19.01.2018

Məktəb psixoloqlarına dəstək

7 şəhər və rayon üzrə ümumi təhsil müəssisələrinin psixoloqları üçün seminarlar təşkil edilib.

Bölgə məktəblərində çalışan psixoloqlar üçün seminarlar təşkil olunub. Seminarlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 38 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən “Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində reallaşdırılıb. “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə dəstəklənən layihə sentyabrın 22-dən dekabrın 22-dək icra edilib. 

 

Məktəb psixoloqlarına dəstək

 

“Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsinin əsas məqsədi regionlarda fəaliyyət göstərən məktəb psixoloqlarının praktiki biliklərinin artırılmasına, onların müasir metodik üsullarla tanış olmasına dəstək göstərməkdən ibarətdir. 

Layihə çərçivəsində Mingəçevir, Yevlax, Ağdam, Ucar, Göyçay, Şamaxı və İsmayıllıda ümumi təhsil məktəblərində çalışan psixoloqlar seminarlara cəlb edilib. Seminarları təlimçi Natəvan Mövlamova idarə edib. Seminarlar hər şəhər və rayon üzrə 3 gün keçirilib. Seminarların ilk 2 günü ərzində müəyyən edilmiş mövzular ətrafında geniş müzakirələr aparılıb. “Davranış pozğunluqları və həlli yolları”, “Təlimdə geri qalmanın səbəbləri”, “Yaş dövrləri və çətinlikləri”, “Müxtəlif nitq qüsurları” və digər mövzularda geniş fikir mübadiləsi təşkil edilib. Həmçinin, iştirakçılara məlumat xarakterli kitabça və bukletlər paylanıb. Seminarlar çərçivəsində məktəblərdə şagirdlərdən ibarət “Psixologiya klubu”nun yaradılması, onun tərkibinin və fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı qrup çalışması həyata keçirilib. 

Seminarların 3-cü günü hər şəhər və rayon üzrə seçilmiş ümumi təhsil məktəbində valideynlərin və şagirdlərin iştirakı ilə praktiki hissə təşkil olunub. Görüş zamanı valideynlərin sualları cavablandırılıb. Onlar həmçinin problemlə qarşılaşdıqları zaman psixoloji və loqopedik iş prosesinin necə aparılması ilə əyani şəkildə tanış olublar. Layihə ilə bağlı valideynlərə də məlumatlandırıcı bukletlər paylanıb. 

Seminarların sonunda bütün iştirakçı psixoloqlara sertifikatlar təqdim edilib. 

 

Dərslərin keyfiyyəti yüksəlib

 

Seminarlar məktəb psixoloqlarına əlavə bilik və bacarıqlar qazandırıb. Bu bilik və bacarıqlar onlara dərslərdə yeni üsullardan istifadə etməyə imkan yaradıb. Nəticədə dərsin keyfiyyəti artıb, şagirdlərə yeni bilik və bacarıqlar aşılanıb. Seminarlar çərçivəsində şagirdlərlə qrup çalışmasının həyata keçirilməsi də onlara müsbət təsir göstərib.

 

Jalə MƏMMƏDOVA,

38 nömrəli tam orta məktəbin psixoloqu

 

Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: ,