04.12.2017

QİÇS-lə Mübarizə Günü qeyd olundu

Paytaxt məktəblərində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir, konfrans, “Dəyirmi masa” və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.

Tədbirlərin təşkilində əsas məqsəd şagirdləri İİV/QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Tədbirlərdə məktəblilərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib. Həmçinin, ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. İİV/QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb. 

Tədbirlərdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.