13.11.2017

Təhsil müəssisələrində Konstitusiya Günü qeyd edilib

Paytaxt məktəblərində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 12 noyabr - Konstitusiya Günü münasibətilə konfrans, “Dəyirmi masa”, seminar, olimpiada, müsabiqə və sərgilər təşkil olunub.

“Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir”, “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”, “Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” və digər mövzularda keçirilən tədbirlərdə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası haqqında ətraflı məlumat verilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının, həmçinin, ölkəmizdə 1996-cı ildən qeyd edilən Konstitusiya Gününün tarixi əhəmiyyətindən danışılıb. Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsinin çağdaş tariximizin ən mühüm hadisələrindən biri olduğu vurğulanıb. Konstitusiyanın ölkəmizin müstəqillik və dövlətçilik tarixində yeni səhifə açdığı qeyd edilib.

Tədbirlər çərçivəsində Konstitusiya tariximizə həsr olunmuş filmlər, videoçarxlar göstərilib. Məktəblilərin 12 noyabr - Konstitusiya Günü münasibətilə hazırladıqları əl işləri, rəsmlər və ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

12 noyabr - Konstitusiya Günü ilə əlaqədar keçirilən olimpiada, inşa və rəsm müsabiqəsi qaliblərinə fəxri diplomlar təqdim edilib.


Açar sözlər: ,