25.12.2017

BŞTİ-də əcnəbi şagirdlərlə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Mədəniyyətlərarası Mübadilə Proqramları” çərçivəsində paytaxt məktəblərində ümumi təhsillərini davam edən əcnəbi şagirdlərlə görüş keçirilib.

Görüşdə BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, proqram çərçivəsində paytaxt məktəblərində ümumi təhsillərini davam edən Viki Leoni Sofiya, Volf Kristina, Çuda Zuzana və şagirdlərə təhsil mühitində mentorluq edən sinif rəhbərləri iştirak ediblər.

Görüşdə çıxış edən sektor müdiri Anar Qədiməliyev beynəlxalq əlaqələri genişləndirməyin, təcrübə mübadiləsi aparmağın təhsilin inkişafı üçün vacib olduğunu qeyd edib.

Görüş zamanı təhsil müəssisələri və yeni sistemə adaptasiya prosesi barədə şagirdlərin təəssüratları dinlənilib, səfər müddətində görüləcək işlərin daha səmərəli təşkili istiqamətində təkliflər müzakirə olunub.

Əcnəbi şagirdlər maraqlarına əsasən, məktəb daxilində könüllü əsaslarla cəlb olunduqları rəqs, rəsm dərnəkləri barədə də söhbət açıb, məşğələlərdən zövq aldıqlarını, yeni dostlar qazandıqlarını, qonaqpərvərliklə qarşılandıqlarını xüsusi vurğulayıblar.

Şagirdlər Azərbaycan mədəniyyətini yaxından tədqiq etdiklərini, xüsusilə Azərbaycan dilini, milli rəqsləri sevərək öyrəndiklərini qeyd ediblər.

Şagirdlərə məktəb mühitində mentorluq edən sinif rəhbərləri çıxış edərək mübadilə proqramlarının şagirdlərin dərslərə olan marağının daha da artmasına müsbət təsir etdiyini bildiriblər.

Qeyd edək ki, “Mədəniyyətlərarası Mübadilə Proqramları” çərçivəsində qonaq gələn şagirdlərdən Viki Leoni Sofiya təhsilini 82 nömrəli tam orta məktəbdə, Volf Kristina 252 nömrəli məktəb-liseydə, Çuda Zuzana isə 160 nömrəli Klassik Gimnaziyada davam etdirir.