06.12.2017

“Sabahın alimləri” müsabiqəsinə dair görüş

Dekabrın 6-da “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin təşkili məsələlərinə həsr olunmuş görüş keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili sektorunun müdiri Anar Kazımov, Sumqayıt Dövlət Universitetinin dosenti, müsabiqənin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev və məktəb direktorları iştirak ediblər.

Tədbirin keçirilməsinin məqsədi müsabiqə çərçivəsində bir neçə il qaliblər sırasında olmuş məktəblərin təcrübəsini digər məktəblərlə bölüşmək, təcrübə mübadiləsi aparmaq, müsabiqəyə qoşulan məktəblərin sayını artırmaq və onlara müvafiq istiqamət verməkdən ibarətdir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, müsabiqənin əsas məqsədi IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI ISEF-Beynəlxalq Elm  və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edilib ki, müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.

Tədbirdə müsabiqənin ötən il qalibi olmuş 299 nömrəli məktəb-lisey şagirdinin işinin təqdimatı olub. Həmçinin, 299 nömrəli məktəb-liseyin elmi rəhbəri müsabiqəyə hazırlıqla bağlı təfərrüatları digər məktəb nümayəndələrinin diqqətinə çatdırıb.

“Sabahın alimləri” VII Respublika Müsabiqəsində iştirak və qeydiyyatdan keçmə qaydaları haqqında da ətraflı məlumat verilib.

 Qeyd edək ki, “Sabahın alimləri” VII Respublika Müsabiqəsi 2018-ci il 14-16 fevral tarixlərində təşkil olunacaq. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.


Açar sözlər: ,