30.01.2018

Məktəb direktorlarının təşəbbüsü ilə seminarlara start verilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları üçün seminarlar başlayıb.   

Məktəb direktorlarının təşəbbüsü ilə keçirilən ilk seminar BŞTİ-nin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseydə təşkil edilib.

Seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində tətbiq olunan yeniliklər barədə məktəb direktorlarını daha ətraflı məlumatlandırmaq və müvafiq məsələləri müzakirə etmək,  qarşılıqlı təcrübə mübadiləsini təşkil etmək, həmçinin, tədrisin keyfiyyətinin artırılması üçün yeni üsul və metodlar tapmaqdan ibarətdir.

Seminarda məktəb idarərtməsi, şagird nailiyyətlərinin yüksəldilməsi, direktorun bacarıqları, kargüzarlıq və digər məsələlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Seminar iştirakçıları qeyd edilən məsələlərlə bağlı təkliflər irəli sürüblər.

Seminarların ayrı-ayrı ümumi təhsil məktəbləri üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, BŞTİ-nin təşkilatçılığı ilə 2017-2018-ci tədris ilinin əvvəlində “Məktəb seminarları” keçirilib. Bakının hər bir rayonu üzrə keçirilmiş təlim-seminarlarda bütün ümumi təhsil məktəblərinin direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri və fənn müəllimləri əvvəlcədən müəyyən olunmuş mövzular üzrə ayrı-ayrı sessiyalarda iştirak ediblər. Təlim-seminarlarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məktəb rəhbəri, müəllim, valideyn və şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirilib. Məktəb direktorlarının təşəbbüsü ilə keçirilən hazırkı görüşlər isə “Məktəb seminarları”nda bəhs olunan, həmçinin, məktəblərin qarşısında duran digər məsələlərin daha yığcam müzakirəsinə imkan verir.


Açar sözlər: ,  ,