27.11.2017

Müsabiqələrin məktəbdaxili mərhələsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin məktəbdaxili  mərhələsi keçirilir.

Məktəblilərin fizika  və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edir.

Məktəbdaxili mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirirlər.

Müsabiqənin I mərhələsi noyabrın 30-da yekunlaşacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq.

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsi 1-2 dekabr, gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin II mərhələsi isə 4-5 dekabr tarixlərində olacaq. II mərhələdə hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. III mərhələ isə hər iki müsabiqə üzrə 6-11 dekabr tarixlərində baş tutacaq. Bakı şəhəri üzrə final mərhələsində (III mərhələdə) hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Qaliblər Ekspert Qrupu tərəfindən müəyyənləşdiriləcək. 


Açar sözlər: ,  ,