12.01.2018

Birlikdə gələcəyə...

Məktəblərarası əməkdaşlığa xidmət edən layihə növbəti addımlara təkan verib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 304 nömrəli məktəb-lisey və 24 nömrəli tam orta məktəb arasında qurulan əməkdaşlıq çərçivəsində birgə tədbirlər həyata keçirilib. Tədbirlər 304 nömrəli məktəb-liseyin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə dəstəklənən “Birlikdə gələcəyə” layihəsi çərçivəsində reallaşdırılıb. Sentyabrın 22-dən etibarən 3 ay müddətində icra olunan layihənin məqsədi səmərəli rəqabət mühiti yaratmaqla məktəblərarası əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir. 

 

Şagird və valideynlərlə iş 

 

“Birlikdə gələcəyə” layihəsi çərçivəsində 304 nömrəli məktəb-lisey və 24 nömrəli tam orta məktəbin 180-ə yaxın VI, VII və VIII sinif şagirdləri hədəf seçilib. Məktəblilər arasında “Heydər Əliyev: Azərbaycanda təhsil, mədəniyyət və idmanın inkişafı“, “Mən Azərbaycanın gələcəyiyəm” mövzularında inşa müsabiqəsi, tarix, coğrafiya, biologiya, riyaziyyat, həyat bilgisi fənləri üzrə bilik yarışları, viktorinalar keçirilib. Həmçinin, şagirdlər idman turnirlərində qüvvələrini sınayıblar. 

 

Bundan başqa, layihə iştirakçıları arasında “Qarabağın tarixi”, “Ekoloji təcavüzkarlıq” mövzularında diskussiyalar, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyalar təşkil edilib.

 

Həmçinin, layihə iştirakçıları proyektiv metodika üsulu ilə test edilib, onların valideynləri arasında sorğular keçirilib. Valideynlərə övladlarının təhsil aldığı məktəblə sağlam və səmərəli əməkdaşlığın inkişaf etdirilməsinə dair psixoloji xidmət göstərilib. 
Layihədə hər iki təhsil müəssisəsinin müəllimləri də fəal iştirak edib, təcrübələrini bölüşüblər. 

 

Birgə layihələr üçün nümunə

 

Layihənin reallaşdırılması nəticəsində 304 nömrəli məktəb-lisey və 24 nömrəli tam orta məktəbin şagirdlərinin birgə fəaliyyətləri onların ictimai fəallığının, özünüifadə, ünsiyyət, müstəqil bilik əldə etmək bacarıqlarının inkişafına, dünyagörüşünün, olimpiada, müsabiqə və yarışlara marağının artmasına səbəb olub. Eyni zamanda, müəllimlər arasında əməkdaşlığın yaranmasına, onların yeni layihələrə marağının yüksəlməsinə şərait yaradıb. 

 

Ümumilikdə, “Birlikdə gələcəyə” layihəsi məktəblərarası əməkdaşlıq üçün nümunə olub. Layihə çərçivəsində qazanılan təcrübə gələcəkdə bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə kömək edəcək. 

 

İradə HÜSEYNOVA,

304 nömrəli məktəb-liseyin direktoru

 

“Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: ,  ,