08.01.2018

İntellektual qarşılaşmanın növbəti qalibi 

Paytaxt məktəblilərindən ibarət daha 4 komanda  “Hazırcavablar” intellektual oyununda iştirak edib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 35, 52, 54, və 100 nömrəli tam orta məktəblərin şagirdləri “Dil və ədəbiyyat”, “Tarix”, “Məntiq”, “Ordan-burdan”, “Nə etməli?” bölmələri üzrə sualları cavablandırıb. 

İntellektual oyunun nəticələrinə əsasən, 35 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

“Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.