07.11.2017

Təhsil müəssisələrində görkəmli sənətkarın yubileyi qeyd edilir 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Şövkət Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir.

Belə ki, təhsil müəssisələrində Azərbaycanın ilk qadın opera müğənnisi, Xalq Artisti Şövkət Məmmədovanın 120 illiyinə həsr olunan konfranslar, ədəbi-bədii gecə, mühazirə və disputlar, “Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni” mövzusunda “Dəyirmi masa”lar təşkil edilir. Eləcə də təhsil müəssisələrində görkəmli sənətkar Şövkət Məmmədovaya aid fotostendlər, bülletenlər hazırlanır, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur.        

Tədbirlərdə unudulmaz sənətkar Şövkət Məmmədovanın həyat və yaradıcılığı, onun Azərbaycan opera sənəti tarixindəki xidmətləri, ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında danışılır. Azərbaycan xalq mahnılarının bənzərsiz ifaçısı Şövkət Məmmədovanın çoxşaxəli fəaliyyəti ilə ölkəmizin musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğu şagirdlərin diqqətinə bir daha çatdırılır.

Milli musiqi mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli ifaçıya həsr olunan tədbirlərdə şagirdlər Şövkət Məmmədovanın repertuarından xalq mahnıları ifa edirlər.