15.01.2018

Məktəblilər ali təhsil müəssisələrində

Paytaxt məktəbliləri üçün karyera planlama təlimləri çərçivəsində ali təhsil müəssisələrinə ekskursiyalar təşkil edilir.

Ekskursiyalar zamanı ali məktəblərin müəllim və tələbələri ilə görüşən şagirdlərə fakültələr, ixtisaslar, təqaüd və mübadilə proqramları barədə məlumatlar verilir. Eyni zamanda, görüşlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır.

Ekskursiyalar çərçivəsində, həmçinin, məktəblilər elmi-tədqiqatlara cəlb olunur, dərs dinləmələrinə qatılır, maraqlandıqları suallara cavab alırlar.

Qeyd edək ki, karyera planlama təlimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 19 ümumi təhsil məktəbində “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılır.

Təlimlərin təşkil olunmasında əsas məqsəd şagirdlərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində kömək etmək, həmçinin, seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə məktəblilərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirməkdən ibarətdir.