17.11.2017

Sağlam rəqabət mühiti möhkəmlənir

32 layihə paytaxt məktəblərində icra olunur.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 120 layihənin 32-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələrində icra edilir. Həmin layihələrin 15-i ümumi təhsil müəssisələri, 17-si fərdi kateqoriya üzrə qalib layihələrdir. Layihələr 3-12 ay müddətində icra ediləcək. 

 

BŞTİ-nin tabeliyindəki məktəblərdə hazırda müxtəlif mövzuları əhatə edən layihələrin icra olunması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Konfrans, “dəyirmi masa”, seminar, mühazirə, “açıq dərs” və görüşlər, şagirdlərin qarşılıqlı səfərləri təşkil edilir. 

 

Layihələrin həyata keçirilməsi, ilk növbədə, məktəb mühitində canlanma yaradır. İndi hər kəs ideya və əməyə görə dəyərləndirməni daha real görür, həm ümumi təhsil müəssisələri, həm də ayrı-ayrı müəllimlər dövlət dəstəyini daha yaxından hiss edir. Bundan başqa, məktəblər və müəllimlər arasında sağlam rəqabət mühiti möhkəmlənir, yeni ideyaların axtarışı istiqamətində işlər genişlənir. 

 

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində reallaşdırılan layihələrin uğurları yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır. Xüsusilə qeyd olunmalıdır ki, görülən işlərdən şagirdlər də örnək alır. Bu da onların gələcək nailiyyətlərinə müsbət təsir göstərir. 

 

Sağlamlıq imkanları məhdud olan istedadlı şagirdlər üzə çıxarılır

Kəmalə ŞIXLİNSKAYA

59 nömrəli tam orta məktəbin direktoru

 

Bakı şəhəri və ətraf rayonların ümumi təhsil müəssisələrinin xüsusi qayğıya ehtiyacı olan yaradıcılıq qabiliyyətinə malik istedadlı şagirdləri ilə bağlı layihə həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 59 nömrəli tam orta məktəb tərəfindən reallaşdırılan layihə “Fiziki qüsurlu istedadlı məktəblilərin I Forumu” adlanır. Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənən layihənin əsas məqsədi ümumilikdə sağlamlıq imkanları məhdud, eyni zamanda valideyn himayəsindən məhrum olmuş xüsusi istedadlı, yaradıcılıq qabiliyyətlərinə malik yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasından ibarətdir. 

Ehtiyacı olan şagirdlərə qayğı

Qeyd edək ki, ölkəmizdə sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan insanlara xüsusi diqqət və qayğı göstərilir. Bu istiqamətdə bir sıra işlər görülür, layihələr həyata keçirilir. Lakin aparılan araşdırmalar göstərir ki, bu sahədə mütəmadi olaraq işlərin görülməsinə ehtiyac var. 

Belə layihələrin həyata keçirilməsi onları həvəsləndirir, fəaliyyətlərini stimullaşdırır, nailiyyətlərini artırır, innovativ ideya və səmərələşdirici təkliflərin üzə çıxmasına şərait yaradır. “Fiziki qüsurlu istedadlı məktəblilərin I Forumu” layihəsi də məhz bu amillərə hesablanıb. 

Nümunə ola biləcək addım

“Fiziki qüsurlu istedadlı məktəblilərin I Forumu” adlı layihəyə noyabrın 4-də start verilib. Layihəyə başlanılması ilə əlaqədar 59 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə BŞTİ-nin sektor müdirləri Anar Qədiməliyev və Bəşarət Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, məktəbin rəhbərliyi, müəllimlər, 55 və 95 nömrəli tam orta məktəblərin sağlamlıq imkanları məhdud olan şagirdləri və media nümayəndələri iştirak ediblər. 

Tədbirdə qeyd olunub ki, layihə çərçivəsində sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərində maarifləndirici tədbirlər keçirilir, onlara layihənin mahiyyəti haqqında məlumat verilir. Xüsusi qayğıya ehtiyacı olan digər məktəblilərlə bağlı da müvafiq işlər görülür. 

Tədbirdə çıxış edən BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərin üzləşdikləri çətinliklərdən danışıb, layihənin onların cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətli olduğunu vurğulayıb. 

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov ölkədə xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıdan bəhs edib, orijinallığı və humanist mahiyyəti ilə diqqət çəkən “Fiziki qüsurlu istedadlı məktəblilərin I Forumu” layihəsinin digər məktəblər üçün nümunə ola biləcəyini qeyd edib.

Digər natiqlər də layihənin əhəmiyyətindən söz açıb, belə işlərin davamlı olmasının vacibliyini önə çəkiblər. 

Xüsusi qayğıya ehtiyacı olan məktəblilərə stimul

“Fiziki qüsurlu istedadlı məktəblilərin I Forumu” layihəsinə bu ilin dekabrında yekun vurulacaq. Sonda layihənin iştirakçısı olmuş istedadlı yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçiriləcək, onlar Fəxri fərmanla təltif ediləcəklər.

 

Məktəblilərin yazı savadlılığı artırılır

5 minə yaxın şagirdin yazı bacarıqlarının təkmilləşdirilməsi istiqamətində iş aparılır

Aygün İSMAYIL,

182 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 

III siniflərdə dərs deyən ibtidai sinif müəllimləri üçün yazı savadlılığının inkişaf etdirilməsi üzrə təlimlər təşkil olunur. Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə dəstəklənən “İbtidai siniflərdə yazı savadlılığı” adlı layihəyə uyğun olaraq keçirilən təlimlər Binəqədi rayonunun 32 ümumi təhsil məktəbini əhatə edir. Təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 182 nömrəli tam orta məktəbdə təşkil olunur. 170-dək sinifdə təhsil alan 4 min 854 nəfər III sinif şagirdi layihənin hədəf qrupuna daxildir.

Esselərdə ciddi problemlər

Təcrübə göstərir ki, bəzən məktəblilərin yazılarında ciddi problemlər olur. Bu hal beynəlxalq və yerli qiymətləndirmələr zamanı da özünü büruzə verir. 

Esse yazarkən şagirdlər qrammatik, planın əhatəli qurulmaması, abzasların yerində olmaması, məzmunun düzgün çatdırılmaması kimi səhvlərə yol verirlər. 

Məktəblilərin bəziləri bu problemləri tədricən aradan qaldırsalar da, bir çoxlarının yazılarında yenə də səhvlərə rast gəlinir. 

Müəllimlər üçün təlimlər

Məktəblilərin yazı bacarıqlarındakı problemləri aradan qaldırmaq məqsədilə birbaşa müəllimlər təlimlərə cəlb olunub. Təlimlərdə müəllimlərə yazı savadlılığının artırılmasına dair bilgilər verilir, onlar beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilir. Təlimlərdən sonra isə şagirdlərin yazı bacarıqlarının inkişafı yoxlanılır və bu nəticələrə əsaslanaraq növbəti hədəflər müəyyənləşdirilir. 

“İbtidai siniflərdə yazı savadlılığı” layihəsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Üç ay davam edəcək bu layihənin əsəs məqsədi ibtidai sinif şagirdlərinin yazı savadlılığının inkişaf etdirilməsindən ibarətdir. Bu, ölkə üzrə yazı savadlılığının artırılmasına, şagirdlərdə yazılı fikrin ifadə olunması bacarığının inkişaf etdirilməsinə yönəlmiş ilk layihədir. 

Şagirdlərin yazı bacarıqları inkişaf edir

İlkin nəticələrə əsasən, artıq layihəyə cəlb olunan müəllimlərin sayəsində şagirdlərdə yazı vərdişləri, fikri yazılı şəkildə düzgün ifadə etmək, cümlələri və sözləri anlanılan, məntiqi ardıcıllıqla qurmaq, durğu işarələrindən düzgün istifadə etmək və digər bu kimi bacarıqlar təkmilləşir.

 

İstedadlı şagirdlərə yaşıl işıq

Məktəblilərin nailiyyətlərini daha da artırması üçün yeni imkanlar yaradılır

Nasim ABIŞOV,

178 nömrəli tam orta məktəbin direktoru

 

İstedadlı şagirdlərin üzə çıxarılması və onların nailiyyətlərinin daha da artırılması istiqamətində bir sıra işlər görülür. Bu yöndə tədbirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəb tərəfindən “İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili” layihəsi çərçivəsində həyata keçirilir. Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənən layihə Nərimanov rayonunun ümumi təhsil məktəblərini əhatə edir. 

İstedadlı şagirdlərlə iş

“İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili” layihəsinin əsas məqsədi istedadlı şagirdlərin aşağı siniflərdən seçilməsi və onların potensial imkanlarının daha da inkişaf etdirilməsidir.

Layihə çərçivəsində oktyabrın 6-da 178 nömrəli tam orta məktəbdə Nərimanov rayonunun ümumi təhsil məktəblərinin VII sinif şagirdləri arasında onlayn qeydiyyat əsasında riyaziyyat və məntiq fənləri üzrə I seçim turu keçirilib. Seçim turunda 18 məktəbdən 200-ə yaxın şagird iştirak edib. Onlardan ən yüksək nəticə göstərmiş 34 şagird riyaziyyat və məntiq dərslərinə cəlb edilib. Həmin məktəblilər üçün hər birində 17 nəfər olmaqla, 2 qrup yaradılıb. Hazırda hər qrupda həftədə 6 saat riyaziyyat, 2 saat məntiq dərsləri tədris olunur. 178 nömrəli tam orta məktəbdə keçilən dərslərin dekabrın 15-dək davam etdirilməsi nəzərdə tutulur. 

Oktyabrın sonunda isə II seçim turu keçirilib. Bu turda qalib gələn 26 şagird hər birində 15 nəfər olmaqla, 2 qrupda dərslərini davam etdirir. 

Dərslər həftədə ən azı bir dəfə dinlənilir. Bu dinləmələrdə fənn müəllimləri və respublika fənn olimpiadalarının münsiflər heyətində təmsil olunmuş şəxslər iştirak edirlər. 

Qabaqcıl təcrübə öyrədilir

Layihə çərçivəsində fənn müəllimləri və respublika fənn olimpiada komissiyalarının üzvlərinin iştirakı ilə “dəyirmi masa”lar da keçirilir. Məqsəd müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasıdır. “Dəyirmi masa”larda fənn müəllimlərinə istedadlı şagirdlərlə işləmək üçün müvafiq metodiki göstərişlər verilir. 

Layihə çərçivəsində şagirdlərlə beynəlxalq fənn olimpiadalarının qalibləri arasında görüş də təşkil olunacaq. Görüşdə fənn olimpiadaları qaliblərinin yarışlara hazırlığı, onların olimpiadalarda iştirak təcrübəsi, qalibiyyət üçün lazım olan keyfiyyətlər və digər bu kimi məsələlər müzakirə ediləcək. 

Şagirdlər mükafatlandırılacaq

Layihənin sonunda məktəblilərin bilik və bacarıqları yenidən qiymətləndiriləcək və onlar mükafatlandırılacaqlar. Ən yüksək nəticə göstərmiş şagirdlərin elektron məlumat bazası yaradılacaq. Məktəblilər üçün riyaziyyat və məntiq fənləri üzrə xüsusi proqram və metodiki materiallar hazırlanacaq.

 


Açar sözlər: ,