12.01.2018

Audio dərsliklər hazırlanıb

Mətnlərin disklərə yazılması məktəblilərin dərsi daha tez və asan qavramasına kömək edib

 

Məktəblilər üçün audio dərsliklər hazırlanıb. Audio dərsliklər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 285 nömrəli tam orta məktəbin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində dəstəklənən “Oxumadan öyrənək” layihəsi sayəsində ərsəyə gətirilib. Bu işə ötən il sentyabrın 22-dən etibarən 3 ay vaxt sərf edilib. 

 

Dərsliklər diskə yazılıb

 

Audio disklər V sinif “Azərbaycan tarixi” və V sinif “Ədəbiyyat” dərslikləri əsasında hazırlanıb. Bunun üçün həmin dərsliklərin mətnləri nəzərdən keçirilib. Mətnlərin səsləndirilməsi üçün müvafiq məşqlər təşkil edilib. Sonra dərsliklərin mətnləri səsləndirilib və dərsliklərdəki ardıcıllığa uyğun olaraq, diskə yazılıb.

Beləliklə, V sinif “Azərbaycan tarixi” və V sinif “Ədəbiyyat” dərsliklərindəki bütün mətnlər ardıcıl şəkildə disklərə köçürülüb. Hər bir mətnin sonunda mövzuya uyğun suallar səsləndirilib. Layihə çərçivəsində elektron dərsliklərdən bəhs edən sosial çarx da hazırlanıb. 

 

Məktəblilərə kömək 

 

Audio dərsliklər ilk növbədə görmə qabiliyyəti zəif olan məktəblilərə kömək edir. Çünki təcrübə göstərir ki, həkim tərəfindən mütaliəyə icazə verilməyən və ya müəyyən səbəbdən bir müddət prosesdən uzaq durmalı olan şagirdlər dərslikləri başqasına oxutdurmaq məcburiyyətində qalırlar. Bu isə onların dərsi qavramasına və yadda saxlamasına mane olur. Buna görə də, belə şagirdlər dərsə hazırlıqsız gəlir, sinif yoldaşlarından geri qalırlar. Audio dərsliklər vasitəsilə artıq belə məktəblilər başqasından kömək gözləmədən dərslərinə hazırlaşa bilirlər. 

 

Audio dərsliklər oxumağa həvəs göstərməyən şagirdlərə də kömək göstərir. Çünki audio disklər vasitəsilə dərsə hər yerdə hazırlaşmaq mümkündür. Yol gedərkən, istirahət edərkən və digər vəziyyətlərdə diskləri dinləməklə dərsə hazırlaşmaq olur. 
Bundan başqa, məktəblilər evdən uzaqda olanda da dərsə hazırlaşa bilirlər. Onlar artıq uzaq məsafəyə kitab daşımır və diski dinləməklə dərsi öyrənirlər. 

Audio dərsliklər məktəblilər arasında ən çox rast gəlinən onurğa sütununun əyriliyi probleminin də qarşısını alır. Çünki audio disklər kitabların çəkisi ilə müqayisədə olduqca yüngüldür. 

Təcrübəyə əsasən deyə bilərik ki, audio dərsliklərdən istifadə əlverişlidir. Bu işin genişləndirilməsi və digər fənlər üzrə audio dərsliklərin hazırlanması səmərəli ola bilər.

 

Səfurə RƏHİMOVA,

285 nömrəli tam orta məktəbin direktoru

 

“Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: ,  ,  ,