23.01.2018

Müəllimlər yeni orfoqrafiya qaydaları haqqında

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları və lüğətinin hazırlanacağı barədə cəmiyyətdə çoxdan söz-söhbət gəzirdi. Bu da təsadüfi deyil. Çünki orfoqrafiya lüğətinin əvvəlki nəşrində bir sıra nöqsanlara yol verilmişdi ki, bunların da aradan qaldırılması zəruri idi. Üstəlik, son dövrlərdə dilimizə keçmiş bəzi beynəlxalq terminlərin işlədilməsində vahidlik gözlənilmirdi. Yeni nəşri zəruri edən səbəblərdən ən ümdəsi isə “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda orfoqrafiya lüğətinin beş ildən bir nəşr olunması haqqında maddənin yer almasıdır.

Budur, artıq sözügedən məsələ öz həllini tapıb: Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi hazırlanaraq bu günlərdə ictimaiyyətin müzakirəsinə verilib. Yeni orfoqrafiya lüğətinin hazırlanması üzərində də iş gedir.

Qeyd edək ki, yeni qaydaların və lüğətin hazırlanması üçün son hüquqi əsas AMEA Rəyasət Heyətinin “Yeni Orfoqrafiya lüğətinin hazırlanması barədə” 2017-ci il 1 noyabr tarixli qərarı olub. Həmin qərarla AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Orfoqrafiya Komissiyası yaradılıb. Sədr müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul katibi Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu olan Orfoqrafiya Komissiyasının tərkibinə müxtəlif qurumlardan 20 nəfərə qədər ziyalı, dilçi alim daxil edilib. Dilçilik İnstitutunda işçi qrupu yaradılıb. Ötən müddət ərzində komissiyanın bir neçə dəfə iclası keçirilərək görüləcək işlər, eləcə də Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub. Nəhayət, layihə üzərində iş başa çatdırılaraq AMEA Rəyasət Heyətinin ötən il dekabrın 28-də keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib. Komissiyanın bu il yanvarın 12-də Nəsimi adına Dilçilik İnstitutunda keçirilən növbəti iclasında isə layihə son dəfə müzakirə olunub və institutun rəsmi saytında yerləşdirilərək ictimaiyyətin müzakirəsinə verilib. 

Yeni layihə mətbuatda dərc olunduğu gündən, gözlənildiyi kimi, geniş müzakirələrə yol açıb. Müzakirələr isə bir daha onu göstərir ki, dil, orfoqrafiya təkcə bu sahə ilə məşğul olan mütəxəssislərə aid məsələ olmayıb, necə deyərlər, ümumxalq işidir və dilin saflığını qorumağı özünün borcu bilən hər kəsin maraqlandığı məsələdir.

Yeni orfoqrafiya qaydaları və lüğətinin hazırlanması, demək olar ki, bütün müzakirə iştirakçıları tərəfindən dilimizin saflığının qorunması, ədəbi dilin daha da zənginləşdirilməsi və tətbiqinin genişləndirilməsi istiqamətində son illər görülmüş işlərin ən uğurlu nəticələrindən biri kimi qiymətləndirilsə də, layihə haqqında hamı eyni fikirdə deyil. Təklif olunan bəzi yenilikləri məqbul saymayanlar da var. Ən çox irad isə layihənin söz köklərində samitlərin yazılışı qaydasında yer almış indiyədək əsgər, əsginas, İsgəndər kimi yazılan sözlərin əskər, əskinas, İskəndər kimi yazılışının məqsədəuyğun sayılması ilə bağlıdır. Layihədə bu, sözlərin mənbə dildəki yazılışının əsas götürülməsi ilə əlaqələndirilsə də, bir çoxları bunu əsaslı səbəb kimi qəbul etmir və həmin sözlərin elə əvvəlki nəşrdə olduğu kimi saxlanılmasını zəruri sayır. Müzakirəyə səbəb olan digər bir məsələ qoşa yy samiti ilə işlənən sözlərin layihəyə bir y ilə verilməsi və bunun əsaslandırılmasıdır. Layihədə qeyd olunduğu kimi, əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat, -iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılıb. Hazırda həmin sözlər bir y ilə tələffüz olunur və buna görə də fonetik prinsipinə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılar. Məsələn, cərrahiyyə-cərrahiyə, ədəbiyyat-ədəbiyat, maliyyə-maliyə və s.

Bu səpkili yeniliklər yeni orfoqrafiya qaydalarında çox olmasa da, müzakirəyə qatılanların əksəriyyətinin fikrincə, sonralar bir sıra dolaşıqlıqlara, səhvlərə yol açacaq belə dəyişikliklərə ehtiyac yoxdur, onların tətbiqi ciddi elmi əsasa söykənmir.

Onu da qeyd edək ki, Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli mətbuata açıqlamasında müzakirənin yanvarın sonunadək davam etdiriləcəyini və fevralın əvvəllərində təkmilləşmiş variant hazırlandıqdan sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcəyini bildirib. Akademikin sözlərinə görə, geniş ictimaiyyətin, Orfoqrafiya Komissiyasının üzvü olmayan şəxslərin fikirləri də onlar üçün çox böyük əhəmiyyətə malikdir: “İrəli sürülən bir çox tənqidi fikir, təklif qeyri-elmidir, professional deyil. Bəziləri subyektiv mövqedən çıxış edirlər, bu da təbiidir. Hətta sadə bir adamın, dilçilik elmindən anlayışı olmayan şəxsin maraqlı bir fikri olsa, nəzərə alacağıq. Biz bunlara dözümlə, səbrlə yanaşırıq. Bütün təkliflər nəzərə alınaraq Orfoqrafiya Komissiyasında müzakirə ediləcək və təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”.

Yeni orfoqrafiya qaydalarının, eləcə də orfoqrafiya lüğətinin təhsillə bilavasitə bağlılığını isə xüsusi qeyd etməyə ehtiyac yoxdur. Çünki bütün elm sahələrinin əsasları kimi, dilimizi və onun qayda-qanunlarını da biz bağçada, məktəbdə öyrənməyə başlayır, ana dilimizə sevgini, onun gözəlliyini, şirinliyini burada duyuruq. Bütün bunları bizlərə aşılayan Azərbaycan dili və ədəbiyyat müəllimləri yeni orfoqrafiya qaydalarını, lüğətini, onlara təklif edilən yenilikləri necə qiymətləndirir, müzakirələrdə necə iştirak edirlər? Sualımızı paytaxtımızdakı bir neçə məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminə ünvanladıq.

 

“Yazı savadının formalaşmasına mənfi təsirini göstərəcək”

Yeganə HÜSEYNOVA, Bakı şəhər 60 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim: - Orfoqrafiya qaydalarının dəyişməsi tək elm, təhsil sahəsində çalışanların deyil, həm də bu və digər mənada bütün insanlarımızın ciddi maraq göstərdiyi məsələdir. Tezliklə buraxılış və qəbul imtahanları verəcək abituriyentlərin müəllimləri ilə yanaşı, valideynlər də imtahanlar zamanı yeni orfoqrafiya qaydalarının tətbiq olunması ilə bağlı narahatlıq hissi keçirirlər. 

Layihədə öz əksini tapmış məsələlər - bir sıra dilçilik qaydalarının layihəyə salınması, bəzi milli və alınma sözlərin düzgün yazılışı, vaxtilə apastrofla yazılmış sözlərin sətirdən-sətrə keçirilməsi ilə bağlı yeni qaydaların tətbiq edilməsi təqdirəlayiqdir. Orfoqrafik qaydaların sayının artırılaraq 69-a çatdırılması da bu sahədə ciddi iş aparılmasından xəbər verir. Amma layihədə elə qaydalar da öz əksini tapıb ki, onlarla razılaşa bilmirəm. Layihənin 22-ci qaydasında qeyd olunur ki, mənbə dildəki yazılışı əsas götürülərək bəzi sözlərin (İskəndər, əskər, əskinas və s.) k hərfi ilə yazılması məqsədəuyğundur. Müəlliflər öz təkliflərinin elmi əsaslara söykəndiyini bildirir, ərəb mənşəli bu tip sözlərin yazılış və tələffüzü arasındakı fərqi diqqətə çatdırmağa çalışırlar. İllər uzunu əsgər yazıb və demişiksə, əskər yazmağın nə mənası var? Əvvəlki qaydalarda da, layihə kimi təqdim olunan yeni orfoqrafiya qaydalarında da elə sözlər var ki, onların yazılışı mənbə dildəki variantla fərqlidir. Bütün elmi ədəbiyyatlarda, dərsliklərdə -iyyat, -iyyət və -iyyə kimi verilən və qəbul olunan leksik şəkilçili sözlərin tələffüzə uyğun olaraq bir y ilə yazılması heç də uğurlu təklif deyil. 

Orfoqrafiya lüğətlərinin beş ildən bir çap edilməsi adıçəkilən qaydaların da tez-tez dəyişdirilməsinə səbəb olmamalıdır. Son orfoqrafiya qaydalarının dəyişdirilməsindən bizi zaman baxımından elə də böyük vaxt ayırmır. Bəlkə də o müəlliflərin əksəriyyəti elə yeni qaydaların işlənilib hazırlanmasında da iştirak edib.

Məncə, layihədə öz əksini tapmış yeni qaydaların qəbul olunması əvvəlki nəşrlərə xərclənən vəsaitin heç olmasına, minlərlə tiraj orfoqrafiya lüğətlərinin istifadəsiz qalmasına və bununla da maliyyə itkisinin yaranmasına səbəb olmaqla yanaşı, uzun müddət ərzində yazı savadının formalaşmasına da öz mənfi təsirini göstərəcək.

Elnarə ƏLƏSGƏROVA, Bakı şəhər 202 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - Düzgün yazı mədəniyyətin və savadın ən vacib göstəricisidir. Düzgün yazının təmin olunması üçün vahid qaydalar mövcuddur və bu qaydalar Azərbaycan ədəbi dilinin orfoqrafik normalarını təşkil edir. Zamanla Azərbaycan dili müəyyən inkişaf prosesi keçib və bu zaman baş verən dəyişikliklər yazıya da öz təsirini göstərib. Sözlərin yazılışı ilə bağlı müxtəlif fikirlər yaranıb və mübahisələrə səbəb olub.

Son zamanlarda bəzi sözlərin yazılışı ilə bağlı mübahisəli fikirlərin yaranması çaşqınlığa səbəb olur və sabit qaydaların təsdiqlənməsi zərurətini yaradır. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi təqdirəlayiqdir.

Layihədə verilmiş orfoqrafiya qaydaları bir neçə hissəyə ayrılıb ki, burada əsl Azərbaycan sözlərinin, alınma sözlərdə saitlərin, söz köklərində samitlərin, qoşasaitli və qoşasamitli sözlərin, şəkilçilərin, mürəkkəb sözlərin, köməkçi sözlərin yazılışı, birinci hərfi böyük yazılan sözlər, ixtisarlar (abreviaturalar), sözün sətirdən-sətrə keçirilməsi qaydaları öz əksini tapıb. Burada göstərilən qaydaların əsasən ənənəvi qaydalardan ibarət olması və yazı qaydalarında fərqli dəyişikliklərin olmaması müsbət haldır. Bəzi dəyişikliklər mübahisə və çətinlik yaradan məqamlarla bağlı olduğu üçün məqsədəuyğundur.

Metafora, profilaktoriya, sanatoriya kimi sözlərin yenidən bu şəkildə yazılması dəstəkləniləcək haldır, çünki bu şəkildə yazılış dilimizin xüsusiyyətlərinə və səslənməsinə daha uyğundur.

37-ci bənddə tərkibində -iyyat, -iyyət və -iyyə şəkilçisi olan sözlərin - məsələn: dövriyyə, ədəbiyyat, fəaliyyət, maliyyə, üslubiyyat sözlərinin fonetik prinsipə əsasən bir y ilə yazılması qaydası müsbət bir haldır. Dilimizdə təhkiyə, tövsiyə, tərbiyə kimi sözlər də var ki, bunlar bir y ilə yazılır və tələffüz olunur. Bu isə çaşqınlığa səbəb olurdu. Şagirdlərin ən çox yazıda səhv etdikləri məqamlardan da biri məhz bu məsələ idi. Belə olan halda sözün ortasında işləndikdə qoşa yy ilə (Xəyyam, əyyam və s.), sözün sonunda gəldikdə isə bir y ilə yazılan sözlər (dövriyə, maliyə və s.) fərqləndiriləcək və bununla bağlı səhvlərin qarşısı alınacaq.

Bundan əlavə, verilmiş qaydalarda əsgər sözünün əskər, alqı-satqı sözünün isə alğı-satqı kimi verilməsi də məqsədəuyğundur. Çünki qoşasamitli sözlərin yazılışı və tələffüzü ilə bağlı qaydalara əskər şəkilində yazılış daha uyğundur. Alğı-satqı şəklində yazılış isə tələffüzlə fərq yaratmadığı üçün daha məqsədəuyğundur.

 

“Lüğəti təkmilləşdirmək daha vacibdir”

Hüseyn ŞAHBƏNDƏYEV, Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, Əməkdar müəllim - Dil xalqın varlığını təsdiq edən əsas amillərdən biridir. Dilin qoruyucusu məhz xalqın özüdür. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən yeni orfoqrafiya qaydalarının təklif olunmasını zamanın tələbi, müstəqil Azərbaycanın iqtisadi və mədəni inkişafından irəli gələn zərurət hesab edirəm. Çünki dil cəmiyyətlə ahəngdar inkişaf edir. Odur ki, dilin əsaslarına toxunmadan bir əsrdə 3-4 dəfə orfoqrafiya lüğətini yeniləşdirməyi düzgün hesab edirəm.

Hazırda istifadə etdiyimiz 2013-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətinə bir çox qondarma və anlaşılmaz sözlərin salınması həmin lüğətin sanbalına və nüfuzuna mənfi təsir edib. Məncə, yeni, daha mükəmməl lüğət tərtib etmək üçün mövcud qaydaları dəyişmək yox, lüğəti təkmilləşdirmək daha vacibdir. Maddələrin sayını süni surətdə artırmaq çaşqınlıq yaratmağa gətirib çıxara bilər.

Layihədəki ziddiyyətlər yeni lüğətin də uğurlu bir mənbə olacağını şübhə altına alır. Bəzi razılaşmadığım fikirləri bildirmək istəyirəm:

22-ci maddə. Əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, isgənə-iskənə əvəzlənməsinin elmi və ümumxalq əhəmiyyəti yoxdur. Hamı həmin sözləri tərkibində g samit ilə tələffüz edir... “Mənşə dildə belədir”,- fikri də əsassızdır.

29-cu maddə səhvdir, elmi düzəliş edilməlidir: Bildiyimiz kimi, söz ortasında qoşa qq-[k’q] kimi tələffüz olunur. Ancaq layihədə yazılıb: “Hecalarından biri q samiti ilə bitib, sonrakı hecasının ilk samiti [k’] kimi səslənən sözlər qoşa qq samiti ilə yazılır: diqqət, doqquz, saqqal və s.”.

37-ci maddə. Əvvəlki qaydalardakı ziddiyyətlər üzündən vahidlik prinsipinə əməl olunmaması bir çox sözlərin yazılışında çətinliklər yaratmışdır. Zənnimcə, şəkilçilərində qoşa yy samiti olan sözlər vahid bir qaydada -yy ilə yazılmalıdır. Buradakı -iyyat, -iyat (ədəbiyat, riyaziyat və s.) əvəzlənməsi də mənasızdır.

43-cü maddənin d bəndində alğı-satqı sözünün yazılışı elmi cəhətdən düzgün olsa da, dilimizin ahəngi və səs məxrəci sayəsində dəyişikliyə məruz qalacaq, alğı-satğı şəklinə düşəcək. Odur ki, bu sözü də alqı-satqı şəklində, indi işləndiyi kimi saxlamaq yaxşı olar.

Ümumiyyətlə, sayca çox qaydalar tərtib etmək əvəzinə, lüğəti yersiz və anlaşılmaz sözlərdən təmizləmək daha yaxşı olar.

Komissiyada işləyən alimlərimizə Qaydalara bir daha baxmaqla olduqca mükəmməl, işlək orfoqrafiya lüğətinin yaradılmasında uğurlar arzulayıram.

 

Qənimət HƏSƏNOVA, Bakı şəhər 261 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi - Mən Nəsimi adına Dilçilik İnstitutunun elektron səhifəsində “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində 69 bənddən ibarət olan qaydaları nəzərdən keçirdim. Biz müəllimlər hər gün sinif otaqlarında bu qaydalarla rastlaşırıq və bəzən əsaslandırılmayan orfoqrafiya qaydalarını, istisna hallarını şagirdlərə tam izah etmədən öyrədirik. Dilçilik elminin “Fonetika” bölməsi orta ümumtəhsil məktəblərinin 5-ci siniflərində və ya abituriyentlərin hazırlıq mərhələsində daha dərindən öyrədilir.

Düzdür, cəmiyyətin sürətli inkişafı, texnologiyalar əsrində yaşamağımız dilimizdə müxtəlif dəyişikliklərin yaranmasına səbəb olur. Bu baxımdan həmin dəyişikliklərin orfoqrafiya lüğətində öz əksini tapması labüddür. Məncə, layihədə edilmiş dəyişikliklərin nəyə əsaslanmasına aydınlıq gətirilməlidir. 

Layihənin 22-ci bəndində əsgər, işgəncə, İsgəndər kimi sözlərin k hərfi ilə yazılması tövsiyə olunur. Lakin mənim fikrimcə, onların elə əvvəldəki nəşrdəki kimi g hərfi ilə yazılması da məqbuldur. Əskinaz sözünün g hərfilə yazılışına isə razı deyiləm.
23-cü bənddə qeyd olunan vindos sözünü vindous kimi yazmaq daha məqsədəuyğundur. Çünki bu söz termindir, proqram adıdır. Alınma sözdür. Həm də w hərfi ou birləşməsi kimi tələffüz olunur. Tələffüzündən bilinəcək ki, gündəlik məişət sözü deyil. Həm də belə səslənməsi onun kompüter proqramının adı olmasını bildirir. Adların tərcümə olunması və ya sadələşdirilməsi bizim dildə pis səslənir: vindos.
32-ci bənddə -sız şəkilçisinin hiss sözünə qoşularaq s hərfinin düşməsini məqbul saymıram. Sözü tərkibinə görə təhlil edəndə -sız leksik şəkilçi, his kök kimi götürülür. Hansı mənada olduğunu müəyyən etmək çətinləşir. Mücərrəd isim, ya konkret isim olduğunu şagird deyə bilmir. Yəni -sız şəkilçisilə də qoşa, ss yazılması vacibdir.

37-ci bənddə verilmiş sözlərin yazılışına görə -iyyət, -iyyə şəkilçiləri leksik şəkilçi olaraq isim düzəldən şəkilçidir. Hansı sözdə bu şəkilçiləri ayırsaq, yerdə qalan söz leksik məna kəsb edirsə, y hərfinin düşməsi aşağıdakı sözlərdə məqbul hesab olunmur: fəaliyyət, ədəbiyyat, üslubiyyat. Maliyyə sözü özü kök hesab olunur. Ona görə də bir y hərfi ilə yazılmalıdır. Dövriyə və cərrahiyə sözlərində də sözə (kökə) -iyə şəkilçisi qoşularaq isimdən isim düzəldib.

38-ci bənddə qeyd olunmuş -i, -ı, -u, -ü şəkilçisi ilə yazılmış sözlərin sırasından Vağzalı sözü çıxmalıdır. Çünki bu söz mahnı adıdır və vağzal sözündən yaranmayıb.

41-ci bənddə mürəkkəb sözlərin yazılışına aid qaydalarda türkmənşəli sözünün bitişik yazılması istisna hal olsun. Çünki türk böyük bir xalqın adıdır.

Kitablarda ərəbmənşəli, avropamənşəli sözlərinin də bitişik yazılmasına rast gəlinmir.

45-ci bənddə qoşmaların yazılışına aid 2-ci qeyddə vaxtilə sözündə qoşma yoxdur. Bu söz zərfdir. “Nə vaxt” sualına cavab verir. Vasitəsilə, münasibətilə, məqsədilə, köməyilə, etibarilə sözlərində isə qoşmadan qabaq y bitişdirici samit işlənməlidir. Çünki ilə qoşmasını ayırsaq, yerdə qalan söz III şəxsin mənsubiyyət şəkilçisini qəbul edib. İki sait yanaşı işlənəndə bitişdirici samit yazılır. İlə qoşması sözə qoşulanda -la2 şəkilçisi kimi qoşulur. Bu qoşma adlıq və yiyəlik halında olan sözlərə qoşulur. Adlıq haldakı sözlərə qoşulanda bəzən zərf düzəldən -la2 şəkilçisilə də səhv salına bilər. Ona görə də şagirdlərə sözlərə sual vermək tövsiyə olunur. Qoşma qoşulduğu sözlə birlikdə tamamlığın sualına cavab verir. Zərf düzəldən şəkilçili söz isə necə sualına cavab verib hərəkətə aid olur.

57-ci bənddə yazılmış Ağstafa Rayon Təhsil Şöbəsi mürəkkəb addır. Şöbə sözünün kiçik hərflə yazılması məqbuldur.

62-ci bənddə yazılmış yarımçıq ixtisarlarla bağlı AzərTAC sözündə C hərfinin açıqlaması niyə yoxdur sualı ilə qarşılaşıram. Bu bənddə zavod sözünün z-d, doktor sözünün d-r kimi yazılmasını və bunu izah etmək üçün işlədilmiş “sözün orta hissəsinin düşməsilə yaranır” cümləsini məqbul saymazdım. Çünki sözün orta hissəsinin düşməsi hansısa fonetik qanuna əsasən baş vermir və məcburi deyil. Qısa yazılan sözlərin çoxu başqa sözlə dəyişik də düşə bilər. Doktor sözü anlaşılandır. İstisna hesab edilə bilər.
Buna əsasən qeyd etmək istəyirəm ki, şagirdlər tez-tez Vətən və Prezident sözlərinin böyük hərflə yazılması haqqında sual verirlər. Vətən sözünü Azərbaycan sözü ilə əvəz etmək olanda böyük hərflə yazılır qaydasını bilirik. Amma “Mənim prezidentim” birləşməsində prezident sözünün balaca hərflə yazılması mübahisə doğurur. “Axı, prezident də bir nəfərdir və ya prezident sözünü İlham Əliyev cənablarının adıyla əvəz edə biliriksə, niyə böyük yazmayaq?” - sual verirlər.

Sonda qeyd etmək istəyirəm ki, istisna hallarının başqa dillərə nisbətən bizim dildə çox olması biz müəllimləri dərs zamanı tez-tez pis vəziyyətdə qoyur...

Bəlkə zaman keçdikcə bu cür halların da azalmasına çalışaq?!..

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi” qəzeti