq yarışlara qatılan iqtisadçı, hüquqşünas, həkim, müəllimlər də yetişməlidir. “Məktəbdə idmanla məşğul olanlar İdman və Bədən Tərbiyəsi Akademiyasında təhsil almalı, sonra isə mühafizə qurumlarında işləməlidir” şəklində formalaşmış təsəvvürü dağıtmağın vaxtıdır. 

 

Ruhiyyə DAŞSALAHLI


Açar sözlər: