29.11.2017

Bakı məktəbliləri intellektual yarışmada

Paytaxt məktəbliləri növbəti dəfə “Hazırcavablar” intellektual oyununda iştirak edib.

İntellektual oyunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 3, 5, 31 və 42 nömrəli tam orta məktəb şagirdlərindən ibarət komandalar yarışıb. İntellektual oyunun nəticələrinə əsasən, 3 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun hazırda həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

“Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

“Hazırcavablar” intellektual oyununda 4 komanda iştirak edir. Məktəblilər “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırırlar. Qaliblərə BŞTİ və AzTv-nin hədiyyələri təqdim olunur.