13.12.2017

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar

Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminar-məşğələlər keçirilir.

Seminarın keçirilməsində əsas məqsəd məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərlə həyata keçirdikləri vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək və onlara fənnin məzmunu, strategiyası barədə daha geniş məlumat verməkdən ibarətdir.

Yasamal, Xəzər, Pirallahı, Nəsimi, Binəqədi rayonları üzrə keçirilən seminar zamanı Təlimə Dəstək Mərkəzinin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə mentorları Qılman Eyvazov və Rövşən Qasımov “Ümumi orta təhsil səviyyyəsi üzrə fənn kurikulumlarının tətbiqi məsələləri və qarşıya çıxan problemlərin həlli yolları” mövzusunda təqdimatla çıxış edirlər.

Seminar zamanı tədris planını əhatə edən müxtəlif mövzular üzrə təlim keçirilir, fənn kurikulumunun mahiyyəti, məqsəd və vəzifələri izah edilir, dərs nümunələri nümayiş olunur, qrupda işləmək və dərsliklərlə işin təşkili məsələləri haqqında müzakirələr aparılır.

Tədbirlərdə GÇH rəhbərlərinin fəaliyyəti zamanı qarşıya çıxan məsələlər haqqında da danışılır. Rəhbərlərə məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, onlarda hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilir.

Seminar məşğələnin sonunda fənn kurikulumunun mahiyyəti və məzmunu ilə bağlı hərbi rəhbərlər arasında monitorinq (sınaq qiymətləndirmə) keçirilir.

Qeyd edək ki, Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarların paytaxtın digər rayonları üzrə də təşkili nəzərdə tutulur.


Açar sözlər: ,