08.12.2017

Yubiley tədbirləri davam edir

Paytaxt məktəblərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində M.P.Vaqifin həyat və yaradıcılığına dair konfrans, “Dəyirmi masa”, mühazirə, ədəbi-bədii gecə, bədii qiraət və rəsm müsabiqələri keçirilir.

Böyük Azərbaycan şairinin 300 illik yubileyi ilə bağlı tədbirlərin təşkil olunmasında əsas məqsəd Vaqif irsini daha dərindən araşdırıb öyrənmək,  onun yaradıcılığındakı humanist dəyərləri, bənzərsiz poeziya nümunələrini meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermək, həmçinin, şagirdlərin ədəbiyyata marağını və dünyagörüşünü artırmaqdan ibarətdir.

Tədbirlərdə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamı, şairin adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi, M.P.Vaqifin həyat və yaradıcılığı haqqında ətraflı  məlumat verilir. Vaqif irsinin daha dərindən öyrənilməsinə ehtiyac olduğu diqqətə çatdırılır.

Tədbirlərdə M.P.Vaqifin həyat və yaradıcılığına dair videoçarxlar göstərilir. Şagirdlər şairə məxsus şeirlər söyləyir, ədəbi-bədii kompozisiya və səhnəciklər nümayiş etdirirlər.