15.12.2017

Müəllimlərin bacarıqları artırılır

Dərsin müasir tələblər səviyyəsində keçilməsinə xidmət edən təlimlər təşkil olunur

 

“Müasir şagirdə-müasir düşüncəli müəllim” layihəsi həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 245 nömrəli tam orta məktəb tərəfindən reallaşdırılan layihə “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib. Layihənin əsas məqsədi müəllimlərin peşəkarlığını artırmaq, onlara psixoloji dəstək göstərmək, özünəinamı yüksəltməkdən ibarətdir. 

 

Peşəkarlıq artırılmalı, fəaliyyət genişləndirilməlidir

 

Ölkəmizdə təhsil sahəsində baş verən yeniliklər müəllimlərin peşəkarlığını artırmasını, fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun qurmasını zəruri edir. Bu gün bütün müəllimlər əsasən müasir pedaqoji texnologiyalardan və İKT-dən istifadə, şagirdlərə öyrənməyi öyrətmək, müəllim, şagird və valideynlər arasında münasibətlər qurmaq, istedadlı şagirdləri üzə çıxarmaq məqsədilə müxtəlif yarış və müsabiqələr təşkil etmək bacarıqlarına sahib olmalıdır. Eyni zamanda, bu bacarıqları formalaşdıraraq inkişaf etdirməlidirlər. 
Bunun üçün isə daim müəllimlərlə işin aparılması, təlimlərin keçirilməsi olduqca vacibdir. Elə “Müasir şagirdə-müasir düşüncəli müəllim” layihəsi də bu zərurətdən irəli gəlib. 

 

Təlimlər keçirilir

 

“Müasir şagirdə-müasir düşüncəli müəllim” layihəsi çərçivəsində müəllimlər üçün təlimlər təşkil olunur. Təlimlərdə onlara sinifdaxili prosedurlar, dərsin təşkilində mərhələlərin düzgün təyin edilməsi, təlim nəticələrinin müəyyənləşdirilməsi və digər bu kimi mövzularla əlaqədar tövsiyə və məsləhətlər verilir. 

Təlimlər çərçivəsində uşaq hüquqlarına həsr olunmuş toplantılar da keçirilir. Yığıncaqlarda “Hər şagird bir şəxsiyyətdir” prinsipinin detalları barədə məlumat verilir. Dərslərdə şagirdlərə hüquqları barədə məlumatların çatdırılması tövsiyə olunur. 

 

Sağlam və yaradıcı mühit formalaşacaq

 

Təlimlər nəticəsində müəllimlərin sinfi idarəetmə bacarıqlarının inkişafı, müasir təlim texnologiyalarından istifadə imkanlarının genişlənməsi, məktəbdaxili prosedurların formalaşması gözlənilir. Həmçinin məktəbdə metodiki və şagirdlərin təlim-tərbiyəsi işi daha da sistemləşdiriləcək, təlim dövrü ərzində əldə olunan bacarıqlar sonrakı mərhələlərdə digər müəllimlərə öyrədiləcək, peşəkar inkişaf davamlı olacaq. Müəllim və şagirdlər üçün sağlam, yaradıcı mühit formalaşacaq.
“Müasir şagirdə-müasir düşüncəli müəllim” layihəsi başa çatdıqdan sonra bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

 

Ülviyyə İSMAYILOVA, 

245 nömrəli tam orta məktəbin direktoru


Açar sözlər: ,  ,