27.12.2017

Məktəblilər üçün ekskursiyalar təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin Xalq Təhsili Muzeyinə ekskursiyaları təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xalq Təhsili Muzeyinin birgə əməkdaşlığı ilə həyata keçirilən ekskursiyada 38 təhsil müəssisəsindən 950 məktəbli, 190 pedaqoji işçi və valideyn iştirak edib.

Ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini öyrətmək və təbliğ etməkdən ibarətdir.

Ekskursiyalar zamanı qədim zamanlardan başlayaraq müasir dövrümüzə qədər mürəkkəb yol keçmiş ölkə təhsilinin inkişaf mərhələləri, maarifçilərin, elm və dövlət xadimlərinin, pedaqoji ictimaiyyətin nümayəndələrinin bu sahədə xidmətləri xronoloji şəkildə elmi tarixi əsaslarla şagirdlərin diqqətinə çatdırılıb.

Təhsil müəssisələrinin şagird və müəllim kollektivinə iş təcrübəsi yayılan qabaqcıl müəllimlər və təhsil müəssisələrinə dair materiallarla yanaşı, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaiti və ləvazimatları, müxtəlif illərə məxsus dərslik və proqramlar, təhsil müəssisələrində istifadə edilən texniki vəsaitlər, şagird, tələbə və müəllimlərin əl işləri, albomlar, maketlər, hədiyyələr və digər eksponatlar nümayiş etdirilib.