02.02.2018

Gənclər Günü gənc müəllimlərlə

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yenə qonaqları var. Çoxu biri-birini tanısa da, ayrı-ayrı yerlərdən gəliblər. Bu günü birgə keçirməkdən ötrü vertolyotla gələn, dağları aşan, qarlı-buzlu yolları, atəş altında qalan kəndləri bir göz qırpımında keçənlər var. Ancaq hamısını bir amal birləşdirir: peşə sevgisi, müəllimlik həvəsi. Hamısı gənc müəllimlərdir. Eləsi var bu ildən, eləsi də var artıq 6 ildir ki, ucqar kənd məktəbində qürurla, əzmlə dərs deyir. 

Gənc müəllimlərdən ibarət həvəsli, enerjili bu kiçik qrupu Bakıda, İçərişəhərdə Təhsil Nazirliyi birləşdirib. 2 fevral Gənclər Günü münasibəti ilə. Gənc müəllimlərin ən çox fərqlənənləri ilə görüşə Təhsil Nazirliyinin bütün rəhbər heyəti gəlib. 

 

Hər biriniz bizim üçün çox dəyərlisiniz

 

Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının tamaşasının hazırlıqları tamamlanıb. Bu gün onlar səhnəyə sırf gənc müəllimlər üçün çıxacaq. Ancaq Məcnun bərk xəstədir. Məcnunsuz Leyli, oyunçusuz səhnə olmaz ki. Hələ böyük çətinliklərə sinə gərib millətinin gələcəyini maarifləndirmək üçün çabalayan gənc müəllimləri bu səbəbdən geri qaytarmaq...

İşıqlar sönür, tamaşa başlayır. Qaranlıqda işıqların, kuklaların və onları hərəkətə gətirən sehirli insan əlinin ahəngi gənc müəllimləri çox-çox əvvəlki əsrlərə aparır.

Budur, artıq burdadılar. XXI əsrdə. Təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov qarşılarında duran missiyanı xatırladır: “Bəlkə gəncliyinizlə əlaqədar çox vacib missiyanın daşıyıcıları olduğunuzun o qədər də fərqinə varmırsınız. Bu missiya uşaqlara bilik, savad verməkdən başlayır. Ancaq ondan daha böyük bir məqam var ki, siz olduğunuz məktəblərdə bir örnəksiniz. Öz peşənizi ən ağır şəraitdə həyata keçirərək bilik verdiyiniz uşaqlara həm də bu keyfiyyətinizlə nümunə olursunuz. Onların tərbiyələnməsində, düzgün formalaşmasında, milli dəyərlər əsasında inkişafında böyük rol oynayırsınız. Belə bir fikir var ki, ən dəyərli tərbiyə şəxsi nümunə üzərində veriləndir. Ona görə sizin şəxsi nümunəniz şagirdlərinizin vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Xoş sədanız, uğurlarınız təhsil sahəsində aparılan islahatların göstəricisi, tərəqqi üçün islahatlara davam etməyə əlavə stimuldur. Ona görə də hər biriniz bizim üçün çox dəyərlisiniz və fəaliyyətinizə görə sizə təşəkkür edirik”.

Nazir müavini gənc müəllimlərin missiyası ilə Marionet Teatrının missiyası arasında da müqayisə aparıb. Gənc müəllimlərin və onları təbrik etmək üçün seçilmiş məkanın missiyasında bənzər məqamlara diqqət çəkib: “Müasir dizaynla qurulmuş qədim məkanda 100 il əvvəl yaradılmış əsərə müasir və fərqli təqdimatda baxdıq. Siz də Azərbaycanın maarifçilik ənənələrini yeni, müasir üsullarla, bəzən qeyri-standart yanaşmalar tətbiq etməklə davam etdirirsiniz. Burada da paralellik olduğunu düşünürəm. Bu tədbirin xoş xatirə olaraq yaddaşlarınızda qalacağına inanıram”. 

 

Gənc müəllimlərin potensialı böyük bir gücə çevrilə bilər

 

Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov gənc müəllimlərə böyük ehtiyac olduğunu vurğulayaraq, onlara öz şəbəkəsini qurmağı təklif edib: “Sosial şəbəkələrdə bir yerdə olursunuz. Ancaq mənim nəzərdə tutduğum şəbəkəni Təhsil Nazirliyi koordinasiya edə bilər və fikrimcə, bu yolla gənc müəllimlərin potensialı böyük bir gücə çevrilə bilər”.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu gənc müəllimlərin müasir müəllimin üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiklərini deyib. O, müəllimliyi seçdikləri, bu ada layiq olduqlarını təsdiq etdikləri və Gənclər Günü münasibəti ilə iştirakçı müəllimləri təbrik edib.

 

Özümü tanıdım

 

Gənc müəllim Gülşən Yolçubəyli ölkənin ayrı-ayrı rayon və şəhərlərindən dəvət edilən müəllimlərlə belə bir maraqlı gün keçirə bildiyinə görə Təhsil Nazirliyinə təşəkkür edib. Quba rayonu Möhüc kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs deyən gənc müəllim ucqarda işləməyinin onun həyatında oynadığı rola xüsusi diqqət çəkib: “O kənddə mən özümü tanıdım. Şəhər mühitinin səs-küyündən, qələbəliyindən insan özünü görə, eşidə, hiss edə bilmir. Kənd isə başqadır.Yaşadığım evin ətrafında nə başqa ev, nə də insan var. Evimdən bir az aralı olan məktəbdə sadəcə, dərs dediyim uşaqlarla təmas qururam. Çoxları belə yerdə necə yaşadığıma təəccüblənirlər. Hətta şəbəkənin belə az-az tutduğu, sadəcə, radionun istifadə olunduğu kənddə öz səsini eşitmək, özünü görmək asanlaşır. Kənddəki evimdə özümü tək hiss etmirəm”. 

Bakı şəhərində anadan olan Gülnar İsmayılova da Bakıdan uzaqda, tamamilə fərqli mühitdə, ucqar kənd məktəbində dərs deməklə bağlı verdiyi qərara görə peşman deyil: “2017-ci il müəllimlərin mərkəzləşdirilmiş işə qəbul imtahanlarına qatıldım və uğurla müəllimlik fəaliyyətinə başladım. Daşkəsən rayonu Dəstəfur kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Şagirdlərimlə bir-birimizi çox sevirik”. 

Ağdaş rayonu Cardam kənd tam orta məktəbinin tarix müəllimi Anar İbrahimli, Beyləqan rayonu Tatalılar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Mürsəl Behbudlu, Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Uğurlu, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin tarix müəllimi Həbib Əlizadə, İsmayıllı rayonu İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı şagirdləri ilə ən yaddaqalan anlarını tədbir iştirakçıları ilə də paylaşıb. Ucqar kənd həyatının bir az gülməli, bir az acı, bir az da şirin anlarını başqa heç nə ilə əvəz etməyin mümkün olmadığını, bir çoxlarına qəribə gələn qərarlarının arxasında duracaqlarını qürurla söyləyiblər.

 

Bu da son

 

Gənc müəllimlərlə görüşə qatılan Marionet Teatrının təsisçisi Tərlan Qorçu gördükləri qarşısında təəccübünü gizlətməyib: “Bilmirdim ki, Bakıda, şəhərdə rahat evini, həyatını qoyub ucqar kənddə çoxsaylı çətinliklərə qatlaşaraq müəllimlik edən belə gənclər var”.

Onun təklifi ilə “Leyli və Məcnun”un oyunçuları tamaşanın gənc, fədakar, əzmli tamaşaçıları ilə xatirə şəkilləri çəkdirib.

Gənc müəllimlər bu gündən qalan xoş xatirələr, o xatirələri gözləri önündə hələ uzun illər sonra da canlandıracaq fotoşəkillər, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələrlə Marionet Teatrından ayrılıb, onları sinifdəki odun sobasının son közü də sönənə qədər gözləyən, baxışlarını yollarından ayırmayan şagirdlərinin yanına qayıdıblar.

 

Ruhiyyə DAŞSALAHLI

“Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: