05.12.2017

Müsabiqələrin II mərhələsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin II-rayon mərhələsi 6-7 dekabr tarixlərində keçiriləcək.

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsi dekabrın 6-da, gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin II mərhələsi isə dekabrın 7-də saat 14:00-da təşkil olunacaq.

Hər iki müsabiqə Nərimanov rayonu üzrə 57, Nəsimi rayonu üzrə 159, Səbail rayonu üzrə 49, Xətai rayonu üzrə 249, Qaradağ rayonu üzrə 233, Nizami rayonu üzrə 70, Xəzər rayonu üzrə 156, Yasamal rayonu üzrə 158, Suraxanı rayonu üzrə 318, Sabunçu rayonu üzrə 252 nömrəli tam orta məktəblərdə, Binəqədi rayonu üzrə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, Pirallahı rayonu üzrə isə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Pirallahı rayonunda yerləşən binasında baş tutacaq.

II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirəcəklər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla  müəyyənləşdiriləcək.

II mərhələdə hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. Final mərhələsində (III mərhələdə) hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Qeyd edək ki, məktəblilərin fizika  və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqələrdə IX, X, XI sinif şagirdləri iştirak edir.


Açar sözlər: ,  ,