04.12.2017

Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib.

Təhsil müəssisələrində Beynəlxalq Əlillər Gününə həsr olunan konfrans, “Dəyirmi masa”, görüş, həmçinin, şagirdlərin əl işlərindən ibarət sərgi və müsabiqələr təşkil edilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan insanlara dəstək göstərmək, hüquqlarını qorumaq və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdən ibarətdir.

Tədbirlərdə hər il Beynəlxalq Əlillər Gününün qeyd edildiyi, dünyada milyonlarla sağlamlıq imkanı məhdud olan insanın yaşadığı və onlara xüsusi qayğı göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların diqqət və qayğı ilə əhatə edildiyi, onların tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiyası üçün tədbirlərin həyata keçirildiyi önə çəkilib. Sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müvafiq qanunvericilik aktları ilə qorunduğu bildirilib. Həmçinin, qeyd olunub ki, belə insanların arasında çoxlu sayda uşaq var. Onların da hər birinə qayğı ilə yanaşılır, təhsilə cəlb olunmaları üçün mühüm işlər görülür.

Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeir söyləyib, mahnı oxuyublar.

Məktəblilərə hədiyyələr təqdim olunub.