28.12.2017

Bir təqvim ili - fəaliyyətin yekun hesabatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keyfiyyətli tədris, məktəblərin idarəolunması, səmərəli təhsil mühitinin formalaşdırılması, təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri təbliğ etmək məqsədilə il ərzində çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil edilib. Tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb.

2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi ilə əlaqədar təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə BŞTİ və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanları səfərbər edilib.

 

  • BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 740 müəllim fəaliyyət göstərir.
  • BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.
  • 2017-2018-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə keçirilib. Müvafiq müsabiqədə iştirak etmək üçün müraciət etmiş 1759 uşaqdan 1640-ı uğur qazanıb.
  • 2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.  Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 694 uşaq qəbul olunub.  
  • Birinci sinfə şagirdlərin elektron sistem vasitəsilə qəbulu ilbəil təkmilləşdirilir. Belə ki, ilk dəfə valideynlər elektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də sistem vasitəsilə yerinə yetiriblər. Həmçinin, sənədlər məktəbə təqdim edilən zaman uşaqlar müsahibəyə cəlb  olunmayıb. Eyni zamanda, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər (valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” Liseyinə I sinfə qəbul zamanı ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələri qeydə alınıb. Həmin təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilib.
  • 2017-ci ildə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilib. BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24 129 uşaq təhsil alır. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.
  • 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-ci ildə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, 5 yaşlıların 65 faiz həddinə çatdırılıb.
  • Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli,  daha peşəkar və peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlim kursları keçirilib. Təlimlərdə 870 ibtidai sinif müəllimi iştirak edib. Eyni zamanda, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib.
  • Bu il ilk dəfə olaraq attestatlar yeni qaydada verilib. “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na edilmiş dəyişikliyə əsasən, əvvəlki illərdən fərqli olaraq, ümumi orta təhsil haqqında sənəd şəhadətnamə deyil, attestat adlandırılıb. Həm ümumi orta, həm də tam orta təhsil haqqında attestatlarda hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, yekun attestasiyanın nəticələri, tam orta təhsil haqqında attestatlarda isə bunlarla yanaşı şagirdin seçdiyi təmayül istiqaməti də qeyd edilib.
  • Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 1349 vakansiya təqdim olunub.
  • 2017-2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsində zəruri keçid balını toplayaraq BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin fəaliyyəti aparılan monitorinqlər nəticəsində qiymətləndirilərək, onlar arasından 105 müəllimin çalışdıqları ümumi təhsil müəssisələrinə müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə Təhsil Nazirliyi tərəfindən razılıq verilib.
  • 2017-ci ilin iyun ayında Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin rayondaxili (şəhərdaxili) yerdəyişməsi çərçivəsində 183 müəllimin, Təhsil Nazirliyi sisteminə daxil olan digər ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin respublika daxili yerdəyişməsi çərçivəsində  isə 92 müəllimin iş yeri BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə dəyişdirilib.
  • Müəllimlərin işə qəbulu müsabiqəsinin I turu üzrə 391 nəfər, II turu üzrə 219 nəfər müəllim vəzifəsinə işə qəbul edilib.
  • Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə müəllimlərin müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) işə qəbulu zamanı namizədlərin mərkəzləşdirilmiş müsabiqədə göstərdiyi nəticələrə istinad edilib. Cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 866 müəllim işə qəbul üçün göndərilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə keçirilib. Müsabiqənin müsahibə mərhələsində 90 nəfər uğurlu nəticə göstərib. Onlardan 30-nun təlim-tərbiyə işləri üzrə direktor müavini, 16-nın tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 27-nin psixoloq, 17-nin kitabxanaçı vəzifəsinə işə qəbulu yaxın günlərdə müvafiq qaydada həyata keçiriləcək.  
  • BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqəyə sənəd qəbulu keçirilib. Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.
  • 2017-ci ildə ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, dövlət təltiflərinə layiq görülüblər. Belə ki, Bakı məktəblərində çalışan 8 müəllim “Tərəqqi” medalına, 6 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
  • Bu il gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 22 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.
  • Paytaxt məktəbliləri ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstəriblər. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu - 162 nömrəli məktəbin məzunu Mahirə Əsədzadə,  220 nömrəli məktəb-liseyin məzunu Xalidə Əliyeva,  278 nömrəli tam orta məktəbin məzunu Pərvin Əhmədova, 111 nömrəli tam orta məktəbin məzunu İlhamə Hüseynova və 287 nömrəli “Zəkalar” liseyinin məzunu Nemət Yusifov bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb. 
  • Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 25-i qızıl, 3-ü gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2016-2017-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq  qızıl və gümüş medalla təltif ediliblər.
  • BŞTİ tərəfindən artıq 4-cü ildir ki, Könüllülük Proqramı həyata keçirilir.  2017-ci ildə 2 dəfə elan edilən Könüllülük Proqramına qoşulmaq üçün 381 müraciət daxil olub. Qeyd edək ki, BŞTİ tərəfindən həyata keçirilmiş birinci Könüllülük Proqramında 15, ikinci Könüllülük Proqramında 25, üçüncü Könüllülük Proqramında 35, dördüncü Könüllülük Proqramında 42 nəfər gənc seçilib. Hazırda davam edən beşinci proqrama isə 34 nəfər könüllü qoşulub. BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanan gənclərdən 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi il ərzində çoxsaylı layihələr həyata keçirib.

  • “Məktəb seminarları layihəsi çərçivəsində cari ildə iki dəfə görüşlər təşkil edilib. Bakının hər bir rayonu üzrə keçirilmiş təlim-seminarlarda bütün ümumi təhsil məktəblərinin direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri və fənn müəllimləri əvvəlcədən müəyyən olunmuş mövzular üzrə ayrı-ayrı sessiyalarda iştirak ediblər. Təlim-seminarlarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məktəb rəhbəri, müəllim, valideyn və şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Təlimə Dəstək Mərkəzi tərəfindən 374 “Ən yaxşı dərs” dinlənilib. “Ən yaxşı dərs”lər I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunub. Dinlənilən dərslər müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, “Ən yaxşı dərs” üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilib.
  • “75 məktəb” layihəsi çərçivəsində keçirilən “Dəyirmi masa”lara paytaxtın bütün rayonları üzrə 600-dən çox iştirakçı qatılıb. Layihənin həyata keçirildiyi müddətdə IX sinif şagirdləri üçün vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarlar və IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlər üçün maarifləndirici görüşlər təşkil edilib.
  • “Uğur üçün tədris” layihəsi BŞTİ, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. “Uğur üçün tədris” (SPEX) layihəsinə 56 pilot məktəb cəlb olunub. Layihənin ilkin mərhələsində paytaxt məktəbliləri və İngilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanları keçirilib. İmtahanlarda ümumilikdə 400 VII-VIII sinif şagirdi və 600 İngilis dili müəllimi iştirak edib. Layihə çərçivəsində dərs müşahidələri aparılıb, dil təkmilləşdirmə və metodologiya təlimləri keçirilib.
  • “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi vasitəsilə məktəblilərin ali məktəblərə qəbul olunmasına və şəxsi inkişafına dəstək verilir. Aztəminatlı ailələrdən seçilən potensiallı gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək məqsədilə reallaşdırılan layihə əsasında 2017-ci ildə 125 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 82 nəfəri yüksək nəticə göstərərək dövlət hesabına təhsil alan tələbələrdir. Artıq 4-cü ildir ki, həyata keçirilən layihəyə 2017-2018-ci tədris ili üzrə 2100-dən çox şagird müraciət edib. Onlardan 240 məktəbli layihənin iştirakçısı adını qazanıb.
  • Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı ”Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsində 122 nəfər  “Məktəblinin dostu” fəaliyyət göstərir. Layihə müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması, təhsilin idarəedilməsinin təkmilləşdirilməsi və valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə həyata keçirilir. “Məktəblinin dostu” layihəsi çərçivəsində "ON/OFF" video müsabiqəsi, "Mənim sevimli müəllimim" şeir müsabiqəsi , "Səndən öyrəndim" videoçarx müsabiqəsi, “Şanlı bayrağım” adlı fotomüsabiqə,  "Aprel döyüşləri şagirdlərin gözündə" inşa müsabiqəsi, "Unudulmaz filmlər" müsabiqəsi, "Nə? Harada? Nə zaman?" intellektual oyunu,  məktəblilər arasında voleybol və şahmat turnirləri, güllə atıcılığı üzrə yarış,  “Karyera planlama” və “Fövqəladə hallarda davranış qaydaları” mövzularında təlimlər keçirilib, müxtəlif qısametrajlı videoçarxlar hazırlanıb, fləşmoblar təşkil edilib. Bakı məktəbliləri “Məktəblinin dostu” və “ASAN könüllüləri” ilə birlikdə Cəbrayıl rayonunun yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfər ediblər. Eyni zamanda, “Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi” təşkil olunub.  Bakı şəhərindəki 18 ümumi təhsil məktəbini əhatə edən “Yay məktəbi” zamanı 1000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilib, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunub.
  • BŞTİ və ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşlığı çərçivəsində “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 66 ümumi təhsil məktəbində İngilis dilində Danışıq Klubları fəaliyyətə başlayıb. Layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi həyata keçirilib. Layihə çərçivəsində hər təqvim ayında məktəblərə ekoloji istiqamətdə bir mövzu təqdim olunub. Hər ayın yekunlarına görə, “Ayın ən qənaətcil məktəbi”, “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi”, “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası”, “Ayın tədqiqatçı bioloqlar məktəbi”, “Ayın ən sağlam məktəbi”, “Ayın ən təmiz məktəbi” nominasiyaları üzrə qaliblər müəyyənləşdirilib.
  • IDEA İctimai BirliyiBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi uğurla reallaşdırılıb. Layihə çərçivəsində respublikanın 54 rayon və şəhərlərinin 270 ümumi təhsil məktəbində pedaqoji kollektivin iştirakı  ilə 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva ağacı əkilib. Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi reallaşdırılıb. Layihə çərçivəsində ekoloji mühazirələr, ekskursiyalar təşkil edilib. Layihənin əsas məqsədi şagirdlərdə ekoloji biliklərin və mədəniyyətin formalaşdırılması, onlarda təbiətə maraq, qayğı və məhəbbət hissinin oyadılması, təbii sərvətlərdən səmərəli istifadə bacarıqlarının aşılanması, şagirdlərin istedad və yaradıcılıq qabiliyyətinin aşkara çıxarılmasından ibarətdir.
  • BŞTİ və SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə  ümumi təhsil müəssisələrində “Yaşıl  məktəb” layihəsi həyata keçirilib.  Layihə çərçivəsində təşkil olunan ekoloji tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı məktəblilər də iştirak edib. 39 ümumi təhsil müəssisəsini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində çoxsaylı ağac əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
  • Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində  “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi həyata keçirilib. Layihə çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” müsabiqəsi keçirilib, tullantıların azaldılması məqsədilə 120 təhsil müəssisəsində enerjiyə və suya qənaət tədbirləri görülüb. Məktəblərin sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün müsabiqənin “Yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri aparılıb, şagirdlərə sağlam qidalanma və məktəbdə qida  rasionunun tərkibi haqqında biliklər öyrədilib.
  • Paytaxt məktəblərində “Çərşənbə iməcilikləri” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə münasibətilə Bakı şəhəri üzrə 12 inzibati rayonun ümumi təhsil məktəblərində kütləvi olaraq, müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, abadlıq işləri görülüb. Habelə şagirdlərə çərşənbələrin mahiyyəti barədə geniş məlumat verilib.
  • BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib. Dərslər paytaxtın 12 inzibati rayonu üzrə 37 mərkəzdə tədris olunub. Bakı şəhəri ərazisində fəaliyyət göstərən 470 ümumi təhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə, 22 453 XI sinif şagirdinə 264 dərs keçirilib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslərin tədrisi ilə 150-dən çox müəllim məşğul olub.
  • BŞTİ-nin tabeliyindəki 150 məktəbdə “Məktəb icmaları” layihəsi həyata keçirilir. 2017-ci ildə paytaxt məktəblərində “Məktəb icmaları” layihəsi çərçivəsində müxtəlif müsabiqələr və layihələr təşkil edilib:

“Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” müsabiqəsi keçirilib. Valideynlərin məktəblilərin həyatında daha fəal iştirakının təmin edilməsi məqsədilə reallaşdırılan müsabiqədə valideynlər müxtəlif layihələr təqdim ediblər. Layihələrdən 10-u qalib seçilib.

- “Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “Səsli kitablar” layihəsi, eləcə də “Azərbaycan müəllimi” qəzeti və Community.az portalının əməkdaşlığı ilə “Birlikdə” jurnalı təqdim edilib. “Səsli kitablar” layihəsi çərçivəsində görmə qüsuru olan insanlar üçün Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət xüsusi audio kitablar hazırlanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd görmə qüsurlu, eləcə də vaxt məhdudiyyəti səbəbindən kitab oxuya bilməyən şəxslərin “Səsli kitablar”dan yararlanmalarına kömək etməkdir. 

  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Kitabxanaçılar klubu yaradılıb. Kitabxanaçılar Klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan digər kitabxana işçilərinə müvafiq dəstəyin göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi, səmərəli fikir mübadiləsindən yararlanma və araşdırma qabiliyyyətinin inkişafı məsələlərini əhatə edir. Kitabxanaçılar Klubunun əsasını paytaxtın 68 ümumi təhsil məktəbində fəaliyyət göstərən 75 nəfər kitabxana işçisi təşkil edir.
  • Təhsil Nazirliyi, “British Council” təşkilatının və “British Petrolium” Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün İngilis dili” layihəsi həyata keçirilib. Azərbaycan Respublikasının 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edən layihə çərçivəsində Qaradağ inzibati rayonunda fəaliyyət göstərən 6 pilot ümumi təhsil məktəbinin İngilis dili müəllimlərinə “British Council” təşkilatının peşəkar təlimçiləri tərəfindən tədris ili boyunca  120 saatlıq təlimlər keçirilib, onlayn dil və metodiki dəstək proqramı tədris olunub. Proqram çərçivəsində müəllimlərə resursların effektiv istifadə edilməsi barədə təməl məlumatlar ötürülüb. Eyni zamanda, təlimçi İngilis dili müəllimlərinin icma üzvlərinə dil dərsləri təşkil olunub, müəllimlərin dərsləri dinlənilənilib, onlara müvafiq dəstəkləyici rəylər verilib.
  • BŞTİ və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə ümumi təhsil müəssisələrində “İngilis dili mütəxəssisi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələrində  dərs müşahidələri aparılıb, İngilis dili müəllimlərinə, eləcə də TDM-in müxtəlif struktur bölmələrində fəaliyyət göstərən mentorlara “Sinfin idarə olunması” komponenti üzrə təlimlər keçirilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsi həyata keçirilib. Şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, onlarda auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək kimi bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyan layihə çərçivəsində  “Dəyirmi masa”lar keçirilib və klub rəhbərləri üçün təlimlər  təşkil edilib. Layihə paytaxtın 34 məktəbini əhatə edib.
  • BŞTİ və Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə ümumi təhsil məktəblərində “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” pilot layihəsi həyata keçirilib. “Düşün, proqramlaşdır, öyrən!” devizi ilə həyata keçirilən layihənin əsas məqsədi proqramlaşdırmanı hamı üçün əlçatan etmək və proqramçı təfəkkürlü şəxsiyyətlər yetişdirməkdən ibarətdir.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsi həyata keçirilib. Layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdən ibarətdir. Layihə çərçivəsində 258 psixoloq üçün Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu və Humel Psixologiya Mərkəzi tərəfindən təlimlər təşkil edilib.
  • BŞTİ-nin “Caspian Development Bank (CDB)”la birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil məktəblərində maliyyə savadlılığının artırılması istiqamətində layihə həyata keçirilib. “Öz gələcəyini qur” adlı layihə çərçivəsində VII-X sinif şagirdləri və onların valideynlərinə ailə büdcəsinin formalaşdırılması, qorunması və düzgün idarə olunması istiqamətində təqdimatlar edilib, interaktiv oyunlar keçirilib və bankın əməkdaşları tərəfindən maliyyə maarifləndirilməsi, iqtisadi və maliyyə savadlılığının artırılması, büdcəyə qənaət istiqamətində məlumatlar verilib.
  • Paytaxt məktəbliləri arasında “Məktəblərarası əməkdaşlıq” layihəsi çərçivəsində məntiq yarışları keçirilib. Yarışlar məktəblilərdə məntiqi biliklərin genişləndirilməsi, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin aşkara çıxarılması və onların elmə marağının daha da artırılması baxımından mühüm əhəmiyyətə malikdir.
  • Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində hazırda Bakı və Sumqayıt şəhərlərində yerləşən 38 ümumi təhsil müəssisəsində “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir. Layihənin əsas məqsədi fiziki-psixi və mənəvi  sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik vətəndaş yetişdirməkdən ibarətdir. Sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirilib. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir.
  • “İngilis dili resurs mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində İngilis dili resurs mərkəzləri yaradılıb. BŞTİ və “British Council”un birgə əməkdaşlığı çərçivəsində yaradılan İngilis dili resurs mərkəzlərində müəllimlərin peşəkar inkişafı və onların xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək üçün Britaniya Şurası Təşkilatının təlimçiləri tərəfindən təlimlər və danışıq klubları təşkil olunacaq. Həmçinin, seçilmiş müəllimlər Böyük Britaniyada təcrübə keçmək imkanı da qazanacaq.
  • Bakı məktəblərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam Həmrəyliyi İli” çərivəsində “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında İslam dəyərlərinin roluna dair tədbirlər” layihəsi həyata keçirilib. Layihə çərçivəsində məktəb kollektivləri, valideyn komitə sədrləri və şagirdlərin iştirakı ilə görüşlər təşkil edilib. Müzakirə formatında həyata keçirilən görüşlərdə müasir dünyada baş verən siyasi proseslər, islamafobiya və İslam dünyasında həmrəylik barədə söhbət aparılıb.
  • "Azərbaycan yurdum mənim" başlığı altında “Liderlik məktəbi” layihəsi həyata keçirilir. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin təşəbbüsü ilə keçirilən layihəyə BŞTİ-nin tabeliyindəki 37 ümumi təhsil məktəbində təhsil alan 100 nəfər VII, VIII və IX sinif şagirdləri cəlb olunub. Layihə çərçivəsində şagird və valideynlərin iştirakı ilə keçirilən “Dəyirmi masa”larda  Azərbaycanın tanınmış şəxsləri, elm, təhsil və mədəniyyət xadimlərinin moderatorluğu ilə ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
  • Təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumi təhsil məktəblərinin V siniflərində “İnformatika fənninin tədrisi” üzrə pilot layihə tətbiq olunmağa başlayıb. Layihənin ilk mərhələsinə BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil məktəbi cəlb olunub. Gələcəkdə layihəyə qoşulan məktəblərin sayının artırılması nəzərdə tutulur.
  • Bakı məktəbləri arasında “Hər vərəqi bir yarpağa dəyişək” layihəsi həyata keçirilib. Azərbaycan Respublikası Təhsil NazirliyiIDEA İctimai BirliyiVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının birgə reallaşdırdığı layihənin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir. Layihə çərçivəsində kağız tullantılarının toplanması ilə bağlı məktəblərarası yarış keçirilib.
  • Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 2016-cı ildən etibarən “eTwinning Plus” qrant layihəsini reallaşdırır. 2017-2018 tədris ili ərzində layihəyə BŞTİ-nin tabeliyindəki 23 məktəb cəlb olunub. Pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 35 Avropa ölkəsində olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif lahiyələr icra etmək məqsədilə keçirilən layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminarlar və konfranslar  təşkil olunur.
  • 2017-2018-ci dərs ilindən ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki  191 məktəbdə 469 təmayül sinfi  təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanıb təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub. 
  • BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 49 nəfəri Respublika fənn olimpiadalarında qalib olub. Həmin şagirdlərdən 7-si qızıl, 13-ü gümüş, 29-u bürünc medal qazanıb.
  • Paytaxt məktəbliləri “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibi olub. Müsabiqənin əsas məqsədi gənclərin elmi potensialının inkişaf etdirilməsi, şagirdlərin elmi yaradıcılığa, tədqiqat aparmağa həvəsləndirilməsi, elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Müsabiqəyə təqdim edilən innovativ və yaradıcı layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Qaliblər arasında Kompüter elmləri üzrə Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev və 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə də yer alıb.
  • Paytaxt məktəbliləri 2017-ci ilin may ayında ABŞ-da keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak ediblər. 77 ölkədən 1700-dən çox məktəblinin iştirak etdiyi İntel ISEF-də Robotexnika ve süni intellekt kateqoriyası üzrə Elgün Alışev “Eşitmə qabiliyyəti  zəif olan insanlar üçün vizual köməkçi” layihəsinə görə Qətərin Tədqiqatlar və İşləmələr Fondunun xüsusi mükafatına layiq görülüb. O, müxtəlif ölkələrdə yaşayan və müxtəlif bədən dillərindən istifadə edən lal-kar insanlara ünsiyyət qurmaq imkanı verən elektron vizual köməkçi hazırlayıb və öz layihəsini uğurla təqdim edib.
  • Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri müsabiqədə fəal iştirak edib. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə,  müsabiqəyə təqdim olunan işlərdən 82-si nominantlar siyahısına düşüb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir. 
  • Dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün  Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi  elan edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə təqdim olunan ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə Təhsil Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, istedadlı uşaqlarla işin təşkili də daxil olmaqla, ümumilikdə, 10 mövzu üzrə keçirilib.
  • “ADA” Universitetinin təşkilatçılığı, BŞTİ, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və “British Council” təşkilatının birgə əməkdaşlığı ilə  Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında II İngilis dili Olimpiadası keçirilib. Olimpiada zamanı şagirdlərin İngilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama, dinləmə və esse yazma qabiliyyətləri yoxlanılıb. Olimpiadanın qalibi olmuş paytaxtdakı 212 nömrəli tam orta məktəbin şagirdi Fikrət Əmirbəyli Böyük Britaniyada yay kursunda ödənişsiz iştirak hüququ qazanıb.
  • Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələri keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 8623  nəfər şagird iştirak edib. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələri təşkil edilib. Həm gənc fiziklərin, həm də gənc kimyaçıların yaradıcılıq müsabiqələrinin rayon mərhələsində Bakının 268 ümumi təhsil məktəbinin komandası mübarizə aparıb. Məktəblilərin fizika  və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi məqsədilə təşkil edilən müsabiqələrdə IX, X, XI sinif şagirdləri iştirak edib.
  • BŞTİ və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası keçirilib.  V-VI sinif şagirdləri arasında təşkil olunan olimpiadanın  final mərhələsində Bakı şəhəri üzrə 1859 şagird iştirak edib. Nəticələrə əsasən, 59 şagird finalda 80 faizlik həddi keçərək mükafatçılar siyahısına düşüb. 842 şagird  isə 50-80 faiz aralığında nəticə göstərərək olimpiadanın final turunda aktiv iştirakına görə, sertifikata layiq görülüb. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.
  • Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib. Şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək məqsədilə keçirilən müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 30 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 4665 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb və 114 məktəbli ölkə mərhələsinə çıxıb. Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 21 nəfər tərifnamayə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyələr və kitablar da təqdim olunub.  Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində yenidən elan edilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir.
  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.  Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən 49 təqdimat müsabiqənin şəhər mərhələsinə seçilib. Müsabiqənin respublika mərhələsində iştirak edən 12 paytaxt məktəblisindən 9-u I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.  
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı intellektual oyun keçirilib. İntellektual oyunun nəticələrinə əsasən, 217 və 276 nömrəli tam orta məktəblərin komandaları eyni nəticəni göstərərək I, 300 nömrəli tam orta məktəbin komandası II, 179 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin aşılanması, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.
  • Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilib. Bilik yarışı şagirdlərin istedadının, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, təqdimat qabiliyyətinin və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilib.
  • Məktəblilər arasında “Vergi olimpiadası” keçirilib.  “Vergi olimpiadası”nın təşkil edilməsində əsas məqsəd yüksək biliyə malik olan məktəblilərin müəyyənləşdirilməsi, vergitutmaya dair şagirdlərin biliklərinin artırılması, məktəblilərə vergi mədəniyyətinin aşılanması, həmçinin, gələcəkdə bu sahədə çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.
  • BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin şagirdləri arasında 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilib. Hər il paytaxtın bir rayonu üzrə məktəbliləri əhatə edən bilik yarışı bu dəfə Sabunçu rayonunda təşkil olunub. Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən olimpiadada Sabunçu rayonundakı 46 məktəbin hər birindən 20 nəfər X və XI sinif şagirdi iştirak edib. Olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
  • Məktəblilər arasında “Azərbaycanı tanıyaq” adlı bilik yarışması  keçirilib. Yarışma iştirakçıları Azərbaycanın mədəniyyəti, tarixi, coğrafiyası və məntiq üzrə biliklərini sınayıblar. Bilik yarışmasının təşkil olunmasında əsas məqsəd Azərbaycanın tarixini dərindən öyrənmək, məktəblilərin elmə və yaradıcılığa olan marağının daha da artırılması üçün əlverişli şərait yaratmaq, eyni zamanda istedadlı və bacarıqlı şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
  • Paytaxt məktəbliləri arasında “Yol təhlükəsizliyi məktəblilərin obyektivində” mövzusunda maarifləndirici müsabiqə keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Milli Avtomobil Klubu və BŞTİ-nin birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqənin məqsədi yaradıcı yeniyetmələrin üzə çıxarılması və yol təhlükəsizliyi sahəsi üzrə şagirdlərin öz təxəyyülləri çərçivəsində maarifləndirilməsindən ibarətdir. Ümumilikdə, 63 ümumi təhsil müəssisəsinin qatıldığı müsabiqədə “Şəkil”, “Plakat”, “Video”, “Şüar” və “Kreativ işlər” nominasiyaları üzrə qalib və fərqlənən işlər seçilib, müvafiq qaydada təltif edilib.
  • STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə “Qızıl Bayt  2017 (Golden Byte) beynəlxalq kompüter çempionatı keçirilib. Çempionatın keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdən ibarətdir. Çempionatın seçim turunda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 25 şagirdi layihə ilə iştirak edib. Şagirdlərdən 10 nəfəri regional final turunda iştirak etmək haqqı qazanıb.
  • Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçirilib. İmtahanda 29-u Azərbaycan, 4-ü rus bölməsi olmaqla, 33 nəfər iştirak edib. Onlardan 24 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. Eyni zamanda Bakı şəhəri üzrə əvvəlki illərdə tam orta təhsilini (XI sinif) başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib. İmtahanda 374-ü Azərbaycan, 38-i rus bölməsi olmaqla, 412 nəfər iştirak edib. Onlardan 256 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. 2017-2018-ci tədris ilinin dekabr ayının 26-27-də ümumi təhsil səviyyəsi üzrə eksternat imtahanı keçirilib.
  • Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov 78 ölkənin məktəblilərinin iştirakı ilə  Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında gümüş medala layiq görülüb.
  • Niderlandın Neymeqen şəhərində yeniyetmələrin 14-cü Beynəlxalq Elm Olimpiadasında (IJSO) Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin X sinif şagirdi Turan Bayramlı bürünc medala layiq görülüb.
  • BŞTİ-nin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyanın VIII sinif şagirdi Aydan Məmmədzadə Moskvada keçirilən XV Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olub. O, xarici ölkələrin məktəbliləri üçün təşkil edilən olimpiadada I dərəcəli diploma və yarış çərçivəsində keçirilən “Gənc natiq” müsabiqəsinin qalibi adına layiq görülüb. Aydan Məmmədzadə gələcəkdə Rusiya ali məktəblərində filologiya və linqvistika istiqamətlərində proqramlar üzrə ödənişsiz təhsil almaq hüququ da qazanıb. 
  • Bakı məktəbliləri Fransanın Paris şəhərində keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) forumunda ölkəmizi təmsil edib. Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) tərəfindən təşkil olunan forumda BŞTİ-nin tabeliyindəki 250 nömrəli tam orta məktəbin XI sinif şagirdi Murad Sücəddinov və Kimya-biologiya təmayüllü Respublika liseyinin yetirməsi Aydan Xələfli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin müşaviri Nigar Ağayeva ilə birlikdə həmin tədbirə qatılıb.
  • BŞTİ-nin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü  üzrə 45-ci Avropa çempionatında I yeri tutub. Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb.
  • BŞTİ-nin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüblər.
  • BŞTİ-nin tabeliyindəki 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında I yeri tutub. Məktəbli Polşanın Firinovski şəhərində çəkisi 50 kiloqramadək olan 12-13 yaşlı idmançı oğlanlar arasında təşkil edilən yarışda bütün rəqibləri üzərində qələbə qazanıb.
  • BŞTİ-nin tabeliyindəki 55 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xədicə Baxışlı Ukraynada kombat ciu-citsu idman növü üzrə keçirilən Avropa çempioanatında 14-15 yaşlı qızlar arasında 47 kiloqram çəki dərəcəsində I yerin sahibi olub.
  • BŞTİ-nin tabeliyindəki 144 nömrəli tam orta məktəbin V sinif şagirdi Fikrət Əliyev Batumidə təşkil olunan “Wonderland – Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində birinci dərəcəli laureat adına layiq görülüb.
  • Bakı məktəbliləri Türkiyənin Mersin şəhərində II “Qız Qalası” Beynəlxalq Turizm Festivalında ölkəmizi təmsil edib. Tədbirə BŞTİ-nin tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyinin şagirdləri və “Səma” rəqs qrupunun üzvləri qatılıb. Məktəblilərin “Qız Qalası” II Beynəlxalq Turizm Festivalındakı çıxışları böyük marağa səbəb olub.
  • Bakı məktəblisi Gürcüstanda idman dırmanması üzrə beynəlxalq turnirdə iştirak edib. BŞTİ-nin tabeliyindəki 56 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan Fuad Abdullayev 2000-2001-ci il təvəllüdlü idmançılar arasında idman dırmanması (çətinlik növü) üzrə yarışda ikinci yerə sahib olub.
  • BŞTİ-nin tabeliyindəki məktəblərin 10 şagirdi və 1 müəllim Şimali Kipr Türk Respublikasında taekvando idman növü üzrə Açıq Avropa Çempionatında uğurla çıxış edib. Təmsilçilərimiz müxtəlif yaş və çəki dərəcələri üzrə fəxri kürsüyə qalxıblar. Turnirdə iştirak edən 76, 86, 171, 191, 275, 278, 290 nömrəli məktəblərin və 287 nömrəli “Zəkalar” liseyinin şagirdləri I, II və III yerləri bölüşüb. Yarışda 86 nömrəli tam orta məktəbin şagirdi Şamil Hacıyev 40 kiloqram çəki dərəcəsində Ermənistandan olan 2 idmançını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beynəlxalq turnirdə məktəblilərlə yanaşı, onları yarışa hazırlayan 171 nömrəli tam orta məktəbin müəllimi Barat Orucov yuxarı yaş dərəcəsi üzrə I yeri tutub
  • BŞTİ-nin tabeliyindəki 246 nömrəli məktəb-liseyin şagirdləri Ramazan Abdullayev, Miryəhya Seyidov və 205 nömrəli tam orta məktəbin şagirdi Vüqar Ramazanov Gürcüstanın Batumi şəhərində keçirilən idmanın döyüş növləri üzrə beynəlxalq turnirdə fəxri kürsünün ilk pilləsinə qalxıblar.
  • BŞTİ-nin tabeliyindəki 269 nömrəli tam orta məktəbin şagirdi Xəzər Babazadə Bakıda keçirilən beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində I yerə layiq görülüb.
  • BŞTİ-nin tabeliyindəki 308 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gövhər Beydullayeva Rusiyanın Moskva şəhərində 11 ölkəni təmsil edən 14 yaşadək olan şahmatçılar arasında keçirilən şahmat üzrə beynəlxalq turnirdə bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.
  • BŞTİ-nin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev İtaliyada idmanın döyüş növü olan K-1 qaydaları üzrə keçirilən dünya çempionatında I yerə layiq görülüb.
  • BŞTİ-nin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Formativ və Summativ Qiymətləndirmə” mövzusunda seminar keçirilib. İngiltərə və Finlandiyadan olan təhsil ekspertlərinin təqdimatlarla çıxış etdiyi seminarda paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak ediblər.  Seminarda iştirakçılar qiymətləndirmə sahəsi üzrə rubriklərin hazırlanması, “Item Response Theory” və “Rasch” modelləri barədə ətraflı məlumat əldə edib, eləcə də sözügedən sahə üzrə beynəlxalq təcrübə ətrafında müzakirələr aparıblar. Həmçinin, seminar zamanı müəllimlər ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının müvafiq standartlara uyğun qiymətləndirilməsi barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
  • BŞTİ-nin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda beynəlxalq seminar keçirilib. Rumıniya, Sloveniya, Çexiya təhsil nazirliklərinin nümayəndələri, İngiltərə və Rumıniya universitetlərinin əməkdaşlarının təqdimatlarla çıxış etdiyi seminarda paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.  Seminar iştirakçıları liderlik, layihələrin təşkili, şagirdlərin idarə olunması, insan resursları, qiymətləndirmə, valideynlərlə işin təşkili, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya, media və məktəb, sənədləşdirmə kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
  • Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda  seminar keçirilib. İki gün davam edən seminarda Bakı şəhəri üzrə 40-dan çox məktəb direktoru iştirak edib. Seminarda təhsil üzrə beynəlxalq mütəxəssislərlə birgə məktəb özünüqiymətləndirmənin əsas sahəsi kimi liderlik və idarəetmə, tədris və öyrənmə, keyfiyyət təminatı və nəzarət məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Məktəb rəhbərləri və müəllimlərin peşə standartları, onların qiymətləndirilməsi alətləri, məktəbin inkişaf planının hazırlanması, yoxlama prosesi, məlumatların toplanması və digər mövzular üzrə  işçi qruplarda müzakirələr təşkil edilib.
  • Müəllimlər üçün Sosial Media Seminarı keçirilib. Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində reallaşdırılan seminarın keçirilməsində əsas məqsəd sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliği, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, o cümlədən məktəblərin virtual aləmdə daha fəal təmsil olunmasının təmin edilməsindən ibarətdir.
  • BŞTİ-nin müdiri Məhəbbət Vəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Niderland Krallığının Utrext şəhərinə təhsil səfəri təşkil edilib. Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində təşkil olunan səfər məktəb inspeksiyaları mövzusuna həsr edilib. Səfərin əsas məqsədi Niderland Krallığının Təhsil Nazirliyinin tərkibində Təhsil İnspeksiyaları Departamenti ilə əməkdaşlıq, onların bu sahədə təcrübələrini öyrənmək və təhsil müəssisələrinin inspeksiyasında iştirak etməkdən ibarətdir.
  • Paytaxtın ümumi təhsil məktəbləri direktorlarının İsrailə təhsil səfəri təşkil olunub. Səfər İsrailin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə İsrail Təhsil Nazirliyinin təmsilçiləri arasında görüş olub. Görüşdə qarşılıqlı təcrübə mübadiləsi, ümumi təhsil məktəblərində İKT-nin tətbiqi, əldə edilən nəticələr və digər məsələlər müzakirə olunub. 
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan təlimlər BŞTİ və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. Ümumilikdə 75 müəllim maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərdə iştirak edib.
  • BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllim layihələrin reallaşdırılması üzrə təlimdə iştirak edib. Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının peşəkar təlimçiləri tərəfindən keçirilən təlimlər zamanı müəllimlərə layihələrin yazılması və idarəolunması, büdcənin tutulması, qrant müsabiqəsinin mərhələləri və əsas şərtləri barədə geniş məlumat verilib.
  • Bakı məktəblərində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək məqsədilə təlimlər keçirilib.“Kitabxana İşinin Təşkili və İdarə olunması” və “Kitabxana İşinin Təşkili zamanı İKT-dən İstifadə Üsulları və Proqram Təminatı” istiqamətləri üzrə həyata keçirilən təlimlərə Bakı şəhərinin 12 inzibati rayonu üzrə kitabxana işçiləri cəlb olunub.
  • Paytaxtın İngilis dili müəllimlərinin forumu keçirilib. 150-yə yaxın İngilis dili müəlliminin iştirak etdiyi forumun əsas məqsədi yeni proqramlarla işləyən və nitq inkişafında digər fənlərin inteqrasiyasına üstünlük verən İngilis dili müəllimlərinin metodiki yanaşma və təcrübə mübadiləsinin təmin edilməsindən ibarətdir.
  • TDM-də paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərdə rəhbərlərə məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, onlarda hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə məktəb rəhbərliyi, müəllim və valideynlərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.
  • TDM-də paytaxtın ümumi təhsil məktəblərinin psixoloqları ilə görüşlər keçirilib. Görüşlərdə psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.
  • Məktəb psixoloqları üçün “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi çərçivəsində seminar keçirilib. Seminar zamanı rusiyalı psixoloq Anna Antonovanın iştirakı ilə psixoloji xidmətin təşkili üçün sənədlər toplusunun hazırlanması məsələləri müzakirə edilib. Psixoloqun fəaliyyət istiqamətlərinə aid olan I-IV və V-IX sinif şagirdləri ilə diaqnostika işinin aparılması, I sinif şagirdlərinin məktəbə adaptasiyası, şagirdlərlə inkişafetdirici işin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb.
  • Paytaxt məktəblərində fəaliyyət göstərən 25 fiziki tərbiyə müəllimi və Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası Azərbaycanda ilk dəfə təşkil olunan voleybol üzrə seminarda iştirak edib. Seminar iştirakçılarına müvafiq sertifikat təqdim edilib. 
  • IT STEP Akademiyasında ümumi təhsil müəssisələrində informatika fənnini tədris edən müəllimlər üçün ödənişsiz ixtisasartırma təlimləri təşkil edilib. Təlimlərdə iştirak edən  20 müəllimə CodeClub (codeclub.org) üzrə “Scratch” proqramlaşdırma dilləri üzrə baza bilikləri verilib.
  • AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun  “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyat fənni üzrə elmi-populyar mühazirə və seminarlar təşkil edilib. Məktəblilərin riyaziyyata marağının artırılması, istedadlı şagirdlərin vaxtında aşkar olunması və onların riyazi biliklərə daha dərindən yiyələnməsi məqsədi ilə təşkil olunan elmi-populyar seminar və mühazirələrdə ümumi təhsil müəssisələrində çalışan riyaziyyat müəllimləri və texniki sahəyə marağı olan şagirdlər iştirak ediblər.
  • BŞTİ, “Microsoft Azərbaycan” şirkəti və məzmun tərəfdaşları ilə birlikdə kodlaşdırmanın və kompüter elmləri sahəsinin məktəbli qızlar arasında təşviqi üçün “DigiGirls” və “Kod saatı” təşəbbüslərini həyata keçirib. Layihə çərçivəsində seçilmiş məktəblərin ibtidai və orta sinif şagirdləri üçün təbliğat və praktiki məşğələ sessiyaları həyata keçirilib, MicroBit qurğusunun istifadəsi ilə kodlaşdırma saatları təşkil olunub.
  • “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlərdə 452 nəfər inzibati-idarəetmə heyəti nümayəndəsi  iştirak edib.  
  • Bakı şəhəri ümumi təhsil məktəblərində İKT üzrə müəllimlərə mentorluq xidmətinin təşkili ilə bağlı layihə həyata keçirilib. Layihə çərçivəsində 55 məktəbdən 550 müəllimə 3 ay müddətində mentorluq dəstəyi göstərilib.
  • İKT bacarıqları yüksək olan və bu sahə üzrə əvvəlki təlimlərdə iştirak edərək yüksək nəticə göstərən ibtidai sinif müəllimləri üçün növbəti təlim keçirilib. “İbtidai sinif müəllimləri üçün elektron təhsil resurslarının hazırlanması” adlı təlimə 267 müəllim cəlb olunub.
  • İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti və fənn müəllimləri üçün tədris prosesində İnteraktiv texnologiyalardan və elektron məzmundan istifadə mövzusunda təlimlər təşkil edilib. Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə birlikdə təşkil edilən təlimlərə Bakı məktəblərində fəaliyyət göstərən 496 ibtidai sinif və fənn müəllimi cəlb edilib.
  • Paytaxtda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq  qruplarında dərs deyən pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil edilib. “Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı çərçivəsində təşkil edilən təlimlər TİPİİ-nin “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktor və müəllimləri üçün təlim təşkil olunub.  Təlimin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində daha fəal iştirakını təmin etmək, direktor və müəllimlərə layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı tövsiyələr verməkdən ibarətdir.
  • Paytaxtdakı ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Yay məktəbi” təşkil olunub. TİPİİ tərəfindən reallaşdırılan “Yay məktəbi”nin  əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir. Proqram çərçivəsində müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, sinfin idarəedilməsi, yazılı nitqin inkişafı, qiymətləndirmə vasitələrinin hazırlanması, sinif komandasının formalaşdırılması və digər mövzularda  nəzəri, praktik biliklər qazanıblar. “Yay məktəbi”nin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar verilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda seminar keçirilib. İbtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və onların bu barədə şagirdləri maarifləndirməsinə kömək etməsi məqsədilə keçirilən seminar TİPİİ-nin təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb. Qeyd edək ki, "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda bu ilin ötən dövründə 2 təlim çərçivəsində 4 seminar keçirilib. Yanvar, may, iyun və sentyabrda təşkil olunan seminarlarda müsahibə yolu ilə seçilən 70 müəllim iştirak edib. Onlardan ardıcıl olaraq 2 seminara qatılan 50-ə yaxın müəllimə sertifikat verilib.  
  • Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün "Refleksiv müəllim" seminarı keçirilib.  "Refleksiv müəllim" layihəsinə bu ilin yanvarından start verilib.  Seminarın keçirilməsində əsas məqsəd müəllimlər arasında birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsi yaratmaq, keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq, konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqları aşılamaqdan ibarətdir. “Öyrətməyi öyrədirik” devizi altında həyata keçirilən layihə çərçivəsində müəllimlər uğurlu saydıqları dərslərin planını, icmalını və ya qısa videogörüntüsünü həmkarlarına təqdim ediblər.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin İnformatika müəllimləri üçün “Alqoritmləşmə və proqramlaşdırmanın aktual problemləri” mövzusuna dair mentor xidməti və seminar təşkil edilib. Seminar Təlimə Dəstək Mərkəzi tərəfindən “Addım” layihəsi çərçivəsində təşkil edilib. Məqsəd müəllimlərin bilik və bacarıqlarının artırılmasına, yeni texnologiyalarla tanış olmalarına və dərsləri daha peşəkar təşkil etməsinə kömək göstərməkdən ibarətdir. 
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlər keçirilir. BŞTİ və Respublika Elmi Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi iştirakçılara kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir. Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarəolunması, İKT-dən istifadə üsulları və proqram təminatı barədə məlumat verilib, müzakirələr aparılıb.
  • Ümumi təhsil məktəblərində alman dilini tədris edən müəllimlər üçün Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Alman Dili Tədrisi Mərkəzinin dəstəyilə 2 günlük təkmilləşdirmə seminarı keçirilib. “Xarici dil dərsində interaksiya” mövzusunda olan seminarda 13 müəllim iştirak edib.
  • Bakı Fransa Mərkəzində  ümumi təhsil məktəblərində fransız dilini tədris edən müəllimlər üçün təlim keçirilib. Təlimdə paytaxtın  32 ümumi təhsil məktəbində fəaliyyət göstərən 60 müəllim iştirak edib.
  • 2017-ci il ərzində BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzində  50 000-dən çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 2 265 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinə vətəndaşlar tərəfindən 10 599 ərizə,  müxtəlif qurumlardan 10 493 məktub və  2 128 elektron müraciət daxil olub.
  • 2017-ci il ərzində hər həftə Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib. Vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədilə təşkil edilən səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin həyatında baş ve­rən yeni­lik­lər və idarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətində işlər 2017-ci il ərzində də müvafiq qaydada yerinə yetirilib. Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi BŞTİ-nin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Bu baxımdan BŞTİ-nin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılıb.
  • Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün səmərəli şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, BŞTİ rəhbərliyinin və əməkdaşlarının telekanallarda çıxışları və müsahibələri təşkil olunub.
  • Məktəb saytlarının fəaliyyətinin müvafiq tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib. Təlimlər Bakının hər bir rayonunun məktəbləri üzrə ayrılıqda təşkil olunub. BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektoru tərəfindən keçirilən təlimlərin əsas məqsədi məktəb saytlarının daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasını təmin etməkdən ibarətdir. 
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi elan olunub. Müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçirilir. Qaliblər tədris ili ərzində 2 dəfə (yanvar və iyun ayları) seçilərək elan ediləcək.
  • “Hazırcavablar” intellektual oyunu yeni mövsümdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Televiziyasının (AzTv) birgə layihəsi kimi davam edir. “Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir. Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
  • BŞTİ və “Azərbaycan müəllimi” qəzetinin birgə layihəsi olan “Mənim məktəbim” layihəsinə start verilib. Layihənin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymaqdan ibarətdir.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən “Bakı məktəbləri” qapalı “Facebook” qrupunun səmərəli fəaliyyəti təmin olunub. “Facebook” qrupu fəal məktəblərin, zəngin tədbirlər proqramı və uğurları bol olan təhsil müəssisələrinin vahid platformada daha aydın görünməsini, digərlərinin isə fəallaşmasını təmin edir.
  • 2017-2018-ci tədris ili üçün paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin olunub. 2017-2018-ci tədris ili üçün çap edilmiş yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlərin sentyabrın 5-dək yerlərə çatdırılması təmin edilib. Bunun üçün müvafiq baza məntəqələri yaradılıb və əsas tədris vəsaitlərinin yerlərə çatdırılması operativ şəkildə həyata keçirilib.
  • 2017-ci il ərzində BŞTİ-nin tabeliyindəki 8 təhsil müəssisəsi əsaslı təmir edilib, 1 məktəb üçün yeni bina, 3 məktəb üçün yeni korpus tikilib.  Bununla yanaşı, 2 məktəb üçün əlavə sinif otaqlarının, 1 məktəb üçün yeməkxananın, 1 məktəb üçün isə yeni binanın tikintisi başa çatdırılıb. Hazırda 1 məktəbin sökülərək yenidən tikilməsi,  1 məktəbdə isə əsaslı təmir işləri davam edir.
  • Əlavə olaraq, məktəblərin təmirə ehtiyacı araşdırılıb, 144 müəssisədə cari təmir və mühəndis kommunikasiya işləri görülüb, 20  məktəbin bufetinin təmiri başa çatdırılıb.
  • Ümumi təhsil məktəblərində birgə fəaliyyətin təşkil edilməsi Nazirlər Kabinetinin “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, həyata keçirilib. Bu məqsədlə Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün 223 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb. Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kurslar təşkil edilib.
  • Paytaxtın ümumi təhsil müəssisələrinin iştirakı ilə “Oxu günü” tədbiri keçirilib. Heydər Əliyev Mərkəzi,  Təhsil Nazirliyi,  Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Gəlin birgə oxuyaq!” şüarı altında reallaşdırılan “Oxu günü”ndə şagirdlər təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirəsi aparılıb, pantomim tamaşa, kitabların insanın inkişafı baxımından əhəmiyyətini vurğulayan səhnəciklər, fləşmob və digər təqdimatlar olub. 
  • "Baku Expo" Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi (“Education 2017”) keçirilib. “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgidə BŞTİ-nin “Məktəbəhazırlıq” və “Kitabxana” stendləri də yer alıb. Həmçinin, BŞTİ-nin tabeliyindəki məktəblərin şagird və müəllim heyətinin Təhsil sərgisində iştirakı təmin edilib. 
  • BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin şagirdləri “Olimpiya Hərəkatı–2017” (“Olympic Moves–2017”) idman proqramı çərçivəsində keçirilən yarışlarda iştirak edib.  Yarışlara paytaxtın 294 ümumi təhsil müəssisəsi üzrə 63 504 şagird qatılıb.  Ümumilikdə, Bakı üzrə 12 rayondan 5 idman növü üzrə birinci yeri tutan 60 məktəbin komandaları finalda mübarizə aparmaq hüququ əldə edib. Final mərhələsinin nəticələrinə əsasən, müxtəlif idman növləri üzrə paytaxtdakı 160 nömrəli Klassik Gimnaziya,  220 nömrəli məktəb-lisey, 145,  269, 248,  236, 17, 114,  29, 104, 286,  260 nömrəli məktəblərinin komandaları  I, II, III yerlərə layiq görülüb.
  • Bakı şəhər məktəbliləri “TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsində, “Olimpiya Hərəkatı–2017” idman proqramı çərçivəsində müxtəlif idman növləri üzrə çempionatda uğurla  iştirak ediblər.
  • Məktəblilərin və pedaqoji kollektivlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları 2017-ci  ildə də davam etdirilib. Heydər Əliyev Mərkəzində  müəllim və şagirdlər Azərbaycan tarixinin və ümummilli liderin həyat və  fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olublar.
  • Paytaxt məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici aksiya çərçivəsində ölkənin müxtəlif bölgələrinə səfər ediblər. Şagirdlər ölkəmizin bölgələrinə təşkil olunan səfərlər zamanı qədim tarixi abidələr, rayonlardakı tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər mədəni mərkəzlərlə tanış olublar.
  • BŞTİ-nin təşkilatçılığı ilə məktəblilərin paytaxtdakı tarixi abidə və muzeylərə ekskursiyaları təşkil edilib. Şagirdlərin dünyagörüşünün hərtərəfli formalaşmasında mühüm əhəmiyyəti olan bu tədbirlərin davam etdirilməsi və gələcək illərdə daha da genişləndirilməsi nəzərdə tutulur.
  • Bakı  şəhər  məktəbliləri  Xalq  Təhsili   Muzeyi  və YARAT Müasir İncəsənət Mərkəzinə təşkil edilən ekskursiyalara cəlb olunublar.  Şagird və müəllim kollektivinin  mədəniyyət və incəsənət biliklərini daha da artırmaq və bu sahədə onların dünyagörüşünü genişləndirmək məqsədilə YARAT Müasir İncəsənət Mərkəzinə  təşkil edilən ekskursiyalarda  məktəblilərə qısa mühazirələr oxunub  və bir çox yaradıcı oyunlar keçirilib.
  • 2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 90 ümumi təhsil məktəbi və 10 məktəbdənkənar  təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb. Layihə BŞTİ və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Guşənin yaradılması milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltmək məqsədlərinə xidmət edir. 2017-2018-ci tədris ilində  110  təhsil müəssisəsində  “Milli Qəhrəmanlar” guşəsinin yaradılması  nəzərdə tutulub.
  • Paytaxtın ümumi təhsil müəssisələrində “Bilik günü”ndə ilk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Tədris olunan dərslər uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da artırılması, o cümlədən Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsi məqsədlərinə xidmət edib.
  • BŞTİ tərəfindən  məktəbliləri milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, şagirdlərə dini tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq hisslərini aşılamaq, onları islam mədəniyyəti, incəsənəti və tarixi haqqında  məlumatlandırmaq məqsədilə silsilə tədbirlər təşkil olunub, islam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərə həsr olunmuş sənədli filmlər və  videoçarxlar nümayiş etdirilib.
  • BŞTİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi tərəfindən ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi İli” çərçivəsində   milli-mənəvi və  ümumbəşəri dəyərlərin izahı, təbliği və tədris prosesi ilə əlaqələndirilməsi  məsələlərini əhatə edən tövsiyə xarakterli səyyar mühazirələr keçirilib.  Şəhərin 12 rayonu  üzrə  57 ümumi təhsil məktəbində təşkil  edilən mühazirələrdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasının vacibliyi vurğulanıb, gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, dini radikalizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının aktuallığı qeyd olunub.
  • IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək məqsədilə   təhsil müəssisələrində məktəblilərin  iştirakı ilə    IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş  tədbirlər  keçirilib.
  • Ölkəmizdə keçirilən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri uğurla iştirak edərək qalib olublar. Belə ki, paytaxtdakı 138 nömrəli məktəbin XI sinif şagirdi Roman Heydərov karate idman növü üzrə I yeri tutaraq qızıl medalın sahibi olub. Bakı şəhəri 277 nömrəli məktəbin XI sinif şagirdi Jalə Piriyeva bədii gimnastika üzrə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Həmin məktəbin X sinif şagirdi Zöhrə Ağamirova bədii gimnastika üzrə qızıl medala layiq görülüb. Paytaxtdakı 248 nömrəli məktəbin XI sinif şagirdi Yuliya Stisyuk üzgüçülük idman növü üzrə komanda tərkibində III yeri tutaraq bürünc medalın sahibi olub.
  • Ümumilikdə, Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına paytaxt məktəbliləri fəal şəkildə dəstək verib və müxtəlif formalarda yaxından iştirak ediblər. Belə ki, Bakı məktəbliləri yarışlara həm də könüllü kimi qatılıb və oyunların təşkilində fəallıq göstəriblər.
  • IV İslam Həmrəyliyi Oyunlarını məktəblilər arasında təbliğ etmək məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən keçirilən “IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş  respublika  təsviri sənət  müsabiqəsi”ndə paytaxt məktəblilərinin iştirakı  təmin edilib. Həmçinin, Azərbaycan Respublikası  Təhsil Nazirliyinin təşkilatçılığı əsasında Dənizkənarı Milli Park ərazisində  IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərdən ibarət yürüş, fləşmob və konsertdə  BŞTİ-nin tabeliyində  fəaliyyət göstərən  ümumi təhsil məktəblərinin şagirdlərinin iştirakı təmin edilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin və idman məktəblərinin  yetirmələri IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş idmanın 11 növü üzrə keçirilən kütləvi tədbirlərdə və  İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatında fəal  iştirak  edərək müxtəlif diplom, medal  və hədiyyələrlə  təltif olunublar.
  • BŞTİ və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən  məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək məqsədilə VIII, IX və X sinif şagirdləri  üçün “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr keçirilib.
  • Paytaxt məktəblərində “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirlər təşkil edilib. Tədbirlər uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda vətənpərvərlik, insanpərvərlik, sülhsevərlik, humanistlik ideyalarını gücləndirmək, onları milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək məqsədilə keçirilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” və “İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər təşkil edilib. Tədbirlər uşaqlara diqqətin artırılması, uşaq  hüquqlarının həyata keçirilməsi mexanizminin daha da yaxşılaşdırılması, onların müdafiəsinin daha effektiv təmin olunması və məktəblilər arasında hüquqi maarifləndirmənin genişləndirilməsi məqsədilə keçirilib. Həmçinin, paytaxt məktəbliləri Ombudsman Aparatı tərəfindən hər il  ənənəvi olaraq keçirilən “Mən və hüquqlarım” rəsm müsabiqəsində iştirak ediblər. 
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində əlamətdar günlərlə əlaqədar tədbirlər keçirilib. Belə ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibətilə təhsil müəssisələrində konfranslar, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər, fləşmoblar və idman yarışları təşkil edilib. 
  • BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ictimai xadimlərin yubileylərinə həsr olunmuş silsilə tədbirlər  keçirilib.
  • Bakı məktəblərində bir sıra hökumət və qeyri-hökumət təşkilatları ilə birgə   şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə sağlam həyat tərzini təbliğ edən profilaktik tədbirlər keçirilib. Məktəblilər siqaret, narkomaniya kimi zərərli vərdişlər,  İİV-QİÇS və digər  yolxucu xəstəliklərə qarşı  mübarizə sahəsində maarifləndirilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində şagirdlərin fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.
  • Yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılması məqsədilə BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin  yetirmələri  “Gənc xilasedici və yanğınsöndürən” Respublika  yarışı  və  “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsində iştirak ediblər.  
  • Fövqəladə hallar orqanlarında işə maraq göstərən yuxarı sinif şagirdləri  “Cəsurluq məktəbi” açıq qapı günündə iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının fəaliyyəti ilə yaxından tanış olan məktəblilərə fövqəladə hallarda davranış qaydaları haqqında  məlumat verilib.
  • BŞTİ və Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin birgə təşkilatçılığı ilə  təhsil müəssisələrində “Uşaqlar və yol təhlükəsizliyi” layihəsi həyata  keçirilib. Layihə çərçivəsində ümumi təhsil məktəbləri və məktəbdənkənar  təhsil müəssisələrində  məktəblilərə yol hərəkəti qaydalarını və yol mədəniyyətini öyrətməyə xidmət edən maarifləndirici məşğələlər,  aksiya, sorğu,  seminar və  viktorinalar təşkil  olunub.
  • Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan  tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə təhsil müəssisələrində 20 Yanvar faciəsinin  iyirmi yeddinci və  Xocalı soyqırımının iyirmi beşinci  ildönümü,  “Azərbaycanlıların Soyqırımı Günü” və  “Aprel döyüşləri”nə  həsr olunmuş silsilə tədbirlər, sinif saatları, söhbət və mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, sərgilər, inşa yazı müsabiqələri  keçirilib, sənədli və bədii filmlər  nümayiş etdirilib,  şəhid ailələri və Qarabağ müharibəsi  veteranları ilə görüşlər  təşkil olunub, divar qəzetləri, fotostendlər, guşələr hazırlanıb, pedaqoji işçilər  və məktəblilərin  Şəhidlər Xiyabanına və “Ana  fəryadı” abidəsinə ziyarətləri təşkil edilib.
  • Xocalı  soyqırımının iyirmi beşinci ildönümü  ilə əlaqədar şəhərin təhsil müəssisələrində  məktəblilər  arasında “Xocalısız 25 il” mövzusunda  rəsm-sərgi müsabiqəsi  keçirilib. İlkin mərhələdə məktəblilərin  təqdim etdikləri  600 rəsm işinə  baxılıb. Onlardan 200 ən yaxşı  rəsm  işi  seçilərək  müsabiqənin şəhər mərhələsinə təqdim edilib. Seçilən  işlər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Xocalısız 25 il”  müsabiqəsinin yekun sərgisində nümayiş  olunub.
  • Paytaxt məktəblərində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub. Tədbirlərdə dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri haqqında danışılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb. Eyni zamanda, paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri təşkil olunub.
  • Paytaxt məktəblərində “Orta məktəb şagirdləri üçün milli-mənəvi dəyərlərə dair təlimlər” keçirilib. Yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən interaktiv təlimlər zamanı anaya, vətənə, bayrağa olan sevgidən danışılıb, milli-mənəvi dəyərlər barədə söhbət aparılıb.
  • BŞTİ-nin tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər  İnkişaf Mərkəzinin  rəqs kollektivləri Türkiyə Cümhuriyyətində keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak ediblər. Festivalda “Mehriban” vokal və rəqs qrupunun, “Səma” yaradıcılıq qrupunun rəngarəng çıxışları maraqla qarşılanıb.
  • BŞTİ tərəfindən aidiyyəti  orqanlar, hökumət və qeyri-hökumət təşkilatları ilə birgə müxtəlif maarifləndirmə tədbirləri təşkil olunub. Belə ki, müvafiq dövr ərzində  “Ailə  Akademiyası”,  “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması”, “Şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım” və   “Mən həyatı seçirəm” mövzularında  layihələr həyata  keçirilib.
  • Paytaxt məktəblilərinin  ətraf  mühitin  mühafizəsi tədbirlərində fəal iştirakını təmin etmək və onların ekoloji biliklərini artırmaq məqsədilə  “Yaşıl şəbəkə”  ekoloji maarifləndirmə  proqramı çərçivəsində  “Ekoloji  yönümlü  və enerji  effektli məktəblərin  yaşıl şəbəkəsi”, “Ekoloji təmiz məhsul  və aqrobiomüxtəliflik” mövzusunda  I Respublika  müsabiqələri  və   II Ekoloji Forumda iştirakları təmin edilib.
  • Məktəblilər arasında “Şahin”  hərbi-idman oyunları keçirilib.  Hərbi-idman oyunlarının keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdir.  “Şahin”  hərbi-idman oyunlarında paytaxtın  Nizami rayonunun komandası I yerə layiq görülüb.
  • 2017-ci ildə Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Məktəblilərin idmana olan marağının artırılması, bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə gənc idmançıların şəhər, respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirakına əlverişli şərait yaradılıb. Paytaxtın idman məktəblərinin yetirmələri müxtəlif idman növləri  üzrə beynəlxalq və respublika yarışlarında 165  qızıl,  146  gümüş, 199  bürünc  olmaqla, ümumilikdə 510 medal əldə ediblər.
  • “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalı keçirilib. Ümummilli lider Heydər Əliyevin şahmatın inkişafındakı rolunu qeyd etmək, şagirdlər arasında  şahmat idman növünün təbliği məqsədilə keçirilən festivalda 56 pilot məktəb üzrə 306 nəfər II, III, IV sinif şagirdləri iştirak  edib.
  • Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında basketbol, voleybol, badminton və mini-futbol  üzrə  turnirlər keçirilib. BŞTİ və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  təşkilatçılığı ilə keçirilən turnirlərdə V-XI sinif şagirdləri iştirak edib.     
  • Bakı məktəbliləri arasında stolüstü tennis yarışı keçirilib. Stolüstü tennis üzrə yarış Binəqədi rayonunun ümumi təhsil müəssisələrini əhatə edib. Yarışın nəticələrinə əsasən, 267 nömrəli məktəb-lisey, 244 və 143 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II, III yerləri bölüşüb. 
  • Məktəblilər arasında voleybol idman növü üzrə festival keçirilib. BŞTİ, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunları ərəfəsində keçirilən festivalda 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı qızlar rəqabət aparıb.  Festival çərçivəsində keçirilən “İdman uşaqların gözü ilə” rəsm-sərgi müsabiqəsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil  və məktəbdənkənar  təhsil  müəssisələrindən 150-ə yaxın  rəsm işi daxil olub.
  • Paytaxt məktəblərində fəaliyyət göstərən 25 nəfər fiziki tərbiyə müəllimi və Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası Azərbaycanda ilk dəfə keçirilən voleybol üzrə seminarda iştirak edib. Azərbaycan Respublikası  Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə razılığına əsasən keçirilən seminarı Avropa Voleybol Konfederasiyasının CEV İnkişaf Mərkəzinin peşəkar mütəxəssisləri aparıb.
  • Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Cırtdan" yarışı keçirilib. BŞTİ və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən II-IV sinif şagirdləri arasında keçirilən  yarış 4 növ üzrə - yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə təşkil olunub.

 

Daha bir təqvim ilində paytaxtın ümumi təhsilində parlaq uğurlara imza atılıb, hərtərəfli inkişaf baxımından qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. Bütün bunlar paytaxt təhsilinin ümumi keyfiyyət göstəricilərinin yüksəlişində, şagirdlərin olimpiada və bilik yarışlarında əldə etdiyi nəticələrdə özünü göstərir. Qeyd olunan istiqamətlər üzrə qazanılan nailiyyətlər ümumi təhsildə dəyərdən keyfiyyətə doğru irəliləməyə əlverişli zəmin yaradır.

 


Açar sözlər: ,  ,  ,