27.12.2017

Eksternat imtahanları başa çatıb

Dekabrın 27-də Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.

İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak edib.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 99 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 2 gün ərzində 12 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya, informatika, həyat bilgisi, Azərbaycan tarixi, riyaziyyat, ümumi tarix, xarici dil, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Məqbul qiymət almış şəxslərin siyahısı yanvarın 8-də baku.edu.gov.az saytında yerləşdiriləcəkdir.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.


Açar sözlər: